Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
Mərkəzi Asiya regionu dünyada cərəyan edən geosiyasi proseslərin periferiyası hesab olunsa da bir sıra geosiyasi, geoiqtisadi kriteriyalarına görə Avrasiya məkanının vacib bölgələrindən hesab edilməlidir. Asiyanın bu regionunda baş verən proseslərin, hadisələrin nəticələri yalnız bölgə dövlətlərinə deyil, həm də qonşu ölkələrə, regionlara da ciddi təsir etmək gücündədir.
Regionun təhlükəsizlik mühitini bir sıra daxili və xarici amillər formalaşdırır ki, onlardan biri də bölgədə cərəyan edən geosiyasi proseslərdir. Mərkəzi Asiyanı bizim üçün maraqlı, aktual edən digər vacib məqam ölkəmizə coğrafi yaxınlığı, tarixi, mədəni, iqtisadi əlaqələrin, etnik bağların mövcudluğudur.
Regionun ən yeni tarixinə, siyasi mənzərəsinə, təhlükəsizlik mühitinə ümumi baxış
Mərkəzi Asiya regionunun beynəlxalq münasibətlər sisteminə daxil olması Sovet İttifaqının dağılmasından sonrakı dövrə təsadüf edir. Mühüm geostrateji mövqeyə və zəngin təbii resurslara malik regionu 5 müstəqil dövlət təşkil edir: Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan.
1992-ci ilə kimi bölgə Qazaxıstan və Mərkəzi Asiya adlanırdı, məhz həmin il Daşkənddə keçirilən Mərkəzi Asiya dövlət başçılarının sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə Qazaxıstan da “Mərkəzi Asiya” regionu kateqoriyasına daxil edildi. Ümumiyyətlə, region Çar Rusiyası dövründə vahid Türkistan adıyla mövcud olmuş, 1920-30-cu illərdə isə Sovet siyasətinə uyğun olaraq əhalinin etnik tərkibi əsasında respublikalara bölünmüşdür.
1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqil olan region dövlətləri təxminən eyni siyasi, iqtisadi-sosial problemlərlə üzləşdilər. Problemlərin eyniliyi və digər amillər region daxilində siyasi, iqtisadi, təhlükəsizlik sahəsində inteqrasiya proseslərinin sürətlənməsi üçün münbit şərait yaradırdı. Bütövlükdə, region dövlətlərini yaxınlaşdıran daxili amilləri belə qeyd etmək olar : 4 respublikanın türk kökənli olması, 5 dövlətin islam dinininə bağlılığı, Çar Rusiyası, daha sonra Sovet Rusiyası daxilində ümumi tarixi keçmiş, SSRİ dövründə formalaşmış təsərrüfat əlaqələri, bölgənin hidroresursları və s.
Eyni zamanda onu da əlavə etmək olar ki, ümumi dini mənsubiyyət mövcud olsa da, region dövlətləri dünyəvi xarakterə malikdir və islam fundamentalizminin ölkələrinə mümkün müdaxiləsindən narahatdırlar. Bu tendensiyaya qarşı mübarizə dövlətləri birləşdirən digər amildir. Region daxilində inteqrasiyanı şərtləndirən daha bir vacib amil bölgənin siyasi sərhədlərinin etnik areala uyğun gəlməməsidir. Mərkəzi Asiyanın üç dövlətində digər xalqlara məxsus böyük etnik qruplar yaşayır. İnteqrasiya etnik qarşıdurma və separatizmin qarşısının alınmasında zəruri vasitədir.
Bütün bu sadaladığımız amillərə baxmayaraq son 30 ildə Mərkəzi Asiya dövlətləri effektiv regional ittifaqlar formalaşdıra bilməmişdir. Bu istiqamətdə edilən cəhdlər uğursuzluqla nəticələnmişdir. Bütün region dövlətlərinin cəlb olunduğu ittifaqların yaranması yalnız kənar böyük dövlətlərin təşəbbüsü və iştirakı ilə mümkün olmuşdur.
Mərkəzi Asiyada regional liderlik uğrunda rəqabət aparan dövlətlər Qazaxıstan və Özbəkistandır. Hər iki dövlət, o cümlədən də Türkmənistan regionun təbii resurslarla zəngin ölkələridir. Qazaxıstan və Özbəkistan iqtisadi, siyasi potensialına, ərazi faktoruna, tarixi-mənəvi irsinə görə bölgənin aparıcı dövlətləri hesab olunur. Qırğızıstan və Tacikistan bölgənin təbii resursları məhdud, ərazisi kiçik, əhalisi az olan nisbətən zəif dövlətlərindəndir. Hər iki dövlətin regional proseslərdə iştirakı xeyli dərəcədə qonşu dövlətlərdən asılıdır.
Mərkəzi Asiyanın təhlükəsizlik mühitinə təsir edən əsas faktorlar sırasında aşağıdakıları qeyd etmək olar:
1. İqtisadiyyatın səviyyəsi – az sayda ixrac məhsulundan asılı olan iqtisadiyyat böhranlar riskini, korrupsiya və vətəndaş qarşıdurması təhlükəsini artırır.
2. Qeyri - plüralist siyasi sistemlərin mövcudluğu.
3. Vacib məsələlərə dair – təhlükəsizlik və sərhədlərin müdafiəsi, hidroresursların planlaşdırılması, regional əməkdaşlığın effektiv mexanizmlərinin olmaması.
4. Ekstremist dini və siyasi cərəyanların fəaliyyəti.
5. Mütəşəkkil cinayətkarlıq, xüsusilə Əfqanıstandan narkotik daşınması.
6. Regionda dominantlıq uğrunda böyük dövlətlərin mübarizəsi ilə xarakterizə olunan mürəkkəb beynəlxalq vəziyyət.
Ekstremist dini-siyasi cərəyanların fəaliyyətindən bəhs edərkən qeyd etmək lazımdır ki, son zamanlar Əfqanıstanda baş verən xaotik proseslərin genişlənməsi, dini-radikalizmin geniş vüsət alması Mərkəzi Asiyanın təhlükəsizlik mühitinə yeni təhdidlər yaratmaq ehtimalını artırır. Nəzərə almaq lazımdır ki, coğrafi yaxınlıqdan əlavə Əfqanıstanda Mərkəzi Asiya xalqlarına aid böyük etnik qruplar (tacik, özbək, türkmən) yaşayır və bu etnik qruplar yaşadıqları ölkənin siyasi həyatında hər zaman fəallıqlarını qoruyub saxlayıblar. Vaxtı ilə Talibana qarşı “Şimal Alyansında” birləşən taciklər, özbəklər, türkmənlərin bu gün də puştun taliblərlə münasibətləri gərgindir.
Yaxın perspektivdə İslam fundamentalizminin bölgəyə ayaq açması, Özbəkistan İslam Hərəkatı kimi terrorçu dini-radikal qrupların fəaliyyətinin genişlənməsi baş verərsə regionun təhlükəsizliyi ciddi çağırışlarla üzləşə bilər. Bir vacib məqamı da qeyd etmək istərdim ki, Kabildə hakimiyyəti yenidən ələ alan Taliban rəsmiləri qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərini bəyan etsələr də onların bu açıqlaması Mərkəzi Asiyanın sekulyar hökumətlərində Əfqanıstanda baş verənlərlə bağlı narahatlıqları azaltmır. İlk növbədə Əfqanıstanda islam fundamentalizminin yenidən populyarlıq qazanması, dominant tendensiyaya çevrilməsi ideoloji olaraq Mərkəzi Asiya ölkələrini narahat edir. Həmçinin, Talibanla digər radikal dini qruplaşmaların hərbi toqquşmalarının genişlənməsi həmin qruplaşmaların ölkənin şimal sərhədlərindən Mərkəzi Asiyaya “sızması”nı təhlükəli həddə qaldıra bilər.
Mərkəzi Asiya üçün təhdid yaradan bir başqa amil Əfqanıstanda qarşıdurmanın şiddətlənməsi, özbaşınalığın artması nəticəsində reğiona narkotik daşınması ehtimalının güclənməsidir. . Qeyd edək ki, Əfqanıstan dünyada ən çox narkotik bitkilərin yetişdirildiyi, istehsal olunduğu ölkələrdən biridir və bu uyuşdurucu vasitələr ölkədə bir çox yerli və transmilli qrupların əsas gəlir mənbələrindən birinə çevrilib. Son illərdə aparılan təxmini hesablamalara görə Əfqanıstandan dünyaya ixrac olunan narkotik vasitələrin 25 % - i Mərkəzi Asiya regionundan dəhliz kimi istifadə edilməklə reallaşdırılır.
Böyük, regional dövlətlərin geosiyasi maraqlarında Mərkəzi Asiya
Mərkəzi Asiyanın əhəmiyyətli geostrateji mövqeyi və təbii resurslarla zəngin olması bölgəni bir sıra böyük, regional dövlətlərin maraq dairəsinə düşməsinə səbəb olmuşdur. Regionda maraqları (geosiyasi, iqtisadi və s.) olan əsas güc mərkəzlərini belə sıralamaq olar : Rusiya, Çin, ABŞ, Türkiyə, İran. Qeyd etdiyimiz dövlətlərlə yanaşı Hindistan, Pakistan, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Yaponiyanı da regionda maraqları olan ölkələr, güc mərkəzləri sırasına daxil etmək olar, ancaq bu dövlətlərin bölgədə təsir imkanlarının nisbətən zəif olması, maraqlarının fərqliliyi və s. cəhətləri onları əsas güc mərkəzləri (regionda maraqları olan) kimi qəbul etməyimizə mane olur. Rusiya və Çini regionda maraqları və təsir imkanları geniş olan əsas dövlətlər hesab etmək olar. Hər iki dövlətin regiondakı maraqları müxtəlifliyi və xüsusiliyi ilə seçilir.
Rusiya, Sovet İttifaqı dağıldıqdan sonra “yaxın xaric” siyasətinə uyğun olaraq Mərkəzi Asiyanı özünün həyati maraqları olan regionlardan biri kimi qəbul etmişdir. Regionda ciddi geosiyasi, təhlükəsizlik, iqtisadi maraqları ilə yanaşı eyni zamanda Moskva bu maraqlarını təmin etmək üçün də çeşidli imkanlara malikdir. Təhlükəsizlik məsələsi Rusiyanın regional siyasətinin əsas aspektlərindən biri kimi qəbul edilir. İlk növbədə cənub sərhədlərinin təhlükəsizliyi baxımından Mərkəzi Asiya Rusiya üçün “bufer zona” rolunu oynayır. Rusiya regionun beş dövlətindən üçündə (Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi bazalara malikdir, hətta Tacikistanın Əfqanıstanla dövlət sərhəddinin mühafizəsində rus hərbiçiləri iştirak edir. Moskvanın bölgədə hərbi iştirakını ciddi formada davam etdirməsi bütövlükdə Mərkəzi Asiyanın Rusiyadan geostrateji asılılığını artıran amil kimi qəbul oluna bilər.
Rusiyanın Mərkəzi Asiya dövlətlərinə təsir vasitələrindən biri də bölgədə yaşayan çoxsaylı etnik rus icmalarıdır. Təxminən 2013-cü il statistikasına görə bölgədə yaşayan rusların sayı 7 milyondan artıqdır. Regionda yaşayan rusların yarıdan çoxu (4.2 mln) Qazaxıstanda yaşamaqla bu ölkə əhalisinin 24 % - ni təşkil edir. Eyni zamanda bölgədə yaşayan 16 milyondan artıq insan rus dilini gündəlik əsas ünsiyyət vasitəsi kimi istifadə edir. Ümumiyyətlə, bölgədə rus dilinə, mədəniyyətinə maraq böyükdür. Burada daha bir vacib məqam region dövlətlərinin siyasi-təhlükəsizlik elitalarının böyük əksəriyyətinin “sovet məhsulu” və Rusiyayönümlü olmasıdır. Bütün bu amilləri Rusiyanın region üzərində “yumşaq gücü”nün (soft power) əsas aspektləri kimi qəbul etmək olar.
Moskvanın regiona təsir imkanlarından biri də bölgə dövlətlərindən Rusiyaya miqrant axınının mövcud olmasıdır. Region dövlətlərindən milyonlarla miqrant Rusiyada işləyir və onların öz ölkələrinə göndərdikləri illik vəsait milyardlarla ABŞ dolları dəyərində qiymətləndirilir. Göndərilən bu vəsaitlər xüsusilə bölgənin kiçik ölkələrində sosial-siyasi, iqtisadi vəziyyətin sabit qalmasında mühüm rol oynayır.
Rusiyanı bölgəyə “cəlb edən” əsas faktorlardan biri də Moskvanın Mərkəzi Asiyadakı iqtisadi-enerji maraqlarıdır. Rusiyanın regionda enerji maraqları bölgənin enerji resurslarının istismarı ilə yanaşı, bu resursların dünya bazarlarına çıxarılması üzərində nəzarətlə şərtlənir. Çinlə bölgənin enerji əlaqələrini təmin edən boru kəmərləri istifadəyə verilənə, yəni, 2009-2010-cu illərə kimi, regionun bütün enerji dəhlizləri Rusiya ərazisindən keçməklə dünya bazarlarına birləşirdi. Məsələn, 2003-cü ildə istifadəyə verilən Xəzər Borukəməri Konsorsiumu (Caspian Pipeline Consortium-CPC) kəməri qazax xam neftini Qara dənizdə Rusiyanın Novorosiysk limanına daşıyır və bu kəmər hələ də Astana üçün yeganə ən əhəmiyyətli ixrac kəməri olaraq qalmaqdadır. Mərkəzi Asiyanın neft-qaz resurslarını dünya, xüsusilə Avropa bazarlarına daşıyan əsas ixrac kəmərləri də Rusiya ərazisindən keçir. Onu da qeyd etmək istərdik ki, Mərkəzi Asiyanın əsas ixrac kəmərləri üzərində nəzarət faktorundan Rusiya həm də bölgəni təsir dairəsində saxlamaq vasitəsi kimi istifadə edir.
Rusiyanın Mərkəzi Asiyada təsirini artırmaq üçün həyata keçirdiyi strategiyalardan biri də region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizimlərinin inkişaf etdirilməsidir. Xüsusilə, bölgə dövlətlərinin cəlb olunduğu çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inistitutlaşması Moskvanın son 30 ildə regional siyasətinin prioritetlərindən hesab olunmalıdır. Post soyuq müharibə dövrünün ilk illərindən bu günə kimi əsasən Moskvanın təşəbbüsü, region dövlətlərinin cəlbi ilə yaradılan beynəlxalq təşkilatları belə sıralamaq olar : MDB, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), ŞƏT (Şanxaq Əməkdaşlıq Təşkilatı), Avrasiya İqtisadi İttifaqı. Bütün bu sadaladığımız beynəlxalq təşkilatların yaradılmasında Moskvanın əsas məqsədlərindən biri də Mərkəzi Asiyanı nüfuz dairəsində saxlamaq və bölgəyə təsirini artırmaqdır.
Beləliklə, Rusiyanın regional siyasətinə və bölgəyə təsir imkanlarına nəzər saldıqda Moskvanın Mərkəzi Asiyada ən təsirli, güclü xarici aktyor olması qənaətinə gəlmək olar. Bununla belə, Rusiyanın Mərkəzi Asiyada gücünü hüdudsuz hesab etmək yanlış olardı və ilk növbədə region dövlətlərinin digər böyük xarici aktyorlarla münasibətlərini inkişaf etdirərək Moskvanın gücünü balanslaşdırmaq siyasəti rusların bölgədə dominantlığını mümkünsüz edir. Eyni zamanda Mərkəzi Asiyada maraqları olan digər güc mərkəzlərinin regional siyasətləri də Rusiyanı bölgə ilə bağlı iddialarını “cilovlamağa” vadar edir.
Mərkəzi Asiyada ciddi geosiyasi, iqtisadi, təhlükəsizlik maraqları olan və Sovet İttifaqı dağıldıqdan sonra bölgədə xüsusi fəallığı ilə seçilən regional dövlətlərdən biri də Çindir. Mərkəzi Asiyanı Çinin geostrategiyasında aktual edən vacib amillər bölgənin coğrafi yaxınlığı, enerji və digər təbii resurslarla zəngin olması, etno-mədəni xüsusiyyətləridir. Xüsusilə, son 27 ildə təhlükəsizlik qayğılarının azaldılması Pekinin region dövlətləri ilə münasibətlərində diqqət yetirdiyi əsas məsələ olmuşdur. Region dövlətləri ilə geniş tərkibli əlaqələrinə baxmayaraq Pekinin 1990-cı illərdən başlayaraq Mərkəzi Asiyada sərgilədiyi mövqe Çinin təhlükəsizlik və stabillik narahatlıqları ilə bağlı olmuşdur.
Mərkəzi Asiya dövlətlərinin müstəqillik əldə etməsi Pekində ölkənin şimal-qərbində yaşayan uyğurlarda etnik separatizmi, dini meyilləri gücləndirəcəyi ilə bağlı qorxuları xeyli artırdı. Onu da qeyd etmək istərdik ki, regionda etnik millətçilik və dini radikalizmlə mübarizə məsələsində Çin və Rusiyanın maraqları üst-üstə düşür. Hər iki dövlət etnik millətçiliyi və dini fundamentalizmi yalnız bölgədəki milli maraqlarına deyil, ümumiyyətlə, özlərinin ərazi bütövlüyünə böyük təhdid kimi görürlər. Dini radikalizmin bölgədə yayılması qorxusu məsələsində yalnız Çin-Rusiya deyil, hətta Çin-ABŞ maraqları üst-üstə düşür.
Çinin Mərkəzi Asiyada təsirinin artması Rusiyanı strateji olaraq qane etməsə də bəzi regional proseslərlə bağlı Moskva-Pekin oxunun yarandığını görürük. Məsələn, bölgədə ABŞ-ın təsirinin güclənməsinin qarşısının alınması və regional stabilliyin, balansın qorunub saxlanması ilə bağlı hər iki regional böyük dövlətin ortaq maraqları formalaşmışdır. Məhz bu ortaq maraqların nəticəsində 2001-ci ildə Çin və Rusiyanın təşəbbüsü ilə regional əməkdaşlığı, təhlükəsizliyi, strateji balansı təmin etməli olan Şanxay Əməkdaşlığı Təşkilatı yaradılmışdır. Qeyd edək ki, Çin və Rusiyadan başqa Mərkəzi Asiyanın 4 dövləti də (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) bu təşkilatda təmsil olunur.
Çinin sürətlə artan enerji tələbatını da Pekinin regiona marağını şərtləndirən əsas amillərdən biri kimi qəbul edə bilərik. Mərkəzi Asiyanın zəngin enerji mənbələri enerji idxalını müxtəlifləşdirməkdə maraqlı olan Çin üçün olduqca cəlbedici görünür. Əsasən Yaxın Şərq kimi qeyri stabil bölgələrdən enerji idxal edən Çin alternativ kəmərlərin çəkilməsinə enerji təhlükəsizliyinin vacib aspekti kimi yanaşır. 2009-2010-cu illərdə Mərkəzi Asiyadan Çinə neft-qaz kəmərlərinin tikintisi başa çatdırıldı və bununla da, həm Çin alternativ enerji mənbələri əldə etdi, həm də region dövlətlərinin enerji ixracında Rusiyadan asılılığı xeyli azaltdı. Bir faktı əlavə etmək istərdim ki, 2020-ci ildə Çin istehlak etdiyi qazın 15 %-ni Mərkəzi Asiyadan idxal etmişdir.
Çin Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini yalnız enerji idxalı ilə məhdudlaşdırmır, həm də region iqtisadiyyatının ayrı-ayrı sahələrində də fəallıq göstərir. Regionun hidrokarbon və digər təbii resurslarının istismarında Çin şirkətləri yaxından iştirak edir. Son illərdə Çin məhsullarının Mərkəzi Asiya bazarlarına axını da xeyli sürətlənmişdir. Çin Mərkəzi Asiyanın 2-ci böyük ticarət tərəfdaşı olmaqla (Avrasiya İqtisadi İttifaqından sonra) artıq bölgədə Rusiyanın iqtisadi dominantlığını belə təhdid edir. Qeyd ədək ki, son zamanların statistik məlumatlarına görə, Çin regionla ticarət dövriyəsinin həcminə görə Rusiyadan öndədir. Mərkəzi Asiyanın region olaraq Çin üçün daha bir önəmi bölgənin Pekinin qlobal geostrateji, geoiqtisadi maraqlarını təmin etməli olan “Bir Kəmər – Bir Yol” layihəsinə daxil olmasıdır. Eyni zamanda Çinin dövlət bankları region dövlətlərinə son illərdə çoxmilyardlı kreditlər ayırmışdır. Bütün bu qeyd etdiyimiz amillər Pekinin bölgə üzərində iqtisadi-siyasi təsir imkanlarını formalaşdırmışdır.
İqtisadi və siyasi təsir vasitələrindən başqa Pekinin bölgədə formalaşdırmağa çalışdığı amil “yumşaq güc”dür. Çin qəbul etdiyi “yumşaq güc” strategiyasına uyğun olaraq son illərdə Mərkəzi Asiya respublikalarında Çin dilini öyrədən çoxsaylı tədris müəssisələrinin, Çin mədəniyyətini təbliğ edən mərkəzlərin, institutların açılmasına nail olmuşdur. Çinin regionda həyata keçirdiyi “yumşaq güc” siyasətinin başlıca məqsədi bölgə dövlətləri üzərində Pekinin mədəni təsirini formalaşdırmaqdır.
Çinin Mərkəzi Asiyada xüsusi maraqlarının olmasına baxmayaraq Pekin bölgədə hərbi iştirakdan imtina edir. Pekində belə hesab edirlər ki, regionda hərbi bazalar saxlamaq həm bölgə xalqları arasında Çinfobiya meyillərinin güclənməsinə, həm də Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər. Bölgədə hərbi iştirakdan imtina həm də onunla bağlıdır ki, Çin Mərkəzi Asiyanı özünün həyati maraqları olan regionlardan hesab etmir. Baxmayaraq ki, bölgədə Çinin ciddi təhlükəsizlik və iqtisadi, xüsusilə enerji maraqları var. Həmçinin Çin özünün Mərkəzi Asiya siyasətində Rusiya faktoruna xüsusi həssaslıqla yanaşır və çalışır ki, atdığı addımlar Moskvanı qıcıqlandırmasın. Çin Şanxay Əməkdaşlığı Təşkilatı çərçivəsində bölgədə Rusiya ilə münasibətləri balanslaşdırmaq siyasətinə üstünlük verir. Eyni zamanda Mərkəzi Asiya dövlətləri də Çinlə əlaqələrinə özlərinin xarici siyasətlərini, ixrac bazarlarını və investisiya mənbələrini müxtəlifləşdirmək vasitəsi kimi baxır.
Dünyanın ən böyük siyasi, iqtisadi, hərbi gücü olan ABŞ-ın Mərkəzi Asiyada əhəmiyyətli geostrateji, enerji maraqlarının olması Vaşinqtonu regionda gedən proseslərdə əsas oyunçulardan birinə çevirir. Ümumiyyətlə, ABŞ-ın regional siyasətini əsasən 2 mərhələyə ayırmaq olar: 11 sentyabr 2001-ci il məlum terror hücumlarına kimi və ondan sonra.
1991-2001-ci illərdə ABŞ regionda gedən proseslərdə iştirakla bağlı xüsusi maraq nümayiş etdirməmişdir. Həmin dövrdə Vaşinqtonun post-sovet məkanı ilə bağlı həyata keçirdiyi geostrategiyada Mərkəzi Asiya o qədər də vacib rol oynamırdı. Əsasən regionun enerji sektoruna Birləşmiş Ştatlar maraq göstərirdi və bu sahədə ABŞ şirkətlərinin iştirakına çalışırdı. Xüsusilə, enerji resusrlarının istismarı və onların Rusiyadan yan keçməklə dünya bazarlarına nəqli həmin dönəmdə ABŞ-ın regional siyasətinin əsas prioritetini təşkil edirdi. Onu da qeyd etmək istərdik ki, bu məsələ indi də ABŞ-ın regional siyasətinin əsas prioritetlərindən hesab olunur.
1990-ci illərdə ABŞ-ın regionla bağlı digər marağı İranın bölgəyə təsirini artıran radikal dini meyillərin önlənməsi olmuşdur. Vaşinqtonun 1990-cı illərin əvvəllərindən regional siyasətinin əsas məqamlarından biri də Türkiyəni bölgə dövlətləri üçün model dövlət rolunu inkişaf etdirməkdən ibarət olmuşdur. Mərkəz Asiyanın beş dövlətindən dördü ilə eyni etnik köklərə və dünyəvi hökumətə malik olan Türkiyə amerikan strateqlər tərəfindən regionun “demokratikləşməsi”, “qərbləşdirilməsi” modeli kimi qiymətləndirilirdi. Bununla belə, Vaşinqtonun bu yanaşması həmin dönəmdə ciddi uğur qazanmadı.
11 sentyabr 2001-ci il terror hücümları və bu hücumlara cavab olaraq Birləşmiş Ştatların Əfqanıstanda başlatdığı anti-terror əməliyyatları, müharibə Vaşinqton üçün Mərkəzi Asiyanın strateji dəyərini xeyli artırdı. Əfqanıstanla həmsərhəd olan və hərbi əməliyyatlar bölgəsinə coğrafi yaxınlığı ilə seçilən Mərkəzi Asiyada hərbi bazalar yerləşdirmək 2001-ci ilin sonlarından Vaşinqton üçün prioritet məsələlərdən birinə çevrilmişdir. Əfqanıstanda aparılan müharibənin ilk mərhələsində artıq Vaşinqton Özbəkistanın Xanabad, Qırğızıstanın Manas hava bazalarına özünün hərbi – hava qüvvələrini yerləşdirməyə nail oldu. Bu fakt özündə həm də Rusiyadan başqa 2-ci kənar böyük dövlətin regionda hərbi iştirakını ehtiva edirdi. Beləliklə, ABŞ Mərkəzi Asiyaya hərbi bazalarını yerləşdirməklə regionun onun üçün mühüm geostrateji əhəmiyyəti olduğunu da təsdiq etmiş oldu.
2000-ci illərin əvvəllərində baş verən bəzi hadisələr, xüsusilə Buş administrasiyasının post-sovet məkanında “rəngli inqilablara” dəstək verməsi region hökumətlərinin ABŞ-dan bir qədər uzaqlaşmasına, Rusiyaya yenidən yaxınlaşmasına səbəb oldu. Məsələn, 2005-ci ildə Özbəkistan hakimiyyətinin ölkənin Əndincan vilayətində dinc nümayişçilərə qarşı qəddar davranışı amerikan hökumətinin sərt reaksiyasına səbəb oldu və nəticədə, prezident İslam Kərimov ABŞ-ın Xanabaddakı hərbi bazasının bağlanması ilə bağlı qərar verdi. Eyni zamanda Əfqanıstanda aparılan müharibənin qəti qələbə ilə yekunlaşmaması da Birləşmiş Ştatların regionda nüfuzuna ciddi xələl gətirmişdir.
Buş hakimiyyətinin son və Obama hakimiyyətinin isə ilk illərində ABŞ-ın təsiri Mərkəzi Asiyada bir qədər də zəiflədi. Xüsusilə Obama administrasiyasının Rusiya ilə münasibətləri yenidən qurmaq siyasəti də bu prosesdə müəyyən rol oynadı. Nəhayət, 2014-cü ildən sonra ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin əhəmiyyətli hissəsini çıxartması Vaşinqtonun Mərkəzi Asiyadakı roluna ciddi təsir etdi.
Bütün bunlarla bərabər, ABŞ-ın geostrategiyasında Mərkəzi Asiya regionu hələ də əhəmiyyətini qoruyub saxlayır. ABŞ-ın Mərkəzi Asiyada əsas geosiyasi məqsədləri, prioritetləri bu amillərdən ibarətdir:
• ABŞ-ın hayati maraqlarının olduğu Yaxın Şərq və Hind - Çin bölgələrinə yaxınlığı, Rusiya ilə həmsərhəd olması Vaşinqtonun Mərkəzi Asiyada siyasi-hərbi iştirakını labüd edir.
•Regionun zəngin enerji ehtiyyatlarından faydalanmaq və bu ehtiyatların ixrac kəmərlərinin diversifikasiyasına nail olmaq. Başqa sözlə Rusiyanın bu kəmərlər üzərində inhisarına son qoymaq.
• Dini ekstremizmin yayılmasının qarşısını almaq, Mərkəzi Asiyanı və bütövlükdə Xəzər regionunu İranın təsirindən təcrid etmək.
Eyni zamanda region ölkələri də Mərkəzi Asiyada Rusiya və Çinin gücünü balanslaşdırmaq üçün ABŞ ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar. Beləliklə, həm ABŞ-ın, həm də region ölkələrinin maraqları hələ uzun müddət Vaşinqtonun Mərkəzi Asiyadakı proseslərdə təsir imkanlarının saxlanılmasını mümkün edir.
Mərkəzi Asiyada gedən geosiyasi prosesləri bir qədər ətraflı tədqiq etmək istəyiriksə Rusiya, Çin, ABŞ ilə bərabər digər regional oyunçuların da bölgədə maraqlarına və siyasətinə nəzər salınmalıdır. Türkiyə və İranı bölgədə maraqları, təsir imkanları və özünəməxsus siyasətləri olan regional dövlətlər kimi qəbul edə bilərik.
Türkiyənin Mərkəzi Asiya ilə bağlı xarici siyasətini 1990-cı illərin əvvəllərindən bu günə kimi müxtəlif mərhələlərə ayırmaq olar. SSRİ-nin süqutu ilə Orta Asiyada yaranan geosiyasi boşluq Türkiyə üçün yeni imkanlar hesab olunurdu və türk xarici siyasəti bu imkanlardan yararlanmaq strategiyasını həyata keçirməyə çalışırdı. Türkiyənin sabiq xarici işlər naziri və baş naziri Əhməd Davudoğlunun təbirincə desək “Soyuq müharibə”nin bitməsi ilə Türkiyə üçün yeni beynəlxalq konyuktur formalaşırdı (Stratejik derinlik, Türkiyenin uluslararası konumu. Seh. 74. İstanbul 2004 ).
Ankaranın Sovet İttifaqı dağıldıqdan sonra, yəni, 1990 – cı illərin ilk yarısında Mərkəzi Asiya ilə bağlı siyasətinin əsasında Türk amili dayanırdı və bu mərhələni bəzən “eyforiya” dövrü də adlandırırlar. Mərkəzi Asiyanın yeni müstəqilliyini əldə etmiş türk respublikaları ilə eyni etnik kök birliyi Ankarada regional liderliklə bağlı yanlış təsəvvürlər yaratmışdır. Məhz bu mərhələdə (1991-1994) Türkiyə regional maraqlarını təmin etmək üçün bir sıra təşəbbüslərlə çıxış etmişdır. Məsələn, 1992-ci ildə Türk Dilli Dövlət Başçılarının Ankarada zirvə toplantısının keçirilməsi ilə belə zirvə görüşlərinin əsası qoyuldu, türk dövlətləri arasında mədəni əlaqələri təmin etməli olan TÜRKSOY yaradıldı və s. Bununla belə, Türkiyənin Sovet İtiifaqının dağılması ilə yaranan yeni vəziyyətdə strategiyası uğurlu alınmadı və bunun əsas səbəblərini belə sıralamaq olar : 1. Rusiya faktoru 2. İqtisadi resursların məhdudluğu 3. Region dövlətlərinin siyasəti.
1995-ci ildən sonra Ankara regional siyasətində “eyforik, romantik” baxışlardan imtina edərək bu gün də davam edən bölgə dövlətləri ilə praqmatik, iqtisadi faydalılığa əsaslanan münasibətlərə keçid etdi. 2000 –ci illərin əvvəllərində Türkiyədə müşahidə olunan sürətli iqtisadi artım Ankaranın regional siyasətində də fəallaşmasına səbəb oldu. Ümumiyyətlə, Ankaranın regional siyasətinə təsir edən əsas faktorlar kimi bunları qeyd edə bilərik : Son illərdə xeyli böyüyən Türk iqtisadiyyatının yeni bazarlar axtarması, enerji təhlükəsizliyi, etnik və dini kimliyə əsaslanan geopolitik maraqlar, Qərblə təzadlı münasibətlər.
Xüsusilə enerji təhlükəsizliyi məsələsi Türkiyənin regional siyasətində mühüm rol oynayır. Türkiyənin neftə olan tələbatının 90 %, qaza olan tələbatının isə 100 % - i idxal hesabına təmin olunur. Türkiyə, artan enerji tələbatını təmin etmək və idxal kəmərlərini müxtəlifləşdirmək məsələsində Mərkəzi Asiyanı gələcəkdə əsas təminatçılardan biri kimi görür.
Eyni zamanda Türkiyə Mərkəzi Asiyada çoxtərəfli əməkdaşlığı institutlaşdırmaq istiqamətində də son illərdə bir sıra təşəbbüslər irəli sürmüşdür. Ankaranın bu təşəbbüsləri regionun bəzi dövlətəri (Qazaxıstan, Qırğızıstan) tərəfindən də dəstəklənmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq Türkiyəni Mərkəzi Asiyada xüsusi maraqları və müəyyən təsir imkanları olan regional güc mərkəzlərindən biri kimi qəbul edə bilərik.
Mərkəzi Asiyada geosiyasi, iqtsadi maraqları olan və bu maraqlarını reallaşdırmaq üçün fəallıq göstərən regional dövlətlərdən biri də İrandır. Sovet İttifaqının dağılması və bunun nəticəsində Mərkəzi Asiyada beş müstəqil dövlətin meydana çıxması İran üçün müəyyən imkanların və çətinliklərin yaranmasına səbəb oldu. İlk növbədə şimalda SSRİ-nin timsalında, böyük gücün mövcudluğunu başa vurması və yeni yaranan müstəqil dövlətlərin İranla eyni dini, sivilizasiyanı bölüşməsi Tehranda regionun gələcəyi ilə bağlı böyük ümidlər yaratmışdır.
1990-cı illərin əvvəllərində Tehranın regional siyasətinin əsasında dini kimlik faktoru dayanırdı. İran islami kimlik amilindən region dövlətləri üzərində ciddi təsir imkanları əldə edəcəyinə ümid edirdi və bu məqsədlə davamlı siyasət həyata keçirməyə çalışırdı. Bununla belə, İranın islami kimlik amilindən istifadə etmək strategiyası uğursuzluqla nəticələndi. Bu uğursuzluğu şərtləndirən əsas amilləri belə qeyd etmək olar:
1) İranın daxili problemləri. Bu problemlər ölkəni böhran həddinə çatdırıb və digər regionu iqtisadi cəhətdən əsarət altına almaq mümkünlüyünü çətinləşdirir.
2) İranla Mərkəzi Asiya respublikaları arasında dini – məzhəb fərqləri mövcuddur.
3) Mərkəzi Asiyada digər regional və böyük güclərin maraqları, fəaliyyəti, təsiri.
4) Mərkəzi Asiya dövlətləri özləri də çalışır ki, başqa dövlətlərin təsir dairəsinə düşməsin.
Bir vacib məqamı da qeyd etmək lazımdır ki, gözləntilərin əksinə olaraq İran regionda islam amilindən geniş və açıq istifadə etməmişdir. Əvəzində, ehtiyat və realizm İranın Mərkəzi Asiyadakı qonşuları ilə bağlı xarici siyasətində determinant rol oynayıb. Eyni zamanda regionun dünyəvi hökumətləri də İranın dini təsirini özlərinə təhlükə kimi görərək ona qarşı müqavimət göstərib.
İran, son illərdə və hazırda regionda strateji maraqlarını təmin etmək üçün bir sıra vasitələrdən istifadə edir. Tehran region dövlətləri ilə iqtisadi - siyasi əməkdaşlığını genişləndirməklə ilk növbədə özünün beynəlxalq təcrid vəziyyətini yüngülləşdirməyə çalışır. Eyni zamanda İran “regionalizm” amilindən yararlanmaqla bölgə dövlətləri ilə münasibətlərini dərinləşdirmək siyasətini həyata keçirir. İran Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində institutlaşmış əməkdaşlıq formatına da xüsusi önəm verir. Belə ki, Tehran İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı çərçivəsində bu dövlətlərlə münasibətlərini inkişaf etdirir, həmçinin Şanxay Əməkdaşlığı Təşkilatı ilə əməkdaşlıq edərək regional proseslərdə iştirakını təmin edir.
İranın Mərkəzi Asiya respublikaları ilə iqtisadi əməkdaşlığını inkişaf etdirmək üçün son illərdə üstünlük verdiyi sahələrdən biri də infrastruktur, enerji layihələrinin reallaşdırılmasıdır. Son 27 ildə Mərkəzi Asiyanı İranla birləşdirən bir çox enerji və dəmiryolu xətti istifadəyə verilmişdir. Ümumiyyətlə, İranın coğrafi yerləşməsi Mərkəzi Asiya dövlətlərinə dünyaya, açıq dənizlərə çıxış üçün unikal imkanlar verir və belə bir imkanı Tehran region dövlətlərinə təklif etməklə həm də özünün iqtisadi, geosiyasi maraqlarını təmin etməyə çalışır.
Bütün bunlarla bərabər, son illərdə İranın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə mənfi təsir edən və Tehranın regional proseslərdə təsirini zəiflədən faktorlar da nəzərdən qaçırılmamalıdır. Bu faktorları qısa olaraq belə sıralamaq olar : Xəzərin hüquqi statusunun müəyyən olunması prosesində İranın vaxtı ilə sərgilədiyi mövqe, Tehranın nüvə silahı əldə etmək strategiyası, ABŞ və digər Qərb dövlətlərinin İrana tətbiq etdiyi sərt siyasi-iqtisadi sanksiyalar, Tehranın regional siyasətində din amilindən imtina etməməsi.
Beləliklə, Mərkəzi Asiyanın təhlükəsizlik mühitinin regional geosiyasi proseslər kontekstində ümumiləşdirilərək təhlil edilməsi bir sıra nəticələrə gəlməyimizə imkan verir. İlk növbədə regionun təhlükəsizlik mühitinə ciddi təsir edən problemlərin və əməkdaşlığı zəruri edən amillərin olmasına baxmayaraq bölgə dövlətləri arasında effektiv tərəfdaşlıq mexanizmləri formalaşmayıb. Region ölkələri yalnız kənar güc mərkəzlərinin iştirakı və təşəbbüsü ilə meydana çıxan ittifaqların (Aİİ, ŞƏT, KTMT və s.) inteqrasiya proseslərində iştirak edirlər. Bu amil də region daxilində inteqrasiya proseslərinin zəif olduğunu, institutlaşmadığını göstərir. Əfqanıstanda baş verən son hadisələr, sosial – siyasi təlatümlər də region üçün ciddi təhlükəsizlik riskləri yaradır və bölgə dövlətlərini təhlükəsizlik siyasətlərinə daha həssas yanaşmağa vadar edir.
Rusiya və Çini bölgədə təsir imkanları daha çox olan ölkələr hesab etsək, yanılmarıq. Xüsusilə, Rusiya Mərkəzi Asiyada geniş hərbi-siyasi, iqtisadi, mədəni təsir rıçaqlarına sahib olmaqla region üzərində üstün mövqeyə malikdir. Həmçinin, Çin də regionda Rusiyadan sonra ən fəal kənar güc mərkəzi kimi xarakterizə oluna bilər. Pekinin regional siyasəti daha çox özünün iqtisadi, enerji, təhlükəsizlik maraqlarına əsaslanır və bölgə dövlətləri ilə münasibətlərində məhz bu amilləri nəzərə alır. ABŞ-ı regionda ciddi geosiyasi, geoiqtisadi maraqları olan və müəyyən təsir imkanlarına malik qlobal güc mərkəzlərindən hesab etmək olar. Vaşinqtonun regionla bağlı əsas geosiyasi marağı bölgədə Rusiya, Çin, İran kimi rəqib dövlətlərin təsir dairəsini məhdudlaşdırmaqla Mərkəzi Asiyada cərəyan edən proseslərdə fəal iştirak etməkdən ibarətdir. ABŞ, xüsusilə bölgənin enerji-iqtisadi potensialı üzərində bəzi region dövlətlərinin (Rusiya, Çin) inhisarını aradan qaldırmağa çalışır. Regionun geosiyasi konfiqurasiyasının formalaşmasında Türkiyə və İran kimi regional dövlətlər də iştirak edərək bölgə ilə bağlı müxtəlif maraqlarını təmin etməyə çalışırlar. Həm Ankaranın, həm də Tehranın regionda maraqlarını təmin etmək üçün müəyyən təsir imkanlarının olması ilə bərabər onların bölgədə fəal olmasını əngəlləyən amillər də az deyil.
Son olaraq qeyd edək ki, Mərkəzi Asiyada təhlükəsizlik mühitini formalaşdıran əsas amillərdən biri regionda cərəyan edən geosiyasi proseslər, böyük, regional dövlətlərin bölgədə üst – üstə düşən, toqquşan maraqları və bu maraqlara uyğun həyata keçirdikləri siyasətdir.
Mətin Məmmədli,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar