Xəbər lenti

 

Artıq bir müddətdir, ABŞ Prezidenti Donald Trampa qarşı etimadsızlıq mexanizmi işə düşüb. ABŞ Konqresinin  Nümayəndələr Palatası Demokratlar Partiyasının başladığı təhqiqatı palatanın komissiyalarında müzakirə edərək, müsbət rəy aldıqdan sonra müzakirəyə çıxarıb və səs çoxluğu ilə impiçment prosedurunun işə salınması barədə qərar qəbul edib. Artıq bununla bağlı ABŞ Senatında dinləmələr başlandığı bildirilir.Prezident Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb. Bu barədə şәxsi internet sәhifәsindә münasibətini açıqlayan Prezident Tramp mövzu ilә bağlı detalları öyrəndikcə, baş verənlərin impiçment deyil, çevriliş olduğunu irəli sürüb.

Tanınmış hüquqşünas, baş ədliyyə müşaviri ADİL MİNBAŞI ilə söhbətimiz də elə bu məsələlər ətrafındadır. 

– ABŞ Konqresində impiçment prosedurunun işə salınmasından sonrakı gedişinin necə olacagı, gözlənilən nəticələr barədə mən yalnız öz subyektiv mülahizələrimi, təhlillərimə görə gəldiyim qənaətləri sizinlə bölüşə bilərəm.

Formal olaraq Respublikaçılar Partiyasının impiçment prosedurunu işə salmasına ABŞ Prezidenti Donald Trampın bu il iyul ayın 25-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı səbəb olub. Konqresin Nümayəndələr Palatasının gəldiyi nəticəyə görə, Donald Tramp prezident kimi səlahiyyətlərindən şəxsi məqsədləri üçün sui-istifadə edərək, Ukrayna prezidentinə təzyiq göstərib, növbəti prezident seçkilərində rəqibi olacaq Cozef Baydeni sıradan çıxarmaq üçün onun oğlu Xanter haqqında cinayət təhqiqatı başlanmasına təhrik edib.

İddiaya görə, Tramp bununla xarici dövlətin ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə cəhd göstərib.

Burada məsələnin iki vacib – siyasi və hüquqi tərəfi mövcuddur. Nümayəndələr Palatasının hazırki qiymətləndirməsində siyasi motivlər dominant olsa da, gedişatda hüquqi qiymətləndirmə önə çıxacaq və nəticəyə daha ciddi təsir göstərəcək. Ona görə də təhlil hər iki istiqamətdə aparılmalıdır. İmpiçment prosedurunun işə salınmasına qədər yaranmış siyasi situasiyanı və tərəflər arasında qarşıdurmaya  səbəb olan məsələnin mahiyyətini açmasaq, cavabların bir çoxu qaranlıq qala bilər. Ona görə də, yaxşı olar ki, öncə siyasi təhlildən başlayaq.

Sona çatmaqda olan 2019-cu ildə dünyanın  bir çox ölkələrində – Fransa, İspaniya,  Argentina, Çili, Boliviya, Livan, İraq, Ekvador  və Venesuelada dövlət başçılarına qarşı kütləvi narazılıqların baş verdiyini nəzərə alsaq və ABŞ prezidentinə qarşı etimadsızlıq məsələsinin də həmin hadisələrdən biri kimi qiymətləndirsək, bu, sıradan bir hadisə kimi görünə bilərdi. Amma mahiyyətinə görə qiymətləndirsək,  görərik ki, bu məsələ ciddi şəkildə fərqli və nəticələrinə görə qlobal təsir gücünə malikdir.

– “Mahiyyətinə və nəticəsinə görə fərqli” deyərkən, nəyi nəzərdə tutursunuz?

– Bayaq sadaladığımız bu dövlətlərdə kütləvi iğtişaşlarla ifadə olunan etimadsızlıq sosial, iqtisadi və hüquqi problemlərdən qaynaqlanan ölkədaxili məsələlərdir, onların  nəticələrinin bir ölkə daxilindən kənara çıxa biləcək qədər qlobal təsir gücü yoxdur. ABŞ-a gəlincə, bu ölkədəki statistik göstəriciləri nəzərdən keçirsək, görərik ki, iqtisadi inkişaf, sosial təminat, işsizliyin azalması və digər sahələrdə göstəricilər Barak Obama və xüsusilə Corc Buş dövründəki göstəricilərdən xeyli dərəcədə yüksəkdir. Ən azından ölkədə bu səbəblərdən yaranan narazılıq kütləvi deyil. Onda sual yaranır: bəs, nədən Tramp hakimiyyətə gələndən siyasi elitanın ona qarşı etirazları səngimir və indi də bu impiçment məsələsi nəyə görə ortaya çıxıb?

Sirr deyil ki, ABŞ siyasi səhnəsinin kluarlarında, daha doğrusu, səhnənin görünməyən tərəfində Trampı siyasi cəhətdən sıradan çıxarmaq və hakimiyyətdən uzaqlaşdırmaq uğrunda savaş gedir. Cavab çox sadədir – Trampın dünyanın dəngəsini dəyişmək istəyən gizli güclərin istəklərinə tabe olmaması və onların planlarına qarşı hərəkət etməsi. Ona görə də bu məsələnin necə həll ediləcəyi təkcə ABŞ üçün yox, gələcək proseslərə ciddi  təsir baxımından bütün dünya üçün qlobal xarakter daşıyır. Məsələnin məhz indi – növbəti seçkilərə bir ildən də az qaldığı vaxtda kulminasiya nöqtəsinə çatdırılması isə Trampın növbəti müddətə prezident seçilməsinə mane olmaq məqsədi güdür.

– Bəs, bu güclər kimlərdir?

– Trampa qarşı rəsmi savaş açan tərəf kimi, səhnədə Demokratlar Partiyası görünsə də, onun arxasında ümumi leksikonda “dərin dövlət” termini ilə ifadə edilən, Amerika  üçün isə, mənim nəzərimcə, “qanunsuz gizli paralel dövlət” deyilməsi doğru olan çox nəhəng gücün geniş şəbəkəsi dayanır.

– Maraqlıdır, “dərin dövlət”, demək olar, bütün hallarda qanunsuz fəaliyyət göstərən  gizli təşkilatlar haqqında işlənir. Amma siz Amerika üçün nədənsə fərqli məna daşıyan fərqli ifadə işlədirsiniz…

– Mövzudan uzaqlaşmamaq üçün, “dərin dövlət” ənənələrinin tarixinə girmədən, qısaca onu deyim ki, bu anlayış müasir siyasi tarixə Osmanlı imperiyasından miras qalıb. Dövlətçiliyə təhlükə yaradan şəxs və qurumlarla qanuni əsaslarla, hüquqi müstəvidə mübarizə effektsiz və mümkünsüz olduqda, dövlət xüsusi xidmət orqanları, polis, jandarma və sair güclərindən təşkil olunmuş gizli fəaliyyət göstərən qurum yaradır. Onlar bütün şəbəkələrdə fəaliyyət göstərə bilmək üçün qətl, silah və narkotik alverindən tutmuş terrora qədər hər cür qanunsuz fəaliyyətlə məşğul ola bilir və dövlət tərəfindən himayə edilirlər. Amma bütün bu qanunsuz fəaliyyətlərinə baxmayaraq, onların da ali bir məqsədi olur – dövlətin problemlərini həll etmək, ona xidmət göstərmək.

Amerikada isə bu güclər qlobalistlər olduğu üçün onların ali məqsədləri dünya hegemonluğuna sahiblənməkdir. Həm də onların əhatə dairəsi təkcə Amerika ilə məhdudlaşmır. Ona görə də onların maraqları Amerika xalqının və dövlətinin maraqları ilə üst-üstə düşməyə bilir. Fəaliyyət göstərdikləri dövlətlər, o cümlədən də qüdrətli dövlət olaraq ABŞ onlar üçün sadəcə bir fəaliyyət və istinad vasitəsidir. Bu, mənim şəxsi yanaşmamdır. Amma əgər əksəriyyətin qəbul etdiyi “dərin dövlət” termini daha diləyatandırsa, biz də ondan istifadə edək. İndiki halda məsələnin mövzuya aid olan məqamı onların necə adlandırılması deyil, bu güclərin maraqları ilə rəsmi ABŞ administrasiyasını təmsil edən Donald Trampın fəaliyyətinin  ziddiyyət təşkil etməsidir.

Fikrimizi bir az da konkretləşdirək. Dünyanın nəhəng bank-maliyyə sistemlərini, hərbi-sənaye kompleksini, energetika resurslarını əllərində cəmləşdirmiş oliqarxlar özlərinin hazırlayıb vəzifələrə yerləşdirdikləri və ya təsir-təzyiq yolu ilə ələ aldıqları kadrlar vasitəsilə təkcə Amerikada deyil, dünyanın əksər ölkələrində istədikləri qərarların qəbulunu reallaşdıracaq siyasi hakimiyyətə malikdilər. Amerikanı dünya jandarmı roluna sürükləməklə törədilən müharibələr onlara böyük sərvət və güc qazandırır. Hazırki vəziyyətdə Suriyada baş verənlərə, bu istiqamətdə gedən proseslərə nəzər salmaqla, Trampa əks qütbdə dayanan qüvvələr və onların gücləri barədə təsəvvür yaratmaq olar.

– Burada söhbət, yəqin ki, xırda maraq toqquşmalarından gedə bilməz. Ehtimal ki, narazılığın əsas səbəbi dünya ictimaiyyətinə də bəlli olan, türklərin “Orta Doğu projesi” dediyi, Amerikanın Yaxın və Orta Şərq layihəsinin Suriyada dalana dirənməsi və Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarması ilə bağlıdır. Bu, təkcə Amerikada deyil, Avropa dövlətlərində də böyük narazılığa səbəb olub.

– Layihənin müəllifi barədə fikirləriniz yanlışdır. Sizin də, bir çox nüfuzlu ekspert və siyasətçilərin də “Amerikanın “Orta Doğu projesi”” dediyi bu layihənin əsl müəllifi ABŞ deyil. Zaman-zaman edilmiş xırda əlavə və dəyişiklikləri nəzərə almasaq,  mahiyyəti dəyişməmiş bu layihənin 100 ildən çox yaşı var. Onun müəllifləri isə İngiltərə, Fransa və Çar Rusiyasıdır. Sonradan kiçik pay bölgüsünə İtaliya və Yunanıstanı da daxil ediblər.

Layihənin məqsədi Osmanlı imperiyasını parçalamaq, Ərəb ölkələrinin enerji resurslarını istismar edə bilmək üçün onları İngiltərə və Fransanın müstəmləkəsinə çevirmək olub. O zamanlar enerji resurslarına ehtiyacı olmayan Rusiyanın isə maraqları Qara dəniz hövzəsi daxil olmaqla İstanbula qədər ərazilərə sahib çıxmaq idi. Sözdə və gizli sənədləşdirmələrdə bununla razılaşan İngiltərə və Fransa, əslində, Rusiyanı öz tərəflərinə çəkib Osmanlıya qarşı güc kimi istifadə etdikdən sonra onu oyundan çıxarmağı planlaşdırırdı və belə də oldu. Birinci Dünya Müharibəsinin sonunda dağılan dörd imperiyadan ikisi Osmanlı və Rusiya imperiyaları oldu. Dünyanın 3 qitəsinə, 20,5 milyon kvadratkilometr əraziyə hökmranlıq edən Osmanlı imperiyası uzun bir tarixi dövr üçün dünya siyasətində söz demək gücünü itirən, ərazicə əvvəlkindən dəfələrlə kiçik Türkiyə Respublikasına çevrildi (Türkiyə indi-indi özündə güc tapır). Rusiya isə Sovet İttifaqı formasında yenidən imperiya gücünü bərpa etdi və yenidən layihənin aktiv oyunçusu sırasına qayıtdı.

ABŞ isə tədricən güclü dövlətə çevrildikcə bu iddia ortaya çıxdı. SSRİ dağıldıqdan sonra təkqütblü dünyanın yeganə hegemon dövləti olaraq bu layihəni təkbaşına icra etmək, istədiyi müttəfiqini seçmək və cüzi pay verib-verməyəcəyini qərarlaşdıracaq gücə malik yeganə oyunçu oldu. Tramp bu layihədən imtina edə bilməz, bu, Amerika dövlətinin iqtisadi-siyasi maraqlarına zidd çıxmaq olar və hakimiyyətin itirilməsi ilə nəticələnə bilər.

SSRİ-nin nüfuzu artmağa başlayandan və İkinci Dünya Müharibəsində tam qələbəsindən sonra layihə, təxminən, 60 il onun təzyiqi ilə “yumşaq güc” tətbiq olunmaqla reallaşdırılmaqda davam edib. Təxminən, son 20 il ərzində, gizli hazırlıqlardan sonra 2002-ci ildə ata Corc Buşun “ABŞ öz sərhədlərindən kənardakı hadisələrə də müdaxilə edəcək” tezisi ilə bu prosesə yenidən “start” verdiyi, əsrin əvvəlində Fransa və İngiltərənin tətbiq etdiyi amansız, dağıdıcı “sərt güc” metodunun tətbiqinə başlanıldı.

Bir dövlətin öz maraqlarını başqa bir dövlətdə reallaşdırmaq cəhdi normal, güclü dövlətlərin isə bunu sərt və bəzən zorakılıqla eməsi isə, acı da olsa, reallıqdır. Ancaq bunun da bəşəri dəyərlərə söykənən bir həddi, ölçüsü olmalıdır. Barbarların Avropaya qəsbkar hücumlarını vəhşiliyin ən ağır forması kimi lənətləyən “mədəni” və “humanist” Avropa dövlətləri eyni əməlləri sadəcə, üz qabığını gizlətməklə elə amansız və fitnəkar formada həyata keçirir ki, sağlam ağla və məntiqə də sığmır. İngiltərə və Fransanın əsrin əvvəlində törətdikləri əməllərin tarixinə baxmadan bu gün Yaxın və Orta Şərqdə törədilən əməllərin, tətbiq edilən üsulların xüsusiyyətlərini açmaq çətin olur. Bu gün artıq dünyanın çox nüfuzlu mütəxəssislərinin, hüquq araşdırmaçılarının və siyasətçilərin ortaya qoyduğu ciddi faktlara baxmayaraq, sağlam məntiqə istinad edən əksər insanlar inanmaq istəmir ki, Amerika beynəlxalq hüququn üzərindən adlayıb Ərəb ölkələrini işğal etmək üçün həmin ölkələrdə terror təşkilatları yarada və Nyu-Yorkdakı “Əkiz qüllə”ləri məhv edə bilər. Bu barədə artıq daha geniş danışılmağa başlanıb. Problemlərin içərisində olan və onun ağırlıqlarını yaşayan Türkiyə müttəfiqi ABŞ-la münasibətləri qorumaq xatirinə nə qədər diplomatik dözüm göstərsə də, sonunda Prezidenti Rəcəb Tayyib Ərdoğan bu faktları dünyaya car çəkmək məcburiyyətində qaldı. Həm də bu təhlükəli faktları artıq təkcə Ərdoğan və ayrı-ayrı müstəqil siyasətçilər dilə gətirmir. Vəziyyət o həddə çatıb ki, hətta ABŞ Prezidentinin rəsmi sözçüsü də açıq məlumat yaydı ki, “dərin dövlət” Amerikanın demokratik təsisatlarıını dağıtmağa çalışır. “Amerikanın vicdanı” adlandırılan Pastor Bill Qrin ölümündən əvvəl “Foxs News” telekanalında Amerika xüsusi xidmət orqanlarının Donald Trampa qarşı xüsusi plan hazırladığıını xalqa elan etdi.

– Amma dünya ictimaiyyəti, xüsusilə Amerikanın özündə insanlar bunun əksinə inandırılır deyə, onlar deyilənləri fakt kimi qəbul etmirlər. ABŞ və Türkiyə prezidentlərinin görüşündə Ərdoğan da çox faktları görüş iştrakçılarının və mətbuat nümayəndələrinin nəzərinə çatdırdı. Görək, nəticəsi necə olacaq? Yəqin, yaşlı nəsil xatırlayar, Vyetnamla müharibənin mahiyyəti amerikalılara aydın olduqda müharibə məhz ictimaiyyətin təzyiqi ilə dayandırıldı. Əgər əsl həqiqətlər amerikalılara bəlli olsa, çox şey dəyişə bilər.

– Bilirik ki, Qərb ideologiya maşını faktları təhrif etməyin, onlarla manipulyasiya aparmağın mahir ustasıdır və əlində kütləvi hipnoz yaratmaq gücündə olan böyük və güclü media var. Amma qarşı – zərərçəkən tərəf  də bu tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində ideoloji fəaliyyətini aparmalıdır.

– Qeyd etdiniz ki, əməllər bəzən o dərəcədə ustalıqla həyata keçirilir ki, sağlam məntiq bunu qəbul etmir. Buna misal olaraq ABŞ-ın Ərəb ölkələrinə qoşun yeridə bilmək üçün həmin ölkələrdə terror təşkilatları yaratması və öz ərazisində insanların məhvi ilə nəticələnən aksiya təşkil etməsinin mümkünlüyü çoxlarına inandırıcı görünmür. 

– Siyasi mübarizə metodları içərisində  bunlar o qədər çirkin metodlardır ki, əslində, özünü mədəni, demokratik sayan heç bir dövlət bunların tətbiqini rəva bilməməlidir. Halbuki bunlar, dediyim kimi, həmin dövlətlərin tarixən tətbiq etdikləri ənənəvi metodlardır. Gəlin, mən sizə eyni məkanda, eyni məqsədlə törədilmiş əmllərin eyni səbəbini və eyni tarixi örnəklərini göstərim.

Layihənin yaranmasının səbəbi, yəqin ki, hamıya bəllidir: daxili yanma mühərrikinin kəşfi ilə əl əməyinə və buxar maşınına söykənən sənayeləşmə dövrünün bitməsindən aydın oldu ki, dövlətlərin gələcəyi karbohidrogen enerjisi ilə çalışan sənayeləşmənin təmin edilməsindən asılıdır. Həmin vaxt bu enerjinin əsas mənbəyinin Osmanlı imperiyasının tabeliyindəki Ərəbistan olduğu aşkar edilmişdi. Buna sahib olmaq üçün yuxarıda qeyd etdiyimiz ssenari hazırlandı və işə salındı.

– Adil müəllim, yeri gəlmişkən, xatırladaq ki, qondarma erməni soyqırımının tarixi də bu hadisələrdən başlayır.

– İngilislər ərəblərə saxta vədlər verib onları silahlandırdığı kimi, Çar Rusiyası da öz müttəfiqləri ilə birlikdə eyni ssenari üzrə Van, Qars və sair torpaqları vəd etməklə erməniləri silahlandırdılar və Türkiyənin daxilində vətəndaş müharibəsi təşkil etdilər. Günümüzdə Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunan qondarma erməni soyqırımının da bəhanəsi vətəndaş qırğının qarşısını almaq üçün ermənilərin köçürülməsi oldu.

İngilislərlə fransızların tətbiq etdiyi siyasətə qayıdaq. Bir tərəfdən Şam xristian missionerləri Osmanlı əsarətindən azad Xilafəti bərpa edəcəkləri vədi ilə ərəbləri ümumi mübarizəyə qaldırdılar. Digər tərəfdən isə İngiltərə və Fransa mübarizənin dolaşıq və davamlı olması üçün onları müstəqil dövlətlər kimi tanıyacaqlarını vəd etdilər.

Oxuculara aydın olsun deyə, qeyd edim ki, Ərəb Xilafəti dövründə və Xilafətin Osmanlıya keçdiyi 16-cı əsrdən sonra da ərəblər indi tanıdığımız İraq, Suriya, Liviya və s. ayrı-ayrı dövlətlər statusunda mövcud deyildi. Bütün tayfa və əşirətlərin İslam dini mənsubiyyətinə görə birləşdiyi Xilafətin vahid təbəələri idi. İngiltərə və Fransa əraziləri öz aralarında necə böləcəklərinə uyğun onların etnik, məzhəb və s. fərqliliklərinə görə qruplaşdıraraq indiki dövlətlərin sərhədlərini müəyyənləşdirdilər. Bu bölgü həm də ona görə lazım idi ki, gələcəkdə bu dövlətləri də bir-birinə vuruşdurmaqla hökmranlıqlarının davamlı olmasını təmin edə bilsinlər. Necə ki, indi vuruşdururlar. Baxın, bir tərəfdən Şərif Hüseyn və onun başçılıq etdiyi qruplar Xilafətin Osmanlı əsarətindən xilas edilməsi, digər qruplar isə müstəqil ərəb dövlətlərinin qurulması uğrunda silahlandırılıb mübarizəyə qaldırıldığı bir vaxtda Təşkilatçı dövlətlər 1915-16-cı illərdə “Sayks-Piko” və “Sevr sülhü” gizli  razılaşmaları ilə ərazilərin bölünməsini təmin etdilər. 1920-ci ildə isə Millətlər Liqasının Əsasnaməsinə əvvəlcədən daxil etdikləri belə bir müddəaya əsaslandılar ki, mədəni cəhətdən inkişaf etməmiş və müstəqil dövlətcilik qabliyyəti olmayan xalqlara “mədəni dövlətlər”dən qəyyum təyin olunmalıdır. Əsasnamənin 22-ci maddəsinə “istinad olunaraq” İngiltərə və Fransa əvvəlcədən böldükləri ərazi-dövlətlərə “Qəyyum” təyin olunmalarla hakimiyətlərini hüquqi cəhətdən də təsbit etdilər.

İndi gəlin, tarixi ssenarini müqayisə edək:

100 il bundan əvvəl Şərif Hüseyn və tarixçi olmadığım üçün adlarını bilmədiyim şəxslər və qruplar silahlandırılırdı, indi – Abdullah Öcalan, Bin Laden, Bəkir Əl Bağdadi, dəstələri isə – “Əl Qaidə”, “Əl Nusra”, PKK və sair!

100 il əvvəl müstəqil Ərəb xilafəti və müstəqil ərəb dövlətləri vədi ilə maliyyələşdirir və silahlandırırdılar – indi müstəqil islam dövləti və müstəqil kürd dövləti vədi ilə!

Nə 100 il əvvəl, nə də indi ssenari müəlliflərini ərəblərin, kürdlərin xoşbəxtliyi və gələcəyi qətiyyən maraqlandırmır. Öz maraqları üçün qurulmuş oyunlar idi, elə olaraq da qalır!

Yerinə düşər ki, ssenarilərdəki eynilik təşkil edən bir məqamı da xüsusilə qeyd edək. Yaxşı olar ki, bu faktlardan həm də  aldadılıb silahlı qırğınlara cəlb edilmiş tərəflər də nəticə çıxarsınlar. Türkiyənin “Sülh çeşməsi” əməliyyatlarını aparmasına şərait yaratmaq üçün ABŞ hərbi qüvvələrini Suriyadan çıxaranda bir ifadə çox işlənməyə başlandı: “Donald Tramp kürdləri satdı”. 100 il əvvəl isə deyilirdi ki: “İngiltərə və Fransa ərəbləri satdı”, “Çar Rusiyası da erməniləri satdı”.

– Maraqlıdır, niyə Amerika satdı yox, Tramp satdı deyirlər?

– Özləri bilirlər ki, onların “patronları” Amerika dövlətidir. Hazırda həmin güclərin maliyyələşməsi, hərbi təlim və hazırlıqların keçirilməsi, silah-sursatla təmin edilməsində digər dövlətlər – həmin coğrafiyanın bölünməsindən pay qoparmağa cəhd göstərən İngiltərə, Fransa və bölgə dövlətlərinin zəif, parçalanmış vəziyyətdə qalmasına çalışan İsrail də iştirak edir. İndi bu dövlətlərin hər biri Tramp administrasiyasından əvvəl “dərin dövlətin” təzyiqi ilə ABŞ-ın reallaşdırmağa başladığı planın dəyişdirilməsinə qarşıdırlar. Yuxarıda qeyd etdiyimiz kimi, yalnız Tramp bu metoddan imtina edir. Ona görə də Amerika yox, “Tramp satdı” deyirlər.

– Amerikanın özündə ayrı-ayrı siyasətçilərin rəylərində, mətbuat orqanlarında, televiziya kanallarında gedən materiallarda Donald Tramp barəsində yayılan mənfi fikirlərə baxmayaraq, deyirsiniz ki, o, amansız, sərt güc tətbiq olunmasına qarşıdır. Yəni Tramp o dərəcə humanist adamdır ki, bu qədər böyük riskləri gözə alaraq Yaxın və Orta Şərqdə silahlı güc tətbiq olunmasına qarşı çıxır, yoxsa dediyimiz o layihədən, ümümiyyətlə, imtina edir?

– Məsələ Trampın humanist və ya qeyri-humanist olmasında deyil. Mahiyyətcə nə “sərt güc” metodunun tətbiqi, nə də layihənin əvvəlki təşkilatçılarının layihədə qalması Amerikanın indiki maraqlarına uyğun deyil. Bayaq dediyim kimi, Tramp bu layihədən imtina edə bilməz. Burada söhbət metodların və şəriklərin dəyişməsindən gedir. Şəxsi təhlillərimdən irəli gələn bəzi fikirlərimin mübahisə doğura biləcəyini də nəzərə alıram. Ancaq müşahidə edirəm ki, indiki ABŞ administrasiyası geosiyasi kursunu əsaslı şəkildə dəyişmək istiqaməti götürüb. Bunun səbəbi hazırda tətbiq olunan və sözdə yumşaq səslənən “sərt güc” metodunun arxasında böyük coğrafiyada uzun illərdir davam edən qanlı müharibələr, dağıdılmış ölkələr, şəhərlər, evlər,  yüzminlərlə insan təlafatı, əsrin ən böyük qaçqın köçü, bütün dövlətlərin rahatlığını əlindən almış terror dəstələri və terror qorxusu dayanır. Bu, bütün dünyada Amerikanın nüfuzuna zərbə vurmaqla bərabər, həm də ona artıq trilyonla ölçülən böyük xərclər hesabına başa gəlir. Qazanan isə həmin o gizli güclərdir. Bunlar, ABŞ-ın  maraqlarına zidd olan və onu siyasətini dəyişməyə məcbur edən açıq səbəblərdən biridir.

Digər səbəb isə odur ki, dünyada qüvvələr balansının dəyişməsi ilə əlaqədar bəzi dövlətlərin və güclərin zərurilik faktoru da dəyişib. Mübahisəli qəbul edilsə də, zənnimcə, ABŞ-ın geosiyasi maraqları üçün Avropanın bütövlükdə əhəmiyyəti minimuma enib. Bu, digər faktorla yanaşı, əsasən artıq mövcud olmayan SSRİ-nin Avropada genişlənmək təhlükəsinin aradan qalxması ilə əlaqədardır. ABŞ Avropanın  bütün yükünü və xərclərini üzərindən atmağı planlaşdırır. Mənim qənaətimə görə, hətta  İngiltərənin Avropa İttifaqından çıxmaq istəməsi də bu planın tərkib hissəsidir. Avropada yalnız İngiltərə ilə quracağı siyasi, hərbi, iqtisadi əməkdaşlıq ABŞ-ı qane edir və onu eyni münasibətləri bütün Avropaya tətbiq etmək məcburiyyətindən də qurtarır. Hətta hesab edirəm ki, hazırkı mərhələdə Amerikaya güclü Avropa lazım deyil.

– Sizin fərqli, amma dəqiq proqnozlarınızın əvvəllər də şahidi olmuşuq. ABŞ-la İran münasibətlərinin ən gərgin vaxtında, hətta ABŞ Prezidenti Donald Trampın İrana qoşun yeridəcəyinin an məsələsi olduğunu elan etdiyi bir ərəfədə siz İranın ABŞ “dərin dövləti” ilə gizli danışıqlar apardığını və müharibənin olmayacağını demişdiniz. Bu fikriniz qeyri-inandırıcı təsir bağışlasa da, bir neçə ay sonra İsrail agentliyi Ayətulla Xomeyinin nəvəsinin rəhbərliyi ilə, bu günlərdə isə İranın Energetika Təşkilatının rəhbəri Əli Əkbər Salehinin başçılığı ilə ABŞ-la gizli danışıqlar apardığı barədə məlumatlar üzə çıxdı. İndiki proqnozunuz da çox iddialı proqnozdur…

– Bildiyiniz kimi, Rusiya və Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara, onların Suriyada nəzarəti ələ götürməsinə ABŞ nəinki loyal yanaşdı, hətta Türkiyənin hərbi əməliyatlar aparmasına mane olmamaq üçün hərbi qüvvələrini Suriyadan çıxarmaqla ona şərait yaratdı. Fransanın təşəbbüsü, Avropa dövlətlərinin dəstəyi ilə Türkiyəni Suriyadan çıxmağa məcbur edəcək sanksiyaların tətbiqi məqsədi ilə çağrılan BMT Baş Assambleyasında ABŞ-ın da veto qoyması ucbatından qərar qəbul etmək mümkün olmadı. Amerikanın özündən və Avropadan olan bütün təzyiqlərə baxmayaraq, Donald Trampın Türkiyəyə sanksiyalar tətbiq olunmasını əngəlləməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək səviyyədə qəbul etməsi bu görüşün baş tutmamasına çalışan bütün qüvvələri məyus etdi.

Bu istiqamətdə davam edən digər siyasi prosesləri də şərh etmək olar. Fransa Prezidenti Makronun son həyəcanlı çıxışları Avropanın artıq öz başına çarə qılmaq çabaları kimi dəyərləndirilməlidir. Bütün bunlar Avropaya olan münasibətin nə dərəcədə dəyişdiyini aydın göstərir. Ancaq niyə dəyişdiyini və bu gedişin nəyə hədəfləndiyini düşünəndə bugün üçün qeyri-real görünən yeganə bir cavab ağla gəlir. ABŞ yeni – biopolyar – üçqütblü dünya düzənini formalaşdırmağı planlaşdırır. Bu gün təkcə dünyanın təkqütblü – bir hegemon güc tərəfindən idarə olunmasından əziyyət çəkən dövlət başçıları, onun siyasi dairələri deyil, bir çox tanınmış bitərəf siyasətçilər də təkqütblü idarəçiliyin doğru olmadığını, onun ağır nəticələr yaradacağını əsaslandıraraq biopolyar idarəçiliyə dönüşə üstünlük verirlər. Burada sohbət hazırda ABŞ-ın belə bir reallığı qəbul edib-etməməsindən gedir. Donald Trampın BMT Baş Assambleyasındakı çıxışındakı bəzi ifadələri müsbət eyham kimi də yozmaq olar, ancaq bu məsələdə faktlardan çox məntiqə söykənmək daha doğru nəticəyə aparar. Mən bunun Amerika üçün qaçılmaz olduğunu 10 il əvvəlki müsahibələrimin birində qeyd etmişəm. Hətta ABŞ-ın o vaxtkı administrasiyasının öz müttəfiqi olan Türkiyəni zəif və itaətkar dövlət kimi saxlamaq cəhdini tənqid edərək, demişdim ki, ABŞ-a güclü, hətta bir qədər də millətçi Türkiyə lazım olacaq. İndi isə belə deyərdim: ABŞ belə bir düzəni artıq planlaşdırır, ya da mütləq planlaşdırmalıdır. Türklərin ifadə etdikləri kimi, “Bu iş ya olmalıdır, ya da… mütləq olmalıdır”. Çünki bunun alternativi yoxdur!

Görünən odur ki, Donald Trampın formalaşdırdığı hazırkı ABŞ administrasiyası da artıq Zbiqnev Bjezinskinin modelinin işə yaramadığının, təkqütblü dünyanın ağırlığını daşımağın, bunun saxlanılmasının mümkünsüz olacağının fərqindədir. Dünya yeni düzənə hamilədir.

İndiki durumda Çin faktoru yeni geosiyasi reallıqlar diktə edir. Çin hələlik siyasi iddialarını ciddi formada ortaya qoymaq istəməyərək, lazımi potensial toplamağa hədəflənib. Yaxın onillikdə bu ölkənin elmi-texniki, iqtisadi və hərbi sahədə ABŞ-a çatacağı və hətta onu ötüb keçəcəyi də gözləniləndir. Hətta siyasi müttəfiqlərsiz belə, Çinin hegemon dövlətə çevriləcəyi qaçılmaz görünür.

– Sizcə, ABŞ-ın  böyüməkdə olan Çinlə bir blokda birləşib daha güclü formada təkqütblü hegemonluğu saxlaması daha məntiqli deyilmi?

– Amerikanın Çinlə bir siyasi-iqtisadi blokda birləşməsi onun maraqlarına uyğun deyil. Çin təkcə insan faktoruna görə onu assimlyasiyaya uğradıb öz içərisində əridə bilər. Rusiya-Çin blokunun da qarşısı alınmalıdır. Bu blok nəinki Amerikanın hegemonluğunu bitirmiş olar, onun üçün daha ağır nəticələr yarada bilər. Problemin yeganə ağıllı və məntiqi görünən həlli Çinə qarşı güclü blok dövlətlərinin yaradılması, həmin bloku üçüncü güc mərkəzi kimi formalaşdırıb onunla birgə əməkdaşlıq etməkdır.

– Sizcə, yeni yaranacaq blokda hansı dövlətlərin olacağı gözləniləndir?

– Hesab edirəm ki, blokun Rusiya və Türkiyə birliyinin bazasında qurulması vacibdir, necə deyərlər, “olmazsa-olmaz”ıdır: Rusiyanın müttəfiqləri olaraq bir çox slavyan dövlətləri (Avropa dövlətlərinin də alternativ seçimi qalmayacaq), Türkiyənin müttəfiqləri olaraq bütün türk dövlətləri (hələlik rəsmən türk dövləti olmayan İranın da alternativ seçimi çətin olacaq).

– Adil müəllim, söhbərimiz olduqca maraqlı gedir, necə deyərlər, söz-sözü gətirir. Mövzuya qayıtmazdan əvvəl daha bir sual:  axı, dünyanın təkqütblü idarəçiliyinin yaxşı cəhətlərinin olmasını da əsaslandıran və bunun tərəfdarı olan siyasətçilər də çoxdur. Siz yalnız indiki tarixi vəziyyətə görə, yoxsa ümumiyyətlə, təkqütblü idarəçiliyin əleyhinəsiniz? 

– Xeyr, əleyhinə deyiləm, əksinə, tərəfdarıyam, ancaq dünya dövlətlərini oliqarxiyanın idarə etdiyi indiki zamanda bu, tədricən dünyanı hüquq və azadlıqların olmadığı, qanunların işləmədiyi böyük bir həbsxana kalonuna çevirə bilər. Keçmiş SSRİ-nin bərpasını nəzərdə tutmuram, ancaq 50-100 ildən tez olmayaraq baş verəcəyinə əmin olduğum kapitalist istehsal münəsibətlərinin ləğvindən sonra dünyanın təkqütblü mərkəzdən (bu, bir dövlət olmayacaq) idarə olunmasının zəruri və effektli olacağı fikrindəyəm.

– Mövzumuzun əsasını təşkil edən impiçment məsələsini hüquqi müstəvidə təhlil etmədik.

– Yuxarıda impiçmentın siyasi motivlərinin əsas səbəblərindən birini aydınlaşdırdıq. Hesab edirəm ki, Nümayəndələr Palatası beynəlxalq səviyyədə ABŞ-ın nüfuzuna və onun dövlətçilik ənənələrinə ciddi zərbə vuran və hüquqi əsası olmayan qərar qəbul edib.

Qeyd etdiyimiz kimi, impiçmentə Donald Trampın Vladimir Zelenski ilə telefon danışığı səbəb olub. Telefon danışığının stenoqrafik mətni, təxminən, bir ay bundan əvvəl çap olunmuşdu, bu günlərdə təkrar mətbuatda yayımlanıb. Doğrudur, mətn təhlükəsizlik orqanlarının süzgəcindən keçirilərək yayımlanıb və danışığın orijinalında gizli saxlanılmış hissələrin olub-olmadığı heç kimə bəlli deyil. Hər halda Palata komissiyalarının müzakirəsinə çıxarılmış hesab olunan və yayılan hər iki mətn arasında heç bir fərq yoxdur.

Nümayəndələr Palatası ittihamı onunla əsaslandırıb ki, Tramp vəzifə səlahiyyətlərindən və ona göstərilən ictimai etimaddan şəxsi məqsədləri üçün sui-istifadə edib. Guya, danışıqların məqsədi Ukrayna prezidentinə təzyiq etməklə onu növbəti prezident seçkilərində Trampın əsas rəqibi olacaq Co Baydeni ləkələmək üçün oğlu Xanter Bayden haqqında cinayət təhqiqatı başlatmağa sövq etməsi olub. Danışıqların məzmunundan belə bir nəticənin çıxdığı isə aşağıdakı faktlarla əsaslandırılıb.

Birincisi, təzyiqin təsir mexanizminin işləməsi üçün Ukraynaya göstərilməli olan yardımlar əvvəlcə dayandırılıb və Tramp bu yardımları artıracağını vəd etməklə Zelenskini tələbinin icrasına stimullaşdırıb.

Bu, doğru deyil. Ona görə ki, Ukraynanı Rusiyadan qoparmaq üçün bütün Qərb dövlətləri əvvəlcədən Ukraynaya hər cür yardımları göstərəcəklərini və bunu genişləndirəcəklərini vəd etmişdilər. ABŞ-ın bu yardımları artıracağını vəd etməsi  özünün siyasi maraqlarına uyğun və təbii qəbul olunmalıdır. Məlumatlara görə, Amerika tərəfdən vəd olunan yardım hələ Zelenskinin hakimiyyətə gəlməsindən əvvəl, məhz Co Baydenin tələbi ilə dayandırılmışdı. O, Petro Poroşenkonu təhdid etmişdi ki, respublika prokuroru Viktor Şokini vəzifəsindən azad etməsə, Ukraynaya yardım göstərilməyəcək.

İkincisi, danışıq zamanı Tramp Ukraynanın firavanlığı və demokratiyanın inkişafı üçün korrupsiyaya qarşı ciddi mübarizə aparmağı tövsiyə edir və eyni zamanda əlavə edir ki, Co Baydenin oğlu ilə əlaqəli olan cinayət işinin istintaqının dayandırılması səbəbini obyektiv aydınlaşdırsın. Bu məsələ ilə əlaqədar Robert Culyanı və Baş prokuror Uliyam Barrın onunla əlaqə saxlayacağını deməsində şübhəli yozula bilən məqam yalnız gümana əsaslana bilər. Hüquqi qiymətləndirmədə isə istinad olunacaq heç bir əsas yoxdur. Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl hər iki ölkənin kütləvi informasiya vasitələrində geniş xəbərlər yayılmışdı ki, ABŞ vitse-prezidenti səviyyəsində Ukrayna hakimiyyətinə təzyiqlər göstərilir ki, Baş prokuroru vəzifədən uzaqlaşdırılsın. ABŞ Baş prokuroru Uilyamla əlaqə saxlaması yeni seçilmiş gənc Ukrayna prezidentinin əvvəlki təzyiqlərdən çəkinməməsi üçün atılan addım kimi də dəyərləndirmək olar. Danışıqlarda hər iki tərəf ən azından hüquqi cəhətdən irad tutulması mümkün olmayan, diplomatik və ölçü-biçili danışırlar. Qarşılıqlı ifadələrdə “həqiqi vəziyyətin necə olmasını bilmək istəyirəm”, “istintaqın açıq və şəffaf aparılmasına nail olsunlar”, “istintaqın məqsədi insan şərəfinin qorunması olacaq” və sairə ifadələr başqa qənaətə gəlməyə əsas vermir.

Nəhayət, üçüncüsü, Co Baydenin gələcək prezident seçkilərində rəqib olduğu üçün hədəf götürülməsi iddiası da absurddur. Əvvəla, bu, gələcək zamanda baş verəcəyi güman edilən xəyali faktdır. Qərbin zorla Rusiyadan ayırdığı Ukraynanın ciddi enerji problemlərinin olması faktdır və ABŞ bunu həll etməlidir. Energetika naziri Rik Perrinin bildirdiyi kimi, Ukrayna ilə əməkdaşlıq edən ABŞ-a məlumdur ki, Ukraynanın enerji sektorunda böyük korrupsiya şəbəkəsi var və bu, görüləcək işlərə böyük zərbə vura bilər. Bayden və oğlunun bu kriminal məsələdə adının hallanması Trampın hakimiyyətindən əvvəl mövcud olsa da, aydınlaşdırılmalı və həlli zəruri olan məsələdir. Vəziyyət Donald Trampa bu məsələni aydınlaşdırmağa (indi məlum olur ki, məhz nazir Rik Perrinin xahişi ilə) tam haqq verdiyi kimi, “gələcəkdə prezidentliyə namizəd olacaq” Co Baydenə də qətiyyən toxunulmazlıq statusu vermir. Əsl araşdırılmalı olan, ancaq Konqresin görmək istəmədiyinə görə yan keçdiyi məsələ budur.

Gəlin, prezidentlərin danışıqlarından xeyli əvvəl Ukrayna enerji sektorunda yaranmış  kriminal vəziyyət haqdakı məlumatları, həm də sıradan məlumatsız şəxslərin deyil, ayrı-ayrı vaxtlarda Ukraynanın Baş prokuroru olmuş Şokin, Lusenko, Ryaboşapka, ABŞ Energetika naziri Perri kimi digər mötəbər şəxslərdən gələn bilgiləri ümumiləşdirək. Co Baydenin ABŞ vitse-prezidenti, eyni zamanda, Ukrayna ilə bağlı problemlərin həllində səlahiyyətli şəxs olduğu zamanda onun oğlu Xanter Bayden Ukraynada qazçıxarma və enerji sahəsində güclü bir şirkətin – “Burisima” holdinqin idarə heyətinin üzvü olur. Özü aylıq 140 min ABŞ dolları alır, eyni zamanda, ona mənsub olduğu ehtimal edilən “Rosemont Seneca Partners” şirkətinə də hər ay səbəbi bəlli olmayan 160 min dollar keçirilir. Bunları kiçik məsələlər hesab etmək olar. Ancaq Ukraynada energetika sahəsində güclü bir oliqarx qrupun böyük korrupsiya əməliyyatları haqqında məlumatlar yayılır. Bu işdə amerikalı oliqarxların, o cümlədən “Burisima” holdinqin də adı hallanır. Baş prokuror V.Şokin cinayət işi başlayır və prezident P.Poroşenkonun təkidlərinə baxmayaraq, istintaqı sona çatdırmağa çalışır. Ancaq o, vəzifəsindən istefa verməyə məcbur olur. V. Şokinin dediyinə görə, prezident ona bildirib ki, əgər onu vəzifədən götürməsə, Co Bayden Ukraynaya yardımları dayandıracaq. Prokuror Y. Lusenko bildirir ki, ABŞ səfiri (keçmiş səfir) Mari Yovanoviç mənə siyahı – yəni şəxslərin ad-soyadını verdi ki, heç bir haldan asılı olmayaraq bu adamlar toxunulmazdır. Şokin vəzifəsindən istefa verəndən sonra cinayət işinin istintaqı dayandırılır.

Bu barədə mətbuatda son vaxtlar daha geniş məlumatlar yayımlanıb. Son məlumatlardan ən maraqlısı yeni prokuror Ruslan Ryaboşapkanın məlumatıdır. O bildirib ki, istintaqı təzələnmiş cinayət işindəki 15 cinayət hadisəsində X.Baydenin iştirakı güman edilir.

Bu faktların hansı nə dərəcədə doğrudur, yalandır, indidən qiymət vermək çətindir. Ancaq məsələyə qərəzsiz, obyektiv və ən əsası, hüquqi prizmadan yanaşsaq, bu cinayət işinin istintaqı tamamlanmadan Trampın telefon danışığına hüquqi qiymət vermək doğru deyil.

Gələcəkdə hansı faktlar, hansı ittihamlar ortaya çıxacaq bilmirəm, ancaq hesab edirəm ki, hazırkı ittiham üzrə Senat Nümayəndələr Palatasının qərarını təsdiq etməyəcək. Yəni impiçment qəbul olunmayacaq.

– Dediniz ki, Nümayəndələr Palatası həm də ABŞ dövlətçilik ənənələrinə böyük zərbə vuran qərar qəbul edib. Yəni ABŞ tarixində dördüncü hadisə sayılacaq impiçmentə görə, yoxsa bu, ayrı səbəbdir?

– Xeyr, impiçmentə görə deyil, istinad olunmuş fakta görə. ABŞ qanunvericiliyinə görə, Prezident təkcə fiziki olaraq qorunmur, onun fəaliyyəti ilə bağlı məlumatlar da məxfilik qrifi altındadır və onun danışıqları (şəxsi təhlükəsizliyinin təminatı istisna olmaqla) dinlənilə bilməz. Prezident hətta dövlət sirrinin yayılmasına görə, cinayətin subyekti deyil. O, dövlətin siyasətini yürüdərkən hansı halda, hansı həddə dövlət sirri sayılan məlumatları aça bilmək səlahiyyətinə sahibdir.

Reallıq tələb edir ki,  ABŞ-ın cari və gələcək siyasətinin reallaşdırılması üçün o, öncədən lazımi dövlət başçıları və nüfuzlu siyasi liderlərlə şəxsi söhbətlər aparsın, onları işbirliyinə cəlb etsin və tələb olunan istiqamətə yönəltsin. Hətta yeri gələndə, qanunda nəzərdə tutulmayan üsul və vasitələrdən də istifadə olunur. Buna ən yaxşı nümunə kimi, məşhur Karib böhranı zamanı Con Kennedi ilə Nikita Xruşovun intensiv danışıqları misal ola bilər.

Belə danışıqlar zamanı hətta  blef, şantaj, ərazi, ölkə, hərbi-siyasi səlahiyyətlər barədə təkliflər, vədlər də dövriyyəyə girə bilir. Bunlar heç vaxt açılmaz və danışılmaz. Bu deyilənlər böyüklü-kiçikli bütün dövlət başçılarının əməl etdiyi yazılmamış, ancaq əməl edilməli olan bir tabudur. Bunlar olmadan nə dövlətlər, nə də dövlət başçıları arasında qarşılıqlı inam və etibar qalmaz.

ABŞ kimi dünyanın hegemon bir dövlətinin başçısının telefon danışıqlarını açıb ortaya tökmək biabırçılıqdır. Burada “dərin dövlət” üzə çıxmadı, bunu Demokratların əli ilə həyata keçirdilər. Onlar da kin və eqolarının əsiri olub, bu pis ənənənin əsasını qoydular.

– Adil müəllim, bütün cavablarınızda Trampa haqq qazandıracaq rəğbət hiss olunur. Ümumiyyətlə, siyasi mövqeyinizdə bu rəğbəti gizlətmirsiniz. Hətta bu yaxınlarda “Azərbaycan” qəzetinin 30 illik yubileyindəki çıxışınızda da demokratik ictimaiyyəti Donald Trampın müdafiəsinə səslədiniz.

– Hər şeyin yaxşı və pisliyini onun oxşarı ilə müqayisədə bilmək olar. Sualınıza Trampın düşməni sayılan Bəşər Əsədin bir fikri ilə cavab vermək istəyirəm. O dedi ki, Tramp ABŞ prezidentləri arasında ən yaxşısıdır. O, heç olmasa, nə istədiyini açıq deyir. Bu da qarşılıqlı iqtisadi faydalı olduqda, biz də bu yolda çalışa bilərik.

Bəşər Əsəd başqa bir müsahibəsində Trampın şəffaf siyasət yürütməsi ilə bağlı deyir ki, terrorla mübarizə vədinə əməl etsə, onunla əməkdaşlıq edə bilərik.

Mən Bəşər Əsədin çıxışından aylar öncə demişəm ki, Donald Tramp ABŞ-ın Yaxın və Orta Şərqdə maraqlarıını güc tətbiq etmədən, yəni siyasi-iqtisadi blokada, sanksiya, iqtisadi ekspansiya və sairə yumşaq müdaxilə ilə həll etməyə çalışır. O, Amerikanı qanlı müharibələrdən geri çəkmək istəyir. Trampın seçki öncəsi platforması ilə onun ABŞ Prezidenti kimi BMT Baş Assambleyasındakı çıxışında bütün xalqların və dövlətlərin hüquqlarına hörmət ifadə edən tezislərində, mahiyyətcə, fərq yoxdur. Onun haqqında qara piar ovçuları əksər halda bunu qabardırlar ki, qeyri-ciddi adamdır – hədə gəlir, amma  hücum eləmir, vəd verir, yerinə yetirmir və s. Nəzərə almaq lazımdır ki, o, təkcə dünyanın bir çox oliqarxları, siyasətçiləri ilə deyil, hətta dövlətləri ilə qarşı-qarşıyadır. Hamısını birdən yıxıb keçmək olmur. Bəzən vaxt udmaq, geri çəkilmək, hətta böyük məqsədə çatmaq üçün müəyyən planlardan imtina etmək də lazım gəlir. Belə çətin vəziyyətdə də onun fəaliyyəti mümkün qədər müharibənin dayandırılmasına yönəlib.

Mən ümid edirəm ki, başına bir fəlakət gətirməsələr, o, yeni müddətə də prezident seçiləcək və zaman-zaman daha böyük nəticələr ortaya çıxacaq. Əgər seçilməzsə, bax, o zaman öz planlarının icrasından 4 il geri düşmüş “dərin dövlət” bütün cəbhə boyu hücuma keçəcək və onda bilinəcək ki, pis necə olur!…




Ana səhifəyə qayıt        Baxış: 1 065          Tarix: 28-11-2019, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma