Roman Dobroxotov
“Əl-Cəzirə”
Dövlət tərəfindən maliyyələşdirilən Rusiya İctimai Rəy Araşdırmaları Mərkəzi (VCIOM) tərəfindən aparılan bir tədqiqata görə, prezident Vladimir Putinə ictimai güvən əhəmiyyətli dərəcədə azalıb. İyulun 1-də keçirilən sorğuda respondentlərin yalnız 37,9 faizi prezidentə milli əhəmiyyətli məsələlər üzrə qərarlar qəbulunda etibar edir. 18 Mart seçkisindən sonra isə bu göstərici 53.6% idi.
Yarırəsmi İctimai Fikir Fondunun (FOM) araşdırmasında da bənzər bir azalma qeydə alınıb. Seçicilərin etimadını araşdıran həftəlik sorğunun nəticələrinə görə, respondentlərin yalnız 49 faizi bu gün seçkilər keçirildiyi təqdirdə, Putinə səs verərdi (müqayisə üçün, martın sonlarında 68%).
Putinin 18 illik iqtidarı dövründə onun reytinqi yalnız bir dəfə azalıb: 2011-ci ilin dekabrında yüz minlərlə adam o ilin parlament seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz nümayiş etdirib.
O zaman hökumət böhranı görməməzliyə vura bilmədi. Dövlət televiziyası qəfildən müxalifət liderlərinə efir vaxtı verməyə başlamışdı və sonra prezident Dmitri Medvedev siyasi islahatları açıqladı (Putinin sonradan onları ləğv etdi).
Bu gün küçələrdə Putinə etiraz kütləsi yoxdur. Bütün ölkə ya TV ekranları qarşısında Dünya çempionatının oyunlarını seyr edir və Rusiya komandasının gözlənilməz uğuruna sevinir, ya çimərlikdə özünü günə verir, ya da kənddəki evində dincəlir.
Belə bir qısa müddətdə prezidentə etimad reytinqində ani dəyişikliyi necə başa düşə bilərik?
Bir çoxları Rusiyada siyasi sorğunun etibarlılığına şübhə ilə yanaşır: birincisi, dövlət iki əsas sorğu mərkəzini maliyyələşdirir; ikincisi, sorğu keçirən firmalar respondentlərin şəxsi məlumatlarını bilməlidir və çoxları araşdırma zamanı müxalif fikirləri ifadə etmək istəmir.
Bu iki arqument Putinin kədərli dərəcədə yüksək etimad reytinqini açıqlamaq üçün istifadə edilə bilər, ancaq onlar son dərəcə aşağı göstəricini əsaslandırmır, buna görə də statistikaya ciddi yanaşılmalıdır. Kremlin özü artıq bunu nəzərə alır.
Prezidentə etimad reytinqində enişin əsas səbəbi iyunun 14-də elan edilmiş pensiya islahatıdır ki, pensiya yaşını kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-dək artıracaq. İslahat, ehtimal ki, təxminən 10 milyon insana və ya Rusiya əhalisinin 7%-inə təsir edəcək.
Məsələ burasındadır ki, təqaüdçülər populist Putin rejiminin ən mühüm tərəfdarlarıdır; onlar əsas seçici kütləsi və dövlət televiziyasının əsas hədəf auditoriyasıdır.
Kremlin gənclər təşkilatları, futbol ultra azakeşləri, yaxud ziyalıların cəlb edilməsi ilə məşğul olduğu zaman geridə qalıb. Sovet dövründə olduğu kimi, indi onlar hakimiyyətdəki şəxslərin ən böyük düşmənidir. Müəllimlər və həkimlər də artıq siyahıda deyil; 2012-ci il seçkilərindən əvvəl Putin neft qiymətlərinin çökməsinə görə onların orta əmək haqqını iki qat artırmaq vədini yerinə yetirə bilməyib.
Bütün bu vaxta qədər təqaüdçü təbəqə aylıq 230 dollarla hakimiyyətə sadiq qalmışdı.
Putin bir dəfə onların sədaqətini sınamağa çalışıb. 2004-cü ildə onun administrasiyası xüsusi sosial qruplar (əksəriyyəti təqaüdçü olanlar) üçün ictimai nəqliyyatda pulsuz gediş, dövlət pansionatlarında pulsuz istirahət və yataqxanalarda pulsuz yaşayışın ləğvi barədə qanunu qüvvəyə mindirib.
O zamankı etirazlar kommunist rejimi çökdürən 1990-cı illərin əvvəllərindəki kütləvi etirazlarla müqayisə edilirdi. Hökumət geri çəkilməli oldu: imtiyazların bir hissəsi bərpa edildi və pensiyalar artırıldı. O zamandan bəri, yəni bu günə qədər hökumət təqaüdçülərin maraqlarına qəsd etməmişdi.
Əvvəlki təcrübələrini nəzərə alaraq, Rusiya hakimiyyəti artıq ictimai qəzəbin yeni kükrəyişinə hazırlaşır. Dövlət televiziya kanallarının hökumətin islahatını dayandırmaq cəhdində əsas rol oynayacağı gözlənilir.
Dövlət mediasına göndərilən və pensiya islahatının rus auditoriyasına necə təqdim olunması barədə məsləhət verən sənəd sızdırılıb. Onun etibarlılığını təsdiqləmək çətindir, lakin təklif edilən spin artıq dövlət televiziya kanalları tərəfindən istifadə olunur. Bununla belə, medianın səfərbərliyi işə yaramır.
Dövlət mediasının ictimaiyyətə maneə törədə bilməməsi bir sıra hallarda Qərbdə də baş verib. İngiltərədə “Remain” kampaniyasına olan dəstəyin “Brexit”dən necə xilas edə bilmədiyini xatırlayın. Yaxud ən böyük televiziya şəbəkələrində (başda “Fox News” olmaqla) Donald Trampın tənqidi, ilk növbədə, onun respublikaçılar arasında praymerizləri və daha sonra prezident seçkilərini udmasına maneə olmamışdı…
Rusiyada bu tendensiya daha da fəlakətlidir, çünki o, pensiya islahatı qərarından və bu anda ictimai qəzəbdən kənara çıxır. Dövlət televiziyası Putin hakimiyyətinin əsas hissələrindən biri olub; o, parlament, məhkəmələr və hətta təhlükəsizlik orqanlarından daha vacibdir.
Pensiya islahatı elan edilməzdən əvvəl, FOM, TV-yə olan inamı göstərən bir araşdırma yayımlayıb – 2015-ci ildəki 63 faizdən bu ilin aprelində 43 faizədək azalma.
Digər vacib tendensiya diqqəti yerli çətinliklərdən uzaqlaşdıran Ukraynadakı və Suriyadakı müharibəyə marağın azalmasıdır.
2014-cü ildən etibarən bu iki mövzu xəbərlər və siyasi tok-şoular üçün əsas “yem” idi. Məsələn, Ukraynanın daxili siyasi aləminə Rusiyaya nisbətən daha çox efir vaxtı sərf olunurdu.
Pensiya islahatı elanının vaxtını səlahiyyətlilər ehtimal ki, nəzərə almışdı – onlar Dünya çempionatının yaratdığı milli vəhdətin kütləni pis xəbərlərdən uzaqlaşdıracağına bel bağlayırdı. Həqiqətən də, Rusiya millisinin hər qələbəsindən sonra “Twitter” hökumət tərəfdarları və müxalif siyasətçilərin şərhlərindən “partlayırdı”. Amma hətta bu da işə yaramadı. Rusiya yığma komandasının iyulun 7-də Xorvatiya ilə dörddəbir final oyununda məğlubiyyəti ilə Putinin reytinqi endi.
Müxalifət lideri Aleksey Navalnının vəziyyətdən faydalanması və islahatın əleyhinə kütləvi aksiyalar təşkil etməsi cəhdləri uğurlu deyil. Küçələrdə iştirak çox azdır, qismən ona görə ki Navalnının tərəfdarları pensiya islahatlarına diqqət yetirməmək üçün çox gəncdirlər.
Ancaq narazılıq artmaqdadır və əsas döyüş payızda, Dövlət Dumasına seçkilər zamanı baş verəcək.
Bunun necə sonuclanacağını təxmin etmək çətindir. Bu ya sistemi dağıdacaq “yaşlı nəslin inqilabı” ola bilər, ya da son anda islahatları ləğv etmə qərarı alacaq Putinin populyarlığı üçün yeni bir təkan.
Bəziləri artıq həyata keçirilməsi planlaşdırılan islahatın məqsədli olduğunu fərz edirlər – Putini ictimai xilaskar kimi təqdim etmək və populyarlığını yüksəltmək.
Tərcümə: Strateq.az
Paylaş: