Xəbər lenti


Başa çatmaqda olan 2020-ci il Azərbaycanın yüz illik tarixində ən mühüm illərdən biri oldu. Ermənistan üzərində hərbi zəfər qazanaraq işğalda olan torpaqların böyük qisminin azad edilməsi, Rusiya qoşunlarının Azərbaycana qayıtması və koronavirus pandemiyasına qarşı mübarizə tarixə düşəcək hadisələrdir.
Düşmən üzərində qələbə, həm də 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından sonra ən böyük tarixi naliyyət kimi qiymətləndirilir.

2020-ci il çox gərgin başladı, Çindən dünyaya yayılan koronavirus infeksiyası artıq yanvar ayının sonlarından Azərbaycanda da peyda oldu. Virusun tüğyan etdiyi qonşu İranla sərhədlərin bir qədər gec bağlanması öz mənfi təsirini göstərdi, qısa müddətdə paytaxtda və cənub bölgələrində xeyli sayda insanın virusa yoluxduğu xəbərləri gəlməyə başladı.
Azərbaycan hökuməti mart ayının 24-dən etibarən sərt karantin tədbirlərinə start verdi. İanələrin qəbul ediləməsi üçün Koronavirusa qarşı Mübarizə Fondu yaradıldı, habelə büdcədən virusa qarşı mübarizəyə irimiqyaslı vəsaitlər ayrıldı.

Bakıda, iri şəhərlədə və əyalətlərdə modul xəstəxanaların tikintisinə start verildi, dövlətin bir çox tibb müəssisələri koronavirus infeksiyasına qarşı mübarizə məqsədi ilə ixtisaslaşdırıldı. Dərman, tibbi ləvazimatlar ehtiyatı görüldü, tibbi maskaların istehsalı üçün avadanlıqlar gətirildi və yerli istehsala start verildi. Qanunvericilikdə dəyişikliklər edildi, cərimələr, cəzalar ağırlaşdırıldı. Aprel ayı bütünlüklə, may ayının ikinci yarısına qədər davam edən sərt qadağalar yoluxmanın miqyasını nəzarət altında saxlamağa imkan verdi. Ölüm halları azaldı, xəstəxanalar qarşıya qoyulan vəzifələrin öhdəsindən, əsasən, gələ bildilər.
Təəssüf ki, payızda start götürən "ikinci dalğa"da bu naliyyətlərə kölgə saldı. Yoluxma, ölüm sayı kəskin artdı. Dərmanların "qara bazarda" baha qiymətə satılması, testlərin bahalığı və əlçatan olmaması və s. neqativ hallar cəmiyyətdə səhiyyə sistemi haqqında mənfi rəy formalaşdırdı. Ancaq hökumətin qəbul etdiyi qərarlar ilin sonuna doğru vəziyyəti yenidən sabitləşdirməyə, problemi qismən də olsa həll etməyə imkan verdi.

İl boyu davam edən pandemiya ölkə iqtisadiyyatına, məşğulluğa, əhalinin sosial rifahına da təsirsiz ötüşmədi. Turizm, xidmət sektoru, toy biznesinə daxil olan əksər sahələrdə iş, demək olar, dayandı, minlərlə iş yeri bağlandı. Neftin qiymətinin kəskin ucuzlaşması fonunda qeyri-neft sektoruna pandemiyanın təsiri əhalinin həyat səviyyəsinin müəyyən qədər aşağı düşməsinə səbəb oldu.
Düzdür, pandemiyaya qarşı mübarizə çərçivəsində böyük vəsaitlər ayrıldı. Ancaq iqtisadiyyatın zərər görən sahələrini tam şəkildə qorumaq mümkün olmadı. Pandemiyanın uzun sürməsi biznes sektoruna, sahibkarlığa ayrılan vəsaitlərin itkiləri tam əvəz etməsinə imkan vermədi.
Dövlət əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi üçün 600 min şəxsə aylıq 190 manat həcmində yardım ayırdı. Eyni zamanda dövlət tərəfindən pensiyaların, müavinətlərin, büdcə təşkilatlarında çalışanların maaşlarının tam şəkildə ödənilməsi, əhalinin aztəminatlı təbəqəsinə ərzaq yardımlarının verilməsi həyata keçirildi.

İyul ayının 12-də Tovuzda atəşkəsin pozulması ölkədə pandemiya ilə bağlı problemləri ikinci plana keçirdi. General, Milli Qəhrəman Polad Həşimovun və silahdaşlarının Şəhid olması, 4 gün çəkən mövqe döyüşləri cəmiyyətdəki müharibə tələblərini artırdı. İyul ayının 14-də Bakı küçələrinə çıxan on minlərlə insan daha sonra prezidentin çağırışı ilə səfərbərlik idarələrinin qarşısını doldurmağa başladı.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsi ölkədə yeni bir dövrün başlamasının əsasını qoydu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik və diplomatk bacarığı, xalqın və siyasi müxalifət birmənalı şəkildə hakimiyyətin yanında yer alması, hərbi əməliyyatlarla bağlı qərarı dəstəkləməsi, eləcə də ordumuzdakı ruh yüksəkliyi və peşkarlıq qələbəmizdə həlledici rol oynadı. 44 gün davam edən müharibə dövründə Azərbaycan cəmiyyəti son 30 ilin ən möhtəşəm günlərini yaşadı.

Xalqın döyüşən orduya mənəvi, maddi dəstəyi, Şəhidlərin izdihamlarla dəfn edilməsi, siyasətçilərin, medianın ancaq birlikdən, həmrəylikdən bəhs etməsi müharibə getdiyi dövrdə dövlətin gücünü daha da artırdı. Bu, ordumuzun döyüş qabiliyyətini də yüksəldən əsas amilə çevrildi. Türkiyə-Azərbaycanın strateji müttəfiqliyi, qardaş ölkənin Azərbaycana siyasi, mənəvi dəstəyi, ordumuzu ona dünya şöhrəti gətirən pilotsuz döyüş texnikası ilə təchiz etməsi 6 həftədə qələbəyə inamı ayaqda saxladı.
44 gün ərzində Ermənistan ordusu malik olduğu hərbi texnikanın təxminən 80 faizini, canlı qüvvənin üçdə birini itirdi, işğalda olan 4 rayon və Qarabağın mənəvi simvolu sayılan Şuşa şəhəri döyüşlə azad edildi. Bu zəfərin nəticəsi olaraq Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz boşaldıldı. 

Rusiyanın ciddi köməyi ilə Birinci Qarabağ müharibəsində Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail olan Ermənistan ordusunun darmadağın edilməsi, işğalçı ölkənin faktiki kapitulyasiyayla razılaşmasına, 10 noyabr üçtərəfli atəşkəs razılaşmasına gətirib çıxardı.
Düzdür, Rusiyanın ciddi təzyiqi ilə imzalanan bu razılaşma Azərbaycan cəmiyyətini də tam qane etmir. Xüsusən, Rusiya qoşunlarının 28 ildən sonra sülhməramlı mandatı altında Dağlıq Qarabağa qayıtması, Xankəndində, Xocavənddə, Əsgərənda, Ağdərədə suverenliyimizin təmin edilməməsi ciddi müzakirə obyektinə çevrilib.
10 noyabrdan ötən müddətdə Dağlıq Qarabağda baş verən hadisələr - atəşkəsin iki dəfə pozulması, erməni qalıqlarının ordumuza hücumlar təşkil etməsi, sülhməramlıların separatçı cinayətkarlarla mərhəm münasibətləri Azərbaycan cəmiyyətində narazılıqların haqlı olduğunu göstərir.
Bunununla belə, Ermənistan üzərində qazanılan tam qələbə və Qarabağın böyük hissəsinin işğaldan azad edilməsi 2020-ci ilin Azərbaycan tarixində yalnız ZƏFƏR İLİ kimi deyil, həm də tarixinin ən şərəfli dövrü kimi qalmasına səbəb olacaq. 

Azərbaycan və Türkiyə əsgərlərinin birlikdə  addımladığı Zəfər Paradı da tariximizi ən yadda qalan hadisələrindən biri oldu. 
2021-ci ildə isə Azərbaycanın qarşısında duran prioritetlərin başında Dağlıq Qarabağda suverenliyin tam bərqərar edilməsi, 10 noyabr razılaşmasının yerinə yetirilməsi, erməni birləşmələrinin bölgədən çıxarılması, Azərbaycan qanunlarının sülhməramlıların cavabdehlik daşıdığı ərazilərdə işləməsi bir nömrəli vəzifədir. Bu istiqamətdə əsas dəstəyimiz olan qardaş Türkiyə ilə müttəfiqliyin daha üst səviyyəyə qaldırılması, bu ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi vacibdir.
Şübhəsiz ki, Azərbaycana hərbi zəfər qazandıran Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi, müqaviləli ordu sisteminə keçidin təmin edilməsi də Azərbaycanın milli təhlükəsizliyi üçün ən vacib tədbirlərdir.

Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dövlət qayğısı ilə əhatə olunması, sosial problemlərinin həll edilməsi və onların ləyaqətli həyat şərtlərinin təmin edilməsi də dövlətin əsas prioritetlərindən biridir.
Vaksinlərin kəşf olunması 2021-ci ildə pandemiyanın başa çatacağına ümidlər yaradıb. Azərbaycan maliyyə imkanı yetərli ölkələrdən biridir ki, vaksinləri alıb əhaliyə vura bilər.
Əhalinin tibbi sığorta problemi həll edilməsi, əlçatan və keyfiyyətli tibbi xidmət yaradılması da qarşıda duran əsas vəzifələrdəndir. Koronavirus pandemiyası göstərdi ki, Azərbaycanda əhalinin sağlamlığı çox aşağı səviyyədədir, bu da birmənalı şəkildə sistem problemidir və dərin islahatların aparılmasını tələb edir.

2020-ci ildə iqtisadiyyatın zərər görmüş sahələrinin dirçəldilməsi üçün vacib tədbirlərin görülməsinə ehtiyac var. Ötən il yarımçıq icra edilmiş dəstək proqramları gücləndirilməli və istehsal, xidmət sahələri hərtərəfli qayğı ilə əhatə olunmalıdır.
Azərbaycanın yetərli maliyyə imkanları var ki, əhalinin məşğulluq problemini böyük ölçüdə həll etsin, iş dünyasını, sahibkarlığı düşdüyü böhrandan xilas etdin. Bunun üçün sadəcə düzgün strategiya və məqsədyönlü fəaliyyət lazımdır.

2021-ci ildən cəmiyyətin əsas gözləntisi isə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışının təmin olunması istiqamətində atılacaq addımlardır. Qarabağda Azərbaycanın suvernliyinin şüarının tam reallaşması üçün həm dövlətin, həm də cəmiyyətin işğaldan azad olunmuş şəhər, rayon və kəndlərimizə sahib çıxması, qısa müddətdə kütləvi məskunlaşmanın həyata keçirilməsi vacibdir.

Elçin Rüstəmli
"AzPolitika.info"  



Ana səhifəyə qayıt        Baxış: 2 279          Tarix: 31-12-2020, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma