Xəbər lenti

Tarixi Azərbaycan şəhəri olan İrəvanın və onun yerləşdiyi bölgənin guya qədim erməni tarixinə aid olmasını hər hansı bir ölkədə ciddi təfəkkürə malik heç bir tədqiqatçı yazmamışdır. Yalanlar uydurmaqla məşğul olan erməni müəllifləri heç bir əsas olmadan Orta əsr Azərbaycan şəhəri İrəvanı “erməni əyaləti” hesab etdikləri Ararat vadisində e. ə. 782-ci ildə, yəni regionda ermənilərin əcdadlarının izlərinin hələ olmadığı zamanda salınmış Erebuni qalası ilə eyniləşdirir və bu şəhəri dünyanın ən qədim şəhəri hesab edərək erməni tarixinə aid olduğunu yazırlar. Lakin tarixi yazılı mənbələr, arxeoloji qazıntıların nəticələri onların bu iddialarının saxta olduğunu sübut edir.

İlk növbədə qeyd etmək lazımdır ki, ermənilərin əcdadlarının Balkan yarımadasından, Frakiyadan köçərək bütün Kiçik Asiyanı keçməklə Anadolunun şərqində məskunlaşması barədə hələ e.ə. V əsrdə yunan tarixçisi Herodot məlumat vermiş, digər Antik dövr müəllifləri isə bu məlumatı təsdiqləmişlər. Tədqiqatçılar əsasən bu hadisənin e.ə. VII əsrdən tez baş vermədiyi fikrinə tərəfdardırlar.

Bəs “Ararat vadisi” anlayışı haradan yaranmışdır?

Ermənilər Türkiyə ərazisində və Kiçik Qafqazda ən hündür dağı, Araz çayından sağda yerləşən möhtəşəm Ağrı dağını (5165 m) ənənəvi olaraq Ararat adlandırırlar. O cümlədən ermənilərin sayəsində bütün Avropa və xristian aləmi bu Ağrı dağını Ararat, İrəvan düzənliyini isə Ararat vadisi adlandırırlar. Elmi tədqiqatlar isə bu dağın tarixən Ararat adlandırılmadığını, yalnız son bir neçə yüz ildə kilsə din xadimlərinin sayəsində avropalıların (daha çox Rusiya vasitəsi ilə) bu məşhur dağı belə adlandırdıqlarını sübut etmişdir (bax: А.П.Новосельцев. О местонахождении библейской горы Арарат // Восточная Европа в древности и средневековье. Москва, 1978).

Belə ki, Bibliyada adı çəkilən Ararat dağının (əslində dağ silsiləsinin) indi Ararat (Ağrı dağı) adlandırılan dağ olması barədə yazılı mənbələrdə, o cümlədən qədim erməni müəlliflərinin yazılarında heç bir məlumat yoxdur. Ararat haqqında tarixi məlumatların kökü dünya daşqını ilə əlaqədar olub e. ə. III minilliyə aid Şumer əfsanələrinə bağlanır. E. ə. I minilliyin əvvəllərində qədim Şərqin iki qüdrətli dövləti – Assuriya və Urartu arasındakı sərhəd ərazidəki sıra dağlar Assuriya dilində “Urarat dağları” (Urartu dağları) adlanırdı. Assuriyalıların özlərinin şimal qonşusu olan ölkəni Urartu ilə yanaşı “Urarat” adlandırmalarını sübut edən qədim yazılar Ölü dəniz ətrafında aşkar edilmişdir.

Bibliyada isə “dünya daşqını” (Nuh tufanı) haqqında bəhs edilərkən Nuhun gəmisinin Ararat dağlarında dayandığı yazılmışdır. Göründüyü kimi burada söhbət bir dağdan (Ağrı dağından) yox, sıra dağlardan gedir. Yəni burada Mesopotamiya düzənliyini şimalın dağlıq ölkəsi olan Urartu əraziləri ilə ayıran, assuriyalıların “Urarat” və ya Ararat adlandırdıqları sıra dağlardan gedir. Əlbəttə, Mesopotamiya, Şumer mənşəli “Nuh tufanı” (“ümumdünya daşqını”) haqqında əfsanənin kökləri məhz həmin coğrafiya ilə bağlı idi. Hələ I əsrdə yaşamış yəhudi tarixçisi İosif Flaviy Bibliyanın məhz bu hissəsini şərh edərkən yazırdı ki, Ararat dağları Mesopotamiya düzənliyinə şimaldan birləşən Kordiyen dağlarıdır (А.П.Новосельцев).

Bəs ermənilər əsrlər boyu bu dağı necə adlandırıblar?

Ermənidilli yazılı tarixi mənbələrdə bu dağın adı “Masis” kimi göstərilmişdir. Bu söz isə öz növbəsində İran mənşəli olub, orta fars dilində “böyük”, “ən böyük” (burada, yəni ən böyük dağ) mənasını ifadə etmişdir. Qədim erməni ədəbiyyatının heç bir nümunəsində, Bibliyanın erməni dilinə tərcümələrində Masis dağı “Nuh tufanı” ilə əlaqələndirilməmiş və bu dağ Bibliyada göstərilən Ararat dağları ilə eyniləşdirilməmişdir (А.П.Новосельцев).

Bu faktlardan göründüyü kimi “Ararat” sözünün erməni tarixinə və mədəniyyətinə aidiyyatı yoxdur. Bu söz Assuriya mənşəli olub Urartu adının fərqli səslənməsindən ibarətdir. Hələ Səlcuqlular dövründən (ola bilsin daha qədimdən) Ağrı dağı adlandırılan bu dağ tarixən Ararat, İrəvan düzənliyi isə Ararat vadisi adlanmayıb. Hazırda elmi ədəbiyyatda bu terminə rast gəlinməsini də ermənilərin tarixi ilə bağlantısı yoxdur. Deməli, Bibliyada “ümumdünya daşqını” haqqında əfsanə ilə əlaqədar adı çəkilən Ararat dağları indi ermənilərin Ararat adlandırdıqları, Türkiyənin şimali-şərqində yerləşən Ağrı dağı deyildir.

Bütün bu tarixi-elmi faktlara baxmayaraq, qonşu xalqların dillərindən, mədəniyyətlərindən bir çox şeyləri mənimsəyən ermənilər Ağrı dağını Ararat, İrəvan düzənliyini isə Ararat vadisi adlandırmaqda davam edirlər. Gülünc görünsə də ermənilər hələ XVIII əsrin axırlarından zirvəsində guya Nuhun gəmisinə işarə olaraq gəmi rəsm edilmiş Ağrı dağının şəkilini özlərinin simvolu kimi qəbul etmişlər. Əlbəttə, bu saxtakarlığın başında erməni kilsəsi dururdu. Sovet dövründə Ermənistan respublikasının gerbində Ağrı dağının şəkli saxlansa da onun zirvəsindən “Nuhun gəmisinin” rəsmi götürülmüşdür. 1992-ci ildə Ermənistan “müstəqillik” qazandıqdan sonra həmin gerbdə Ağrı dağının zirvəsində “Nuhun gəmisinin” rəsmini bərpa ediblər.

Ermənilər və onların himayədarları ruslar tərəfindən belə bir rəvayət uydurulmuşdur ki, guya Türkiyə dövləti öz ərazisində olan Ağrı dağının Ermənistan SSR gerbində rəsminin verilməsinə etiraz etmişdir.

Buna cavab olaraq SSRİ xarici işlər komissarı Q.V.Çiçerin Türkiyə nümayəndəsinə bildirmişdir ki, “Türkiyənin bayrağında aypara təsvir edilmişdir, amma Ay Türkiyənin ərazisi deyil”. 

Uzun illərdir ki, ermənilər və ermənipərəst rus müəllifləri Q.V.Çiçerinin bu məntiqsiz sözlərini tez-tez təkrarlayaraq qürrələnirlər. Amma görünür bu imperiya komissarı və ermənilər bir sadə fərqi anlamamışlar ki, Türkiyə Aya öz ərazisi kimi iddialı deyil, ermənilər isə bütün beynəlxalq qanunlara zidd olaraq Türkiyənin qanuni ərazilərinə, o cümlədən Ağrı dağına iddialıdırlar.

Bəs arxeoloji tədqiqatlar İrəvan və ətraf ərazilərin tarixi barədə hansı həqiqətləri üzə çıxarmışdır?

Artıq qeyd etdiyimiz kimi, ərazi tarixən İrəvan düzənliyi adlanıb. Hələ XIX əsrin 90-cı illərində İmperator Moskva Arxeoloji Cəmiyyəti tərəfindən Cənubi Qafqaza ezam olunmuş və bu regionun müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmış A.A.İvanovskiy də haqqında bəhs edilən ərazini İrəvan (o zamankı rusdilli yazılı mənbələrdə “Erivan”) düzənliyi adlandırır (Ивановский А.А. По Закавказью. Материалы по археологии Кавказа. Вып. VI. Москва: 1911, с. 33). İndi elmi ədəbiyyatda rast gəlinən “Ararat düzənliyi” anlayışı əsasən erməni müəllifləri tərəfindən sonralar ortaya atılmışdır.

İrəvan düzənliyində əsrlər boyu əsasən azərbaycanlılar yaşamışlar və buna görə də bölgənin demək olar ki, bütün tarixi toponimiyası Azərbaycan dilindədir. Bununla əlaqədar ərazidə aşkar olunaraq tədqiq edilmiş arxeoloji abidələrin adları da Azərbaycan adlarıdır. Sovet dövründə erməni alimləri bu abidələrin adlarını süni şəkildə dəyişərək erməniləşdirmişlər.

İrəvan düzənliyində erkən əkinçilik mədəniyyətləri mərhələsinə – Neolit və Xalkolit dövrlərinə aid (e.ə. VI-IV minilliklər) bir neçə abidədə arxeoloji qazıntı işləri aparılmışdır. Bunlar Xatınarx (erməniləşdirilmiş adı Aknaşen), Eçmiədzin yaxınlığında Kültəpə (erməniləşdirilmiş adı Moxrablur), Mahaltəpə və s. yaşayış yerləridir. Bu abidələrdə aşkar edilmiş əsas arxeoloji materiallar – keramika, daş alətlər və s. tapıntılar bu abidələrin Şərqi Anadolunun və Naxçıvanın həmdövr mədəni ənənələri ilə tam uyğunluğunu göstərir.

Arxeoloji mədəniyyətlərin adları şərtidir və spesifik materiallar, onların ilk aşkar edildiyi abidənin və ya ərazinin adı ilə ilk tədqiqatçılar tərəfindən adlandırılır. Sonrakı tədqiqatlarda heç bir səbəb olmadan, yeni lokal xüsusiyyətli materiallar əlavə edilmədən bu adların dəyişdirilməsi, onlara əlavələr edilməsi arxeoloji tapıntıların mahiyyətini dəyişməsə də elmi tədqiqat qaydalarına ziddir. Neolit dövrünə aid Şomutəpə mədəniyyəti görkəmli Azərbaycan arxeoloqu İdeal Nərimanov tərəfindən 1960-1964-cü illərdə Ağstafa rayonu ərazisində eyni adlı abidənin qazıntıları əsasında kəşf edilmiş və “Şomutəpə mədəniyyəti” adlandırılmışdır (И.Г.Нариманов. Древнейшая земледельческая культура Закавказья // Доклады и сообщения археологов СССР на VII Международном конгрессе доисториков и протоисториков в Праге. Москва: 1966.). Sonrakı illərdə şərqi Gürcüstanda eyni tip abidələr aşkar edilmiş və onlardan birini adının əlavə edilməsi ilə gürcü müəllifləri bu mədəniyyətin adını təhrif edərək Şulaveri-Şomutəpə, sonra isə sadəcə Şulaveri kimi qeyd edirdilər. Erməni arxeoloqları isə bu mədəniyyətə “əlavələr” etməklə onu təhrif edərək “Arataşen-Şulaveri-Şomutəpə” mədəniyyəti kimi təqdim edirlər. Burada məqsəd heç bir əsas olmadan Azərbaycan terminini sonda yerləşdirmək, erməni və gürcü sözlərini irəli çəkməkdir.

Orta Tunc dövründə (e.ə. II minilliyin birinci yarısı) İrəvan düzənliyində Təzəkənd arxeoloji mədəniyyəti yayılmışdır. Bu mədəniyyət eyni adlı nekropolun qazıntıları əsasında aşkar edilmiş arxeoloji materialların, başlıca olaraq keramika məmulatı əsasında müəyyən edilmişdir. Abidə İrəvan şəhərindən 12 km şimalda, Zəngi çayının sağ sahilində, Təzəkənd kəndindən qərbdə yerləşmişdi. Məzarlığın qərb hissəsində Qızıl Qala qalasının qalıqları yerləşir. Bu məzarlıqda ilk arxeoloji qazıntılar XIX əsrin axırlarında aparılmış, sonra isə XX əsrin əvvəllərində davam etdirilmişdir. Orta Tunc dövrünə aid qəbirlər torpaq qəbirlər olub iri sal daşlarla örtülmüşdür. Tapıntılar kiçik ölçülü kasa, dar ağızlı küpə və qabarıq gövdəli qablardan ibarət keramika məmulatıdır. Saxsı qablar qırmızı rəngdə olub qara boya ilə müxtəlif motivlərlə naxışlanmışdır.

Erməni müəllifləri Azərbaycan sözü olduğuna görə Təzəkənd mədəniyyətinin də adını təhrif etmişlər. Bununla bağlı erməni müəlliflərinin ilk nəşrlərində bütün tarixi Azərbaycan adları olduğu kimi nəşr edilmişdir (К.Х. Кушнарева. Тазакендский могильник в Армении // Советская археология. Москва: 1960, №1).Sonrakı illərdə bu adlar erməniləşdirilərək Zəngi çayı “Razdan”, Qızıl Qala və Təzəkənd “Karmir-berd” adlandırılmışdır. Buna görə də erməni-sovet arxeoloji elmi ədəbiyyatında bu mədəniyyət süni olaraq Karmir-berd mədəniyyəti adlandırılır.

E.ə. IX əsrdə Şərqi Anadoluda, Van gölü ətrafında meydana çıxan Urartu dövləti tədricən genişlənərək Cənubi Qafqazın bəzi ərazilərini, əsasən indiki Ermənistan ərazilərini də əhatə etmişdir. E.ə. VIII əsrdə İrəvan düzənliyində Urartu dövlətinə aid bir neçə iri yaşayış məntəqələri, o cümlədən Arqiştixinili (erməniləşdirilmiş Armavir), Erebuni (erməniləşdirilmiş Arin-berd) şəhər-qalaları salınmışdır. Erebuni qalası urartulular tərəfindən qədim Azərbaycan əhalisi olan Aza tayfasının ərazisində salınmışdır. Urartu yazılarında bu ərazilər “düşmən torpaqları” adlandırılır. Yəni bu ərazilər nə urartuluların, nə də ermənilərin tarixi torpaqları olmamışdır (И.Алиев. Лжеистория – попытка оправдать агрессию. Баку: 2003).

Erebuninin qalıqları İrəvan şəhərinin cənubi-şərq kənarında yerləşir. Arxeoloji abidə olaraq onun haqqında ilk məlumatları A.A.İvanovskiy vermişdir. Onun yazdığına görə bu abidəyə diqqət yetirməsinin səbəbi yaxınlıqdakı Çölməkçi kəndinin erməni sakinindən 1894-cü ildə üzərində mixi yazılar olan daş lövhəni əldə etməsi olmuşdur. Həmin sakin bu daşı Qanlıtəpə adlı qalanın yaxınlığında şum zamanı aşkar etdiyini bildirmişdir. A.A.İvanovskinin yazdığına görə “ermənilər bu qalanı “Arin-Bert” adlandırırlar. Lakin bu qala daha çox tatarca (azərbaycanca – N.M.) Qanlıtəpə adlandırıldığından aşkar edilmiş yazını da Qanlıtəpə yazısı adlandırmaq daha düzgündür” (Ивановский 1911, с. 59-60). Lakin sonralar erməni müəlliflərinin səyləri nəticəsində Qanlıtəpə adı tamamilə unudulmuşdur.

Erebuninin qalıqlarında keçən əsrin 50-ci illərində ardıcıl arxeoloji qazıntılar aparılmışdır. Aşkar edilmiş memarlıq qalıqları, arxeoloji materiallar bu şəhər-qalanın daha çox təsərrüfat-yaşayış məqsədli deyil, hərbi-administrativ mərkəz kimi inşa edildiyini göstərmişdir. Arxeoloji qazıntılar şəhər-qalanın bir neçə mərhələdə inşa edildiyini göstərir. Urartu süqut etdikdən sonra digər ərazilərlə birgə Erebuni şəhər-qalası da Əhəmənilər tərəfindən işğal edilmişdir.

Demək olar ki, bütün erməni tarixçiləri bu fikirdədirlər ki, müasir Yerevan şəhərinin tarixi birbaşa Erebuni şəhər-qalası ilə bağlıdır. Lakin bu iddiaların heç bir elmi əsası yoxdur. Belə ki, elə erməni arxeoloqlarının özlərinin iştirak etdiyi qazıntılar göstərir ki, qədim Urartu şəhəri olan Erebuni ilə Orta əsr İrəvan şəhəri və onun üzərindəki müasir Yerevan şəhərini tarixi-xronoloji baxımdan əlaqələndirən mədəni təbəqə, arxeoloji-memarlıq qalıqları mövcud deyildir. Onların arasında ərazi, mədəni-tarixi boşluq vardır.

Beləliklə, İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu inkar edə biləcək nə yazılı məlumatlar, nə də arxeoloji tapıntılar məlum deyildir. Bu şəhər bütün Orta əsrlər dövründə Azərbaycanın ayrı-ayrı tarixi dövlətlərinin tərkibində olmuşdur.

Sonda bir məsələni də qeyd etməyi lazım bilirəm. Belə ki, İrəvan düzənliyindəki abidələrdə aparılmış arxeoloji qazıntılar nəticəsində e.ə. V minillikdən (Xalkolit dövründən) başlayaraq Orta əsrlər də daxil olmaqla bütün tarixi mərhələlərə aid çoxsaylı antropoloji tapıntılar – insan skeletləri aşkar edilmişdir. Onların heç birinin kəllə sümüyünün göstəriciləri ermənilərin daxil olduğu braxikran (yastıbaş) antropoloji tipinə uyğun gəlmir. Əksinə, bütün kəllə sümükləri dolixokran (uzunbaş) olub azərbaycanlıların daxil olduğu kaspi antropoloji tipinə uyğundur. O zaman ermənilər öz əcdadlarının qalıqlarını, onların tarixini aşkar etmək üçün başqa ünvanlara müraciət etməlidirlər.

Nəcəf Müseyibli

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun

şöbə müdiri, tarix elmləri doktoru, professor




Ana səhifəyə qayıt        Baxış: 4 940          Tarix: 9-08-2022, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma