Xəbər lenti
27-11-2024, 19:25

Məryəm Qriqoryan

“1in.am”, Ermənistan

 

“1in.am”-ın müsahibi “Ermənistan-İsrail” İctimai Forumunun həmsədri, Knessetin sabiq deputatı Aleksandr Tsinkerdir.

– Cənab Tsinker, İsrailin Müdafiə naziri Aviqdor Libermanın Cənubi Qafqaza səfəri başa çatdı. O, öncə Gürcüstana, sonra bir neçə günlüyə Azərbaycana səfər etdi. Siz bu səfərin yekunlarına necə qiymət verərdiniz? Onu sizin üçün diqqətəlayiq edən nədir?

 İsrailin özündə bu səfərlə bağlı çox az məlumat getdi və açığı, biz Gürcüstanda və Azərbaycanda nə barədə danışıq getdiyini tam olaraq bilmirik. Məncə, bu, Cənubi Qafqaza olan səfərlərin davamı idi. Bu yaxınlarda Merkel də gəlmişdi və regionun hər üç ölkəsinə səfər etdi. İsrail də çox uzaqda deyil, belə bir layihə var – Cənubi Qafqazın da daxil olduğu “Böyük və Yaxın Şərq”. Bu gün Yaxın Şərq, – Türkiyə, İran, İsrail, Rusiya, və ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının cəlb olunduğu Suriya düyünündən tutmuş onun ətrafında gedən bütün proseslərədək, – partlamağa hazır durumdadır. Mənim fikrimcə, Libermanın səfəri məhz bununla bağlıdır. Aydındır ki, Gürcüstanda və Azərbaycanda müxtəlif şeylərdən söhbət gedib.

Əgər söhbət Gürcüstandan gedirsə, Tbilisi ilə normal diplomatik münasibətlər mövcuddur.

Birincisi, həm Gürcüstan, həm də İsrail NATO qoşunları ilə birgə bir neçə təlimdə iştirak edir. Bu təlimlərdə söhbət ordunun modernləşdirilməsindən və ya silahlı qüvvələrin idarə olunmasından gedə bilər. Və İsrail bu məsələlərdə Gürcüstana yardım edə bilər.

İkincisi, 2008-ci ildən sonra Gürcüstanın həm ABŞ-la, həm də İsraillə olan ticarətində həcmi azalan Hərbi Sənaye Kompleksi ilə ticarətin artırılması və bərpa olunması danışıqlar mövzusu ola bilər.

Azərbaycana gəldikdə isə, sirr deyil ki, Liberman Azərbaycana səfərlərin böyük həvəskarıdır, axı İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq məxfi deyil. Lakin bu halda Libermanı Azərbaycanla qonşu olan ölkədə, məhz İranda mövcud olan vəziyyət maraqlandırır. Bu gün İsraillə İran arasında münasibətlər, xüsusilə Suriya probleminə görə, kəskin pisləşib, baxmayaraq ki, çox da yaxşı deyildi. İran Suriyadan çıxmaq istəmir, İsrailsə İran hərbi mütəxəssislərinin bu ərazilərdə olmasına dözməyəcək. Biz də, amerikalılar da İranda gedən proseslərə diqqət edirik; orada sanksiyalara görə milli valyuta iflas edib, iqtisadi problemlər, həmçinin bu fonda xalq narazılıqları var. Biz İranla sərhəddi olan müsəlman ölkələrinə xüsusi maraq göstəririk.

 Libermanın Cənubi Qafqaz səfəri nə üçün Ermənistandan yan keçdi?

– Ermənistandan danışarkən, mən təəssüflə qeyd etməliyəm ki, ölkələrimiz arasında diplomatik münasibətlər mövcud olsa da, ticarət-iqtidsadi münasibətlər çox zəif inkişaf edib. Son illər ərzində nümayəndə heyətləri qarşılıqlı səfərlər etsələr də, hərbi əməkdaşlıq yoxdur. Ermənistanın KTMT üzvü olması digər ölkələrdən silah tədarükünü istisna edir, çünki Ermənistan onu Rusiyadan almalıdır. Rusiya bu məsələyə qısqanclıqla yanaşır.

Digər tərəfdən belə təəssürat yaranır ki, Ermənistan Rusiya siyasətinin yedəyində gedir, –xüsusilə əvvəlki hakimiyyət dövründə belə idi, – ona görə də əgər siz Rusiya ilə razılıq əldə edərsinizsə, onda Ermənistanla da razılaşa bilərsiniz.

Hazırda Ermənistanda hakimiyyət strukturu dəyişib, birincisi, Ermənistan parlamentli respublika olub, yeni rəhbər, yeni Baş nazir var və indi Ermənistanın yaxın gələcəkdə necə siyasət aparacağını hamı elə də anlamır. Əgər əvvəllər Ermənistanın komplementar (tamamlayıcı – tərc.)siyasətindən söhbət gedirdisə, indi biz bilmirik bu, hara gedəcək. Cənab Paşinyanın tez-tez Moskvaya səfər etməsi və “bizim parlaq münasibətlərimiz var” deməsi bir sıra suallar yaradır: o zaman gözəl olan nədir, aydın olmur, ölkələr arasında hər zaman problemlər olmalıdı, ona görə ki, hər bir ölkə öz oyununu oynayır? Bu dəfə Libermanın Ermənistana da gəlməsi üçün obyektiv səbəb yox idi. Xüsusən də Libermanın Azərbaycana necə münasibət bəslədiyini nəzərə almaq lazımdır, o, Bakının qısqanclıq etməsini istəmədi, özü də, həqiqətən, Yerevanla hər hansı bir xüsusi razılaşma yox idi.

Mən isə, Ermənistanın böyük həvəskarı kimi, ölkələrimiz arasında münasibətlər inkişaf edərkən həmişə sevinirəm, ancaq hələlik bütün bunlar çox aşağı səviyyədədir.

 Təşəbbüs kimin tərəfindən olmalıdı?

 Əgər hər bir tərəf oturub kimin təşəbbüs göstərəcəyini gözləyəcəksə, məncə, bu, heç zaman olmayacaq, hər iki ölkə təşəbbüs göstərməlidi. Mən bilirəm ki, İsrail deputatlarının növbəti qrupu Ermənistana gəlməlidi, hər iki tərəfin də iştirak edəcəyi konkret proqramlar tapılmalıdı ki, bu, həm Ermənistan, həm də İsrail üçün faydalı olsun. Bu, köhnə ehkamdır  Ermənistanda deyirlər, bilirsiniz, İsrail pisdir, çünki o, “Genosid”i (mətndə belə gedib – tərc.) tanımır, İsraildə də deyirlər ki, Ermənistan təhlükəlidir, çünki bizim düşmənimiz olan İran onun dostudur. Bunu unutmamalıyıq, lakin paralel olaraq bu gün haqqında təkrar-təkrar düşünməliyik.

Siz bilirsiniz ki, “Genosid”in tanınması ilə əlaqədar olaraq İsraildə fəaliyyət göstərən erməni lobbisi kifayət qədər güclüdür. Biz hələ ki, onu sonadək apara bilmirik, lakin mən fikirləşirəm ki, bu, zaman məsələsidir. Bizim parlament başa düşəcək, çünki insanlar qəbul edir, insanların əksəriyyəti başa düşür ki, “Genosid” olub və o, tanınmalıdı. Mənə elə gəlir ki, Azərbaycan və Türkiyə ilə siyasi oyunlar daha rol oynamayacaq və “Genosid” tanınacaq, bu, siyasi oyun deyil, tarixi faktdır.

 Əlbəttə ki, “Genosid”in tanınması çox mühümdür, lakin ikitərəfli münasibətlər məhz bu məsələ üzərində konsentrə olunmalıdımı?  

 Xeyr, həmən deyim ki, xeyr. Mən bir dəfə, necə oldusa, Şarl Aznavurun sözlərini eşitdim, o, tez-tez İsraildə olur… Məncə, bu – bu yaşda belə konsertlərin verilməsi, sadəcə, bir möcüzədir… Ermənistandan söz düşərkən, o dedi ki, bir problemə ilişib qalmaq lazım deyil, dövlətin başlıca məqsədi “Genosid”in tanınması ola bilməz. Bu, məşğul olunması lazım olan bir problem olmalıdı, lakin bu, ölkənin başlıca məqsədi ola bilməz. Dövlət digər məsələlərlə məşğul olmalıdı. Mən razıyam, bu, birinci dərəcəli olmamalıdı, ikitərəfli münasibətlərdə qarşılıqlı fayda olmalıdı. Bizim köklərimiz yaxındır, informasiya çox olmalıdı, İsraildə Ermənistan haqqında çox bilməlidilər, Ermənistanda isə bilməlidilər ki, İsrail necə bir yerdir, o, nə zaman və necə yaradılıb, 70 ildə hansı nailiyyətlər əldə edilib, onun hansı hədəfləri var? Insanlar bir-birini nə qədər yaxşı tanıyarsa, proqramları irəlilətmək də o qədər asan olar.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 346          Tarix: 24-09-2018, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma