2018-ci ildə Azərbaycan Parlamentinin yüzilliyi qeyd olunur. Başqa sözlə, parlament Azərbaycanda ən qədim siyasi müəssisələrdən biridir.
Bu, Azərbaycan siyasi mədəniyyəti üçün böyük nailiyyətdir. Çoxpartiyalı sistemlərdə parlament, müxalif partiyalara iqtidar partiyasının qərarlarını sorğulamaq imkanı yaradır. O, müxtəlif siyasətlər və ideologiyalar üçün azad platforma rolunu oynayır. Təbii olaraq, 1918-ci ildən başlayaraq parlament ənənəsində davamlılıq və fasilə zamanları olub.
1918-ci il mayın 28-i Azərbaycanın müstəqilliyi elan edilən zaman, Milli Şuranın Azərbaycan xalqını təmsil edən tərkibində 44 üzv var idi. Bu üzvlər gələcək parlamentin əsası idilər. 1918-ci il noyabrın 16-sı Milli Şuranın həmin 44 üzvü Bakıda Tağıyevin Qızlar Məktəbində fəaliyyət göstərməyə başlayır. Lakin milli parlament adlandırılması üçün bu say çox az idi.
Onlar bir il əvvəl Sankt Peterburqda Transqafqaz Müsəlmanlarını təmsil etmək üçün müxtəlif sistemlər əsasında seçilmişdilər. Eləcə də Azərbaycanda təmsilə ehtiyacı olan başqa millətlər da var idi. Noyabrın 16-sı Milli Şura çağırılarkən üzvlər bu problemləri də müzakirə edirlər.
Seçkilər təşkil etmək əvəzinə onlar yerlərin sayını artıraraq mövcud Şuranı parlamentə çevirmək qərarına gəlirlər. Bu isə ölkədəki müsəlman və qeyri-müsəlman icmalardan əlavə nümayəndələr çağırmaqla həll olunur.
Parlament üçün üzv sayı 120 nəfər olaraq müəyyənləşdirilir. Lakin müxtəlif səbəblərdən heç vaxt bu rəqəmə bərabər millət vəkili toplana bilmir. Adətən rəqəm 96-dan yuxarı olmurdu.
Bir neçə həftə sonra, 1918-ci il dekabrın 7 – də Bakıda Azərbaycan Parlamenti açılır. Eyni gündə baş nazir Xoyski və kabineti istefaya gedir ki, yeni hakimiyyət yeni parlament tərəfindən qurulsun. Dekabrın 26-sı parlament Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni nazirlər siyahısını təsdiq edir. Parlament Respublikanın sonuna qədər fəaliyyət göstərir.
Birinci parlamentin mühüm xüsusiyyətləri var idi. O, çoxpartiyalı sistem əsasında qurulmuşdu. Müxtəlif partiyalar seçicilər arasında ideyaları yaya bilərdilər. Parlament müxtəlif siyasi proqramlar və ideologiyaları təmsil edirdi. Partiyaların heç biri parlamentdə mütləq üstünlük təşkil etmirdi.
Ümumi rəqəmdən 39 yer Müsavata, 13 yer İttihada, 6 yer Əhrara, 13 yer sosialist blokuna, 4 yer partiyasız üzvlərə, 3 yer müstəqil üzvlərə, 5 yer Ermənistan partiyasına, 6 yer Daşnaksutyun və 4 yer digər milli azlıqların üzvlərinə məxsus idi.
Müsavat üstünlük təşkil etməsə də, koalisiya hökumətlərinin siyasətlərinə başçılıq edirdi. Və nəhayət, parlament Respublikanın ən sonuna qədər açıq olub. O, qanunverici hakimiyyəti başqa bir orqana ötürməyib. Parlament həm kağızda, həm də təcrübədə Respublikanın ən böyük siyasi təşkilatı olub.
Bütün bu aspektlər 1920-ci ilin aprelində Qızıl Ordunun ölkəyə girməsi nəticəsində Azərbaycanda qurulan Sovet hakimiyyətindən sonra dramatik şəkildə dəyişdi.
Azərbaycan bolşevikləri Moskvanın dəstəyi ilə ölkədə yeni qayda yaradır. Azərbaycan bolşeviklərinin gördüyü ilk iş, Azərbaycan İnqilab Komitəsi (AİK) yaratmaq və mövcud parlamenti bağlamaq olur. Bu, bir növ 1917-ci Oktyabr inqilabından əvvəl Rusiya bolşeviklərinin Petroqradda təşkil etdiyi komitənin surəti idi.
Təbii ki, belə olduqda yerli bolşeviklərin 1920-ci ilin aprelində baş verənləri işğal və ya xarici müdaxilə adlandırmamaq imkanı yaranırdı. Yerli inqilab gedirdi və inqilabçılar Rusiya inqilabçılarına dəstəyə çağırılırdı. AİK ölkə üzərində diktator gücünə sahib idi. Azərbaycan bolşevikləri Azərbaycandakı kütlələr arasında azlıq idi. AİK isə onların mövqeyini təmin edirdi.
AİK bağlanan parlamentin qanunverici gücünü əlində cəmləmişdi. Bir qədər əvvəl, 1920-ci ilin fevralında azərbaycanlı bolşeviklər Azərbaycan Kommunist Partiyası (Bolşeviklər) adı altında birləşmişdilər. Ölkə bir il Bakıdan AİK və Azərbaycan Kommunist Partiyasının Bakı komitəsi tərəfindən idarə olunur.
1921-ci ilin mayında yeni rejimin ilk Ümumazərbaycan Sovetlər Qurultayı adlı qanunverici təşkilatı yaradılır. Bəzi tarixçilər bunu Azərbaycan parlament ənənəsinin ikinci fazası kimi qəbul edirlər. Ölkə bir (demokratik) respublikadan digər (sovet) respublikaya keçdiyi kimi, yeni parlament də bir illik aradan sonra köhnəni əvəzləyir. Bu təfsiri “davamlılıq nəzəriyyəsi” də adlandırmaq olar.
Məntiqlə, Ümumazərbaycan Sovetlər Qurultayı respublikanın xalqını təmsil etməli idi. Rejimin işçilər, kəndlilər və Qızıl Ordunun əsgərləri tərəfindən idarə olunduğu iddia edilirdi. Hər qrupun nümayəndələri yeni qayda və qanunların təsdiqi də daxil olmaqla, Ümumazərbaycan Sovetlər Qurultayında bir araya gəlməli və qərarlar qəbul etməli idi.
Üstəlik, Ümumazərbaycan Sovetlər Qurultayı ölkənin ən güclü siyasi təşkilatı idi. Qurultayın sədri həm də respublikanın başçısı idi. Buna görə də yeni respublika “sovet respublikası” və ya sovet xalqlarının respublikası adlandırılırdı. Xalqın iradəsini təmsil edən seçilmiş qanunverici orqan fəaliyyətini Bakıda davam etdirirdi. O, ADR parlamentinin funksiyasını icra edirdi. Bu səbəblə, Ümumazərbaycan Sovetlər Qurultayının bir növ ADR parlamenti ilə Azərbaycanın hazırkı parlamenti arasında körpü rolunu oynadığını söyləmək olar.
Lakin Azərbaycan Respublikasının parlamenti ilə Azərbaycan SSR-in Ümumazərbaycan Sovetlər Qurultayı arasında açıq-aşkar fərqlər mövcud idi. Bu fərqlərə görə bəzi tarixçilər və siyasi nəzəriyyəçilər vəziyyəti davamlılıq yox, fasilə kimi qiymətləndirirlər. Bu təfsir isə “fasilə nəzəriyyəsi” adlandırıla bilər. Bəs sözügedən fasilə nədən ibarət idi?
1920-ci ildən sonra Azərbaycan çoxpartiyalı ölkədən birpartiyalı respublikaya çevrilir. Məntiqlə, Ümumazərbaycan Sovetlər Qurultayının üzvləri siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, adi işçilər, kəndlilər və əsgərlər idi. Sovetlər isə istənilən siyasi partiyadan üstün idi. Təcrübədə qanunverici orqan və seçkilərə bir partiya hakim idi – Azərbaycan Kommunist Partiyası.
İlk öncə seçkiləri təşkil edən müstəqil qurum yox idi. Azərbaycan Kommunist Partiyası 1921-ci ilin mart seçkilərində iştirak etmək qərarına gəlir. Belə ki, rəhbərlik doğru zaman olduğu qənaətində idi. Gələn ay bütün partiya Azərbaycanda ‘seçkilər’ təşkil etmək tapşırığı alır. Başqa bir siyasi partiya yaratmaq, başqa bir siyasi proqram irəli sürmək və kommunistlərə rəqib kimi seçkilərə qatılmaq qadağan idi. Kəndlər, qəsəbələr və şəhərlərdəki seçkilər azad seçkilərdən daha çox, Azərbaycan Kommunist Partiyasının dəstəklədiyi namizədlərin elanı xarakterini daşıyırdı.
Qurultayın qapıları 1921-ci il mayın 6-sı Bakıda açılır. Seçilən 601 nümayəndədən 445-i mayın 13-nə qədər gəlir və sessiyalarda iştirak edir. Nümayəndələrin əksəriyyəti Kommunist Partiyasının üzvləri idi (392).
Qurultay bir neçə bəyanat və açıqlama təqdim edir və hətta, iki həftə qədər qısa bir müddətdə yeni respublikanın Konstitusiyasının “müzakirə və qəbulunu” da apara bilir. Bu effektivliyin arxasında açıq bir sirr yatırdı. Qurultayın təsdiq etdiyi bütün sənədlər, qabaqcadan Azərbaycan Kommunist Partiyasının liderləri tərəfindən hazırlanırdı.
Qurultay yeni konstitusiyanın qanunverici orqanı idi. Qeyd etdiyimiz kimi, nəzəriyyədə Qurultay ən yuxarı siyasi qurum idi və Qurultayın sədri həm də respublikanın rəhbəri idi. Eynilə parlament və ADR rəhbərliyi kimi.
Təcrübədə isə məsələ tamamilə fərqli idi. Ən vacib təşkilat olmasına baxmayaraq, Qurultay ADR dövrünün parlamenti kimi həmişə açıq olmadı. Cəmi iki həftə açıq qalan Qurultay binasının qapıları bir illik bağlandı. Bağlanmamışdan qabaq Qurulta, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (və ya Azərbaycan MİK) adlı kiçik və daimi bir orqan təşkil edir.
Bu kiçik orqan Qurultay adından qanunverici hakimiyyət funksiyasını icra edirdi. Azərbaycan MİK-in 73 tam, 26 namizəd üzvü var idi. Bununla belə, Azərbaycan MİK tam şəkildə Azərbaycan Kommunist Partiyasının idarəsində idi.
1921-ci il mayın 21-i ilk sessiya əsnasında Azərbaycan MİK Azərbaycan SSR-in ilk icraedici orqan və ya hökuməti olan Azərbaycan SSR Xalq Komissarları Sovetini təsdiq edir. Əvvəllərdə Müsavat partiyasının solçu üzvləri və başqa yerli solçu qruplar Azərbaycan Kommunist Partiyasına daxil edilir və yeni hakimiyyətin tərkibində işləyirlər. Lakin 1920 və 1930-cu illərin təmizləmələri həmin şəxsləri tədricən partiyadan uzaqlaşdırır.
Sistem 1936-cı il konstitusiyasında cüzi dəyişdirilir. Məsələn, Ümumazərbaycan Sovetlər Qurultayının adı Azərbaycan SSR Ali Soveti ilə əvəzlənir və yerlərin sayı bir neçə dəfə dəyişdirilir. Lakin əsas aspektlər 1980-ci illərin sonlarında qeyri-kommunist partiyalar yaranana və 1991-ci ildə Sovet İttifaqı dağılana qədər mövcudluğunu davam etdirib.
Ötən 100 ilə ərzində davamlılıq və fasilənin nəzər yetirməyə dəyən mühüm detalları olduğunu vurğulamaq lazımdır.
(BBC Azərbaycanca)
Paylaş: