Xəbər lenti

ABŞ-ın keçmiş prezidenti Donald Tramp verdiyi açıqlamalarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, o, Manhetten Prokurorluğunun istintaqı ilə əlaqədar gələn həftənin çərşənbə axşamı həbs olunacağını gözlədiyini açıqlayıb və buna görə də etirazlara çağırıb.

"İndi korrupsioner, yüksək siyasi xarakter daşıyan, cinayətlərində yeni rekordlar qırmağa çalışan və rəhbəri Corc Soros tərəfindən maliyyələşdirilən Manhetten Baş Prokurorluğunun baş ofisindən gələn qanunsuz sızıntılar göstərir ki, heç bir cinayəti sübuta yetirilməyən, köhnə və tamamilə təkzib edilmiş nağıllara əsaslanaraq, Respublikaçıların prezidentliyə namizədi və keçmiş ABŞ prezidenti gələn həftənin çərşənbə axşamı həbs olunacaq. Etiraz edin, ölkəmizi geri alın!" - Tramp deyib.

Tramp həbsini nə üçün gözlədiyini açıqlamayıb, lakin onun vəkillər komandası Amerika mediasına danışaraq, keçmiş ABŞ liderinin ittiham aktını gözlədiyini və növbəti addımlara hazırlaşdığını bildirib.

"Zorakı cinayətkarları azad edən radikal prokuror prezident Trampdan siyasi qisas almaq üçün səlahiyyətindən sui-istifadə edir... Mən müvafiq komitələrə federal fondların seçkilərə müdaxilə edərək, siyasi motivli məhkəmə iddialarından demokratiyamızı pozmaq üçün istifadə edilib-edilmədiyini dərhal araşdırmağı tapşırdım" - Respublikaçılar Nümayəndələr Palatasının spikeri Kevin MakKarti bildirib.

Trampın tərəfdarlarından olan Respublikaçı Marjorie Taylor Greene deyib: "Baydenin Ədliyyə Departamenti Demokrat Manhetten prokuroru ilə əməkdaşlıq edərək 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə ən məşhur namizəd olan Donald Trampı həbs etmək və onu köhnə, saxta ittihamla mühakimə etmək üzərində işləyir. Bu, sırf siyasidir. Bu, kommunist ölkələrinin siyasi rəqiblərini məhv etmək üçün etdikləri şeydir".

Nümayəndələr Palatasının keçmiş spikeri, demokrat Nensi Pelosi isə məhkəməni dəstəkləyib.

Tesla və SpaceX-in qurucusu, milyarder İlon Musk da məsələyə maraqlı münasibət bildirib. O qeyd edib ki, Tramp həbs olunarsa, o, böyük bir qələbə ilə qayıdacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 579          Tarix: 20-03-2023, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma