ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı” iddiasını böyük çoxluqla qəbul edib. Üstəlik, Türkiyəyə iqtisadi sanksiya tətbiqini ehtiva edən təklifi də. İndi Senat və prezident Trampın qərarı gözləniləcək.
Bu zamana qədər ABŞ “erməni soyqırımı” iddiasını rədd edərək, bunun “böyük fəlakət” olduğunu söyləsə də, iddianın qəbul edilməsinin səbəbi əsla yeni sənədlər və ya məlumatlar deyil.
Nümayəndələr Palatasının bu qərarı qəbul etməsinin səbəbi Türkiyənin “Sülh çeşməsi” əməliyyatıdır. Bu, uzun müddət Türkiyəni oyalayaraq ləngitdirdiyi əməliyyatın reallaşmasına, YPG-nin sərhəddən 30 kilometr geriyə çəkilməsinə təpki olaraq alınmış qərardır. ABŞ-ın dəstəyi ilə PKK-PYD-YPG-nin Türkiyə ilə sərhəddə yaratdığı kantonların birləşməsiylə bütünləşəcək dövlətcik layihəsinin hələlik çökməsi ABŞ-ı narahat edib və o, Nümayəndələr Palatasında Türkiyəni “soyqırımçı” adlandırıb.
Tarixin təkzib etdiyi iddia
Şübhəsiz, köçürülmə ağrılı bir hadisədir. Ancaq bu illər ərzində çox böyük sürgünlərə məruz qalan təkcə ermənilər deyil ki. Türklər də böyük əzablara düçar olub və ermənilərin qırğınlarına məruz qalıblar.
Tarixi faktlar göstərir ki, türkləri və Türkiyəni “soyqırımçı” elan etmək gerçəklərin təkzib etdiyi iddiadır.
Öncəki yazılarımda da bu mövzudan bəhs etmişəm, uzun illər Türkiyəni beynəlxalq parlamentlərdə təmsil etmiş Uluç Gürkan “Erməni Problemini Anlamaq” kitabında bu tərifdən istifadə edir:
“Bu yaxınlarda soyqırım iddialarının əsası kimi təqdim olunan köçürülmə (məcburi köç) 1949-cu il Cenevrə Konvensiyasının 1977-ci il Əlavə 3 Protokoluna uyğun olaraq hərbi zərurət halı kimi qiymətləndirilmə üçün açıqdır. Birinci Dünya müharibəsi şəraitində Osmanlı ermənilərinin silahlı üsyanı və Osmanlı torpaqlarını işğal edən Çar Rusiyasının mövcudluğu deportasiya təcrübəsinin hərbi zərurət baxımından qiymətləndirilməsini əsaslandırıb”.
Soyqırımı hesab etmək üçün bir fəlakətin müəyyən şərtləri olmalıdır. Türklər etnik erməniləri yox etmək və ya kökünü qurutmaq məqsədi ilə hərəkət etməyiblər. 1915-ci il hadisələrini bu cür şərh etmək yalnız siyasi səydir. Türkləri və Türkiyəni soyqırımçı elan etmə səyinin. Halbuki türklərin tarixində soyqırımı deyilən bir şey yoxdur.
Malta sənədləri niyə açıqlanmır?
“Erməni soyqırımı” iddialarını rədd edən daha bir mühüm hadisə məşhur Malta hadisəsidir. İttihad və Tərəqqi Komitəsinin rəhbərləri niyə Maltaya aparılıb? Malta hadisəsinin mənası nədir?
İngilislərin İttihad və Tərəqqi Komitəsinin 141 hərbi və mülki məmurunu Maltaya aparmalarının və 1919-1921 illəri arasında həyata keçirilən dindirilmələrin səbəbi “erməni soyqırımı” iddiasını araşdırmaq idi. Bu araşdırmanı İngiltərənin Baş prokuroru aparıb.
Baş prokuror dəlil tapmaq üçün çox səy göstərib.
İngiltərə Baş Prokurorluğu ABŞ, Misir, Qafqaz və İraqda “erməni soyqırımı” iddiasına dair çoxlu dəlil axtarıb, lakin tapa bilməyib.
Uluç Gürkanın “Erməni Problemini Anlamaq” kitabında vurğuladığı kimi, Kral Britaniya baş prokuroru “erməni soyqırımı” iddiaları üçün heç bir hüquqi dəlil tapmayıb. Məhkəmə işinə ehtiyac olmadığı qənaətinə gəlinib. Baş Prokurorluğun qərarı ilə Maltada tutulanlar sərbəst buraxılıb.
Malta istintaqında soyqırımına dair hər hansı bir dəlil olsaydı, almanların Holokosta görə mühakimə olunması üçün qurulan Nürnberq məhkəməsinə bənzər bir şey baş verərdi. Millətlər Liqasında bu yöndə hazırlıq görülüb, lakin Krallığın Baş Prokurorluğu cinayət məsuliyyətinə cəlb olunmamaq barədə qərar qəbul edib, yəni məhkəmə araşdırması olmayıb.
Ermənilərin seçimi
Gürkanın sənədlərə əsaslanan kitabını oxumağa davam edək:
“Bəzi amerikalı missionerlərin hesabatlarından göründüyü kimi, ermənilər deportasiya qərarından əvvəl ələ keçirdikləri kəndlərdə zülmlər ediblər. Osmanlı torpaqlarını işğal edən Rusiyanı xilaskarı sandılar və nəinki onu dəstəklədilər, həm də onun tərəfində vuruşdular. Bu vəziyyət Osmanlı hökumətini problemi uzun müddət istifadə etdiyi köçürmə üsulu ilə həll etmək qərarına yönləndirdi. Ancaq Osmanlı hökumətinin erməni millətini məhv etmək planı və qərarına dair ciddi bir dəlil yoxdur”.
Uluç Gürkan tez-tez vurğulayır ki, ingilislər Malta sənədlərini elan etsə, “erməni soyqırımı” iddiasının əsassızlığı ortaya çıxacaq.
ABŞ Nümayəndələr Palatası, ondan əvvəl eyni qərarı qəbul etmiş ölkələr kimi, türkləri” soyqırımçı”olaraq göstərmək və bir milləti günahlandırmaqla, nifrət cinayəti törədib.
Paylaş: