AĞAYEV NADİR (Nadir Mirələkbər oğlu Ağayev, d. 13.03.
1938 Salyan ş.)
|
Dülgər ailəsində doğulub, anası evdar qadın olub. On iki uşaqlı ailənin sonbeşiyidir. 1957-ci ildə Bakıda 199 saylı orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutunun Memarlıq Fakültəsinə qəbul olunub. 1963-cü ildə ali təhsilini başa vurduqda gənc mütəxəssis kimi təyinatla Qazaxıstan Sovet Sosialist Respublikasında işləməyə göndəriblər. Almatıda Kənd Tikinti Layihə İnstitutunda işləyib. Orada çalışarkən Qazaxların həyat səviyyəsi, yaşayış tərzi ilə maraqlanıb. Öyrəndikləri onu heyrətləndirib. Ölkədə Qazaxlarla ikinci sinif insan kimi davranılmasının, rəhbər işlərdə rusdillilərin çalışdırıldığının, Qazax dilinin idarə və təşkilatlardan tamam sıxışdırılıb çıxarıldığının şahidi olub. Qazaxların çoxluq təşkil etdiyi bir respublikada Qazax dilli yeganə məktəbin Almatı şəhərində olmasını, Sovetlərin beynəlmiləlçilik siyasətinin ruslaşdırmaya gətirib çıxardığını görüb. Burada qalarsa, özünün də, övladlarının da ruslaşacağını anlayıb. Buna görə də, təyinat müddətinin bitməsini gözləmədən 1964-cü ildə Bakıya dönüb.
1964-1971-ci illərdə Azərbaycan Kənd Tikinti Layihə İnstitutunda mühəndis kimi işləyib. Qısa müddətdə işgüzarlığı ilə kollektivin rəğbətini qazanıb. Onu layihə üzrə baş mühəndis vəzifəsinə keçiriblər. 1966-cı ildə isə Azərbaycan SSR-də 2000-ci ilədək kompleks planlaşdırma qrupuna rəhbər təyin ediblər. 30-a yaxın layihəyə rəhbərlik etməklə yanaşı, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutundan dissertasiya mövzusu götürüb.
Dissertant kimi elmi işi üzərində işləməklə yanaşı, dostları və iş yoldaşları arasında 1964-cü ilin oktyabrında Nikita Xruşşov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra totalitar rejimin sərtləşməsini müzakirə edir. Ölkədə baş verənləri irəliyə deyil, geriyə dönüş kimi qiymətləndirir. Ölkədə insanların biganələşdirildiyini, repressiyaya məruz qalanların müdafiə edilmədiyini, birpartiyalı sistemin faciələrə yol açdığını, milli respublikaların hüquqlarının pozulduğunu söyləyir.
1964-cü ilin sonlarında DTK-nın tapşırığı ilə milis bölməsinə aparırlar. Apardığı söhbətlərdən xəbərdar olduqlarını bildirirlər. Hədələyirlər ki, onun söhbətlərinin mayasında antisovet, antisosialist təbliğat var. Əksfikirli bir adam öz işini nə qədər yaxşı bilsə də, onu rəhbər vəzifədə saxlamaq olmaz. Söylədiklərinə antisovet, antisosialist donu geydirib istədikləri vaxt onu həbs etdirə bilərlər. Xeyli çək-çevirdən, hədə-qorxudan sonra ondan izahat alıb buraxırlar.
Nadir Ağayev səhərisi gün işə gələndə görür ki, onu vəzifəsindən uzaqlaşdırıb, mühəndis vəzifəsinə keçiriblər. O, yuxarı orqanlara şikayət edir, qanuni haqqını tələb edir. İki ay sonra istəyinə nail olur. Lakin cəmiyyətdəki nöqsanları tənqid etməkdən əl götürmür.
Dissertasiyasını tamamlasa da, oxuyub müzakirə etmirlər. İşdə də vəziyyət getdikcə gərginləşir. Adamları ona qarşı qaldırırlar. 1971-ci il mayın 5-də rəhbərlik onu məcbur edir ki, ərizə yazıb işdən çıxsın. O, ərizə yazmasa, tələ qurulacağından, böhtana məruz qalacağından çəkinərək işdən çıxmaq haqqında ərizə yazıb rəhbərliyə verir. Beləliklə də, 1975-ci ilədək işsiz qalır.
İşsiz olduğu müddətdə siyasi təbliğatla ardıcıl məşğul olmaq imkanı əldə edir. Adamlardan təcrid etmək üçün ona hədə-qorxu gəlir və haqqında mülki cinayət işi qaldırırlar. O, bir müddət yuxarı orqanlara ərizə və şikayət etməklə özünü qoruya bilir. Təzyiqlərdən yaxa qurtarmaq və elmi işini müdafiə etmək məqsədilə 1975-ci ildə Moskvaya yola düşür. Orada yerli partiya-sovet orqanlarının yarıtmaz işindən Sov.İKP Mərkəzi Komitə-sinə, SSRİ Ali Sovetinə, SSRİ Baş Prokurorluğuna, Moskvadakı beynəlxalq təşkilatların nümayəndəliklərinə şikayət məktubları göndərir.
Azərbaycandan göndərilmiş DTK əməkdaşları aprel ayının 13-də onu Moskvada tutaraq Bakıya gətirirlər. Evində axtarış aparıb əlyazmalarını və sənədlərini götürürlər. Özünü isə Bayıldakı 1 saylı İstintaq Təcridxanasına göndərirlər. Haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin birinci hissəsilə cinayət işi açırlar. Onun əlyazmalarındakı fikirlərini və adamlarla söhbətlərini respublika rəhbərliyindən narazılıq, qanunlara əməl edilməməsinə, saxtakarlığa etiraz kimi deyil, antisovet təbliğat kimi qiymətləndirirlər.
İstintaq təcridxanasında saxlandığı bir ayda ondan istədikləri izahatı ala bilmədiklərinə görə Bakı şəhər 2 saylı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Dispanserinə göndərirlər. Həkim ekspertlər Nadir Ağayevin psixi xəstə olmadığı qərarına gəlirlər. Belə olduqda onu yenidən istintaq təcridxanasına qaytarırlar. Oradan da hakim qarşısına çıxarırlar. Hakim onu mühakimə etmək əvəzinə öyüd-nəsihət verir. Buyurur ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin adına məktub yazaraq səhvə yol verdiyini, peşman olduğunu, bir daha kommunist partiyası və Sovet hökuməti əleyhinə təbliğat aparmayacağını bildirsin. Üzürxahlıq edərək bağışlanmasını xahiş etsin. Belə edərsə, ona cəza verməz, əksinə, münasib bir işlə təmin edilməsinə, ailəsinin güzaranının yaxşılaşdırılmasına yardımçı olar.
Lakin Nadir Ağayev nə DTK əməkdaşlarının, nə də hakimin fikri ilə razılaşır. O, haqlı olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini, respublikada rüşvətxorluq, saxtakarlıq və istehsal edilən məhsulların həcmini həqiqətdə olduğundan çox göstərməyin bir yoluxucu xəstəliyə çevrildiyini söyləyir.
Nadir Ağayev görür ki, qanunvericiliyə əməl edilmir. Məhkəməyə dövlət ittihamçısı kimi prokuror çıxmır, istintaq qaydalarına əməl edilmir, vəkilin iştirakı olmadan hakim onunla istədiyi şəkildə söhbət edir, sonra da protokol tərtib edir. Bu minvalla onu 4 dəfə hakim yanına gətirirlər. 5-ci dəfə hakim yanına gətiriləndə o bildirir ki, bir daha məhkəməyə gəlməyəcək. Hakim ailə üzvlərinə və ona hökmü oxuyacağını söyləyir. 4-5 saat gözləsələr də, hakimi görə, məhkəmənin hökmünü ala bilmirlər.
Nadir Ağayevə məhkəmənin hökmünü 1 saylı İstintaq Təcridxanasında verirlər. Hökmdə göstərilir ki, Nadir Ağayev SSRİ-ni həbsxanalar ölkəsi, Sovet Azərbaycanını da Rusiyanın müstəmləkələrindən biri adlandırır. Azərbaycanda ruslaşdırma siyasəti yürüdüldüyünü və bu işin həyata keçirilməsində milli kadrlardan – partiya-sovet işçilərindən, məhkəmə, prokrorluq, milis və dövlət təhlükəsizliyi orqanlarında çalışanlardan istifadə edildiyini, sözdə demokrayiyadan dəm vurulsa da, gerçəklikdə demokratiyadan əsər-əlamət olmadığını söyləyir. Yazılarında da bu fikirləri təbliğ etməyə çalışır.
Məhkəmənin hökmü ilə Nadir Ağayev 3 illiyinə 5 saylı İslah Əmək düşərgəsində “islah olunmağa” göndərilir. O, yuxarı təşkilatlara şikayət etməyin mənasız olduğunu başa düşür. Buradan qurtarmağın yeganə yolunu onda görür ki, həbsxana qaydalarına əməl etsin, istehsalatda ona tapşırılmış işləri artıqlaması ilə və yüksək keyfiyyətlə yerinə yetirsin. Tapşırılan işləri vaxtında görən, nizam-intizamlı və “islah olunmuş” məhbus kimi onu cəza müddətindən 14 ay əvvəl həbsdən azad edirlər. Bundan xəbər tutan DTK əməkdaşları prokurorluq orqanlarına təzyiq göstərir. Azərbaycan Respublika prokurorunun müavini 1977-ci ilin 28 aprelində məhkəməyə göndərdiyi məktubda Nadir Ağayevin vaxtından əvvəl azad edilməsini qanunsuz sayılır. Neftçala rayon məhkəməsi prokurorluğun protestini təmin edir.
Nadir Ağayev həbsxanaya getməkdənsə, qaçaq yaşamağa üstünlük verir. 2 aya yaxın Bakıda gizləndikdən sonra Qazaxıstanın Aktyubinsk vilayətinə gedir. 2 aya yaxın orada yaşadıqdan sonra Krasnoyarsk diyarına gedərək Yenisey çayı ətrafında, Tayqada günəmuzd işləməklə gününü keçirir. Ucuz işçi qüvvəsi kimi ondan istifadə etdiklərindən qeydiyyata düşmür.
1978-ci ildə müəllimə işləyən xanımını DTK-ya çağıraraq ona təzyiq göstərirlər. Məcbur edirlər ki, antisovetizmi, millətçiliyi təbliğ edən, qanunlardan qaçan adamdan uzaq olsun, ondan boşansın. Ailəsinin dağıldığından xəbər tutan Nadir Ağayev Bakıya gəlir. Onu 1978-ci il iyul ayının 15-də həbs edərək Bakı şəhər 2 saylı Məhkəmə Tibbi Psixiatriya Dispanserinə göndərirlər. 49 gün burada “müalicə” edildikdən sonra həkimlər onun sağlam olduğu haqqında rəy verirlər.
Onu yenidən həbsxanaya salırlar. 18 ay sonra isə Moskvadakı Serbski adına Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya İnstitutuna göndərilir. Sovetlər Birliyində qəddarlığı ilə ad çıxarmış DTK şefi Feliks Dzerjinskinin qızı, DTK generalı Marqarita Talsenin rəhbərlik etdiyi bu müəssisədə insanlar üzərində hər çür qanunsuz təcrübələr aparılırdı. Buradakı “müayinə” və “profilaktik müalicə”dən sonra Nadir Ağayevi saxta diaqnozla Dnepropetrovsk şəhərində DİN nəzdində olan xüsusi tipli ruhi xəstəxanaya (psixkonslagerə) məcburi müalicəyə göndərirlər. O burada 9 il məcburi “müalicə” olunur.
Verilən işgəncələr, üzərində aparılan təcrübələr nə qədər ağrı-açılı olsa da, Nadir Ağayev özü kimi nahaqdan “müalicəyə” göndərilmiş insanların özkeçmişlərini öyrənir, onları yazıya alır, bir surətini özündə saxlayır, başqa surətlərini müxtəlif yollarla tanışlarına göndərir. Milliyətçə Alban olan, Moskvadakı Albaniya səfirliyinin işçisi İsmail Farkanın burada azərbaycanlı Mehdiyev soyadı ilə saxlandığından xəbər tutur. Onun və özünün haqqında göndərdikləri hüquq müdafiəçilərinin diqqətini daha çox çəkir. Bu adamların nahaqdan ruhi xəstəxanaya salınması beləliklə ictimailəşir.
1988-ci il noyabr ayının 26-da 10 il 5 ay həbsxana və ruhi xəstəxanada min bir əziyyət çəkən Nadir Ağayev azad edilir. O, öz hüquqlarını tapdalayanlarla mübarizəyə başlayır. 1989 –1990-cı illərdə Moskvadakı iki mötəbər həkim komissiyasından sənəd ala bilir ki, heç vaxt ruhi xəstə olmayıb. Buna baxmaya-raq, Sovet məhkəməsi ona bəraət vermək, qanunsuz yerə ona əziyyət verənləri cəzalandırmaq istəmir.
Amerikanın Dövlət Departamenti Beynəlxalq İnsan Haqlarını Müdafiə Təşkilatı ilə razılaşdırmaqla Sovetlər Birliyindən olan dissidentlərin sırasına Nadir Ağayevin də adını daxil edir. Bu siyahıda Nadir Ağayev 47-ci sırada durur.
Helsinki İnsan Haqları Təşkilatının köməyi ilə Nadir Ağayevə yeni suverenlik aktı qəbul etmiş Azərbaycan Respublikasının Ali Məhkəməsi 1992-ci il martın 10-da bəraət hökmü verir.
Sovet DTK-nın zülmündən qurtardıqdan sonra içtimai-siyasi fəaliyyətini genişləndirir. Azərbaycanda Xalq Cəbhəsinin dayaq dəstələrinin yaradılmasında fəal iştirak edir. Sonra fikir ayrı-lığına görə bu təşkilatdan uzaqlaşır.
Sovet dövründə geniş yayılan siyasi lətifələri, həbsxana xatirələrini, ruhi xəstəxanada tanış olduğu dissident və Sovet ideologiyasından fərqli düşünənlərə verilən işgəncələrdən bəhs edən kitabçalar hazırlayaraq özbasım (samizdat) yolu ilə çap edərək yayır. Onu Azərbaycan Milli Qurtuluş Təşkilatının Mərkəzi Şurasına üzv seçirlər. 1990-cı ilin ilk günlərində təşkilat partiyaya cevriləndə oradan uzaqlaşır.
Özünün nahaqdan tutularaq həbsxanalara və ruhi xəstəxanalara salınmasında Azərbaycan Kommunist Partiyasının və bu partiyaya 13 il rəhbərlik etmiş Heydər Əliyevin də rolu olduğunu söyləyən Nadir Ağayev 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradılanda onun fəallarından birinə çevrilir. Keçmiş partiya-sovet məmurlarının yaratdığı bu partiyanın pərdəarxası məqsədi Heydər Əliyevi yenidən hakimiyyətə gətirmək idi.
Nadir Ağayev onu və onun kimi yüzlərlə insanı faciəyə məhkum etmiş kommunist məmurlarla birləşərək demokratik qüv-vələrə qarşı sərt mübarizə aparır. Heydər Əliyev hakimiyyətə gəldikdə Nadir Ağayevi Binəqədi rayon İçra Hakiminə müavin təyin edirlər. O burada işlədiyi az müddətdə çox eybəcərliklər görür. Gördükləri haqqında partiyanın mərkəzi aparatına, respublika prezdentinə məlumatlar verir, təcili tədbirlər görülməsini tələb edir. Onun yazdıqlarına və dediklərinə reaksiya verilmədiyini gördükdə 1995-ci il avqustun 8-də Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxdığını elan edir.
İctimai-siyasi fəaliyyətini davam etdirən Nadir Ağayev Azərbaycan Siyasi Repressiyanın Günahsız Qurbanları Assosasiyası İdarə Heyətinə üzv, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinə sədr müavini, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədr müavini seçilir.
Sovet dövründə Azərbaycan Kommunist Partiyası və onun birinci katibi Heydər Əliyevə qarşı olan, 1992-ci ildə onun yenidən hakimiyyətə gəlməsi uğrunda fədakarlıq göstərən, demokratik qüvvələrə qarşı mübarizə aparan Nadir Ağayev 1995-ci ildən, vəzifədən uzaqlaşdıqdan sonra Heydər Əliyevin əleyhinə danışmağa və yazmağa başlayır. Heç bir qaynaq göstərmədən Heydər Əliyevin valideynlərinin başqa millətlərdən olduğunu təbliğ edir və bu mövzuda “Fəlakətlərimizin baiskarı” adlı kitab yazaraq yayır.
Hazırda Bakıda yaşayan Nadir Ağayev 4 övlad atasıdır. Onun övladlarından ikisi öncəki evliliyindən, ikisi də həbsdən çıxdıqdan sonrakı evliliyindəndir.
Paylaş: