Xəbər lenti

ABŞ prezidenti Co Bayden bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order verməsi əsaslı qərardır. O eyni zamanda vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi çox sərt mövqe tutub.

Doğrudanmı Beynəlxalq Cinayət Məhkəməsi sərt mövqe tutub? Bu qərar Putinin hakimiyyətini laxlada bilərmi?

Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order verməsi məsələsi bütün dünyada müzakirə olunur. Bu cür radikal addımların atılması ilə, qəti qərarlarla müharibəni dayandırmaq niyyətinin güdüldüyü hiss olunur.

Politoloqun sözlərinə görə, bu səbəbdən ABŞ prezidenti Co Bayden həbs orderinin əsaslı qərar olduğunu bildirib:

"Lakin biz görürük ki, Putinin hazırkı müharibə şəraitində ölkəsindən kənara getməsi tez-tez baş vermir. Müxtəlif görüşlər, tədbirlər, təmaslar, dialoqlar əsasən Moskvada olur. Rusiyanın müttəfiqi Belarusun lideri Aleksandr Lukaşenkonun da Putinin fikirlərini, mövqeyini ifadə etmək üçün müxtəlif səfərlərdə iştirak etdiyini görürük. Məsələn, Lukaşenkonun İran səfəri.

Düşünmürəm ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı köklü şəkildə Putinin planlarına, hazırkı müharibəyə təsir göstərəcək. Çoxları bunu kağız parçası adlandırır. Lakin Rusiya tərəfindən də nəzərə alınmalı bir məqamdır. Çünki beynəlxalq hüquqda Roma Statutuna üzv olan dövlətlər bu qərarı icra etmək məcburiyyətindədirlər. Postsovet məkanında bəzi dövlətlər Roma Statutuna qoşulub. Burada Gürcüstan, Moldova və Tacikistanın adını çəkmək olar. Onu da nəzərə almalıyıq ki, əhəmiyyətli dövlətlər birbaşa olaraq Roma Statutunun iştirakçılarıdır. Onlar üçün hazırkı qərar çox mühüm əhəmiyyət kəsb edir və icbari xarakter daşıyır. Ona görə də Qərb tərəfi və onun institutları, təzyiq etmək qabiliyyətində olan təsisatları məhz Qərbin planlarına uyğun olaraq Putinə qarşı bu cür fikirlər ifadə edirlər, hüquqi sənədlər müəyyənləşir. Təbii ki, Putinin imicinə mənfi təsir göstərən bir sənəddir. Lakin Rusiya lideri qarşısına qoyduğu məqsədlərə çatmayana qədər hansısa təsisatın, məhkəmənin qəbul etdiyi qərar onun planlarına böyük ölçüdə təsir göstərməyəcək".




Ana səhifəyə qayıt        Baxış: 3 113          Tarix: 18-03-2023, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma