Digər dövlətlərdə qanunsuz qruplaşmalarda iştirak edən Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqda cinayət məsuliyyətinə cəlb edilir.
Bunu “Exo Moskvı”ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.
E.Nəcəfov bildirib ki, İŞİD kimi terror təşkilatlarına cəlb olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdanda qadağan olunmuş təşkilatlarda iştirakına görə cinayət məsuliyyətinə cəlb olunur: “Çünki onlar qanunu pozublar. Biz qanunun aliliyini əsas götürürük. Bu cür insanlar təkcə dövlət tərəfindən deyil, həm də Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur”.
Onun sözlərinə görə, vətəndaşın terror təşkilatlarının tərkibində iştirakı kimi mənfi təzahürlərin qarşısını almaq üçün müəyyən siyasət həyata keçirilir ki, bu da bir sıra ölkələrin xoşuna gəlmir.
Nəcəfov qeyd edib ki, Azərbaycanda müəyyən təşkilatlar, digər ölkələrdən maliyyələşən əsasən müsəlman təşkilatları var: “Söhbət bəzi Yaxın Şərq ölkələrindəki mərkəzlərdən gedir. Bu mərkəzlər İŞİD və digər bu kimi təşkilatların yaydığı ideologiyanı təbliğ edirlər. Onların fəaliyyəti qanunaziddir, Konstitusiyaya uyğun deyil. İstənilən ölkədə hər hansı təşkilat qanunu gözləmirsə, qanunsuz fəaliyyətinə görə cavab verməlidir”.
Trend
Paylaş: