Xəbər lenti

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Qulamhüseyn müəllim, bir müddətdir ki, Ukraynada, Gürcüstanda, Türkiyədə və İranda gərgin durum müşahidə edilir. Bu baxımdan regional vəziyyəti necə qiymətləndirirsiniz?
– Regionda müşahidə olunan proseslər əslində Rusiya-Amerika və qismən də İran-Amerika qarşıdurmasının təzahürləridir. Azərbaycanın yerləşdiyi region geosiyasi baxımdan həssas region hesab olunur.

Bu regionda ABŞ və Rusiyanın maraqları toqquşur. Baş verənlər də bu iki dövlətin qarşıdurmasının nəticəsində meydana çıxır. Son dövrlər Türkiyənin yeritdiyi siyasət bir qədər fərqlidir. Türkiyə uzun illər NATO-nun üzvü, ABŞ-ın ən yaxın müttəfiqi olub. Yəni özünün milli təhlükəsizlik məsələlərini ABŞ və NATO ilə uzlaşdırmaq xətti ilə həyata keçirib. Son dövrlər isə Türkiyə bu mövqeyindən imtina edib. Təbi ki, bunda Rusiyanın da müəyyən təsiri olub. Hazırda Rusiya ilə münasibətlərdə yumşalma və əməkdaşlıq əlamətləri də var. S-400 komplekslərinin alınması da münasibətlərdə yumşalmanın bir əlaməti hesab etmək olar. Əslində Türkiyə-Rusiya münasibətləri nisbətən normal səviyyəyə düşüb. Bu baxımdan Türkiyə çox çalışar ki, Cənubi Qafqazda Rusiyanın maraqlarını nəzərə almaqla öz mövqeyini gücləndirmiş olsun. İstər-istəməz bu da Türkiyənin indiyə qədər müttəfiqlik etdiyi ölkələrin maraqları ilə ziddiyyət təşkil edir.

İlk növbədə də ABŞ-ın mövqeyi ilə. Odur ki, ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqda səslər, anti-Ankara bəyanatları bunun nəticəsində ortaya çıxıb. ABŞ hesab edir ki, artıq Türkiyə onun orbitindən çıxmaq üzrədir. Bu da, sözsüz ki, Türkiyənin son dövrlər yeritdiyi müstəqil siyasətin nəticəsidir. Əslində biz diqqət edəndə aydın görünür ki, dünyada bir çaxnaşma var. İstər Gürcüstanda baş verən hadisələr, istər Ukraynada hadisələri, istərsə də İran ətrafında yaşananlar ona hesablanır ki, son nəticədə regionda hansı qlobal gücün təsiri daha çox olacaq.

– Hazırda ən gərgin proses İran ətrafında müşahidə edilir. Artıq London sualtı qayıqlarını körfəzə göndərir, ABŞ Hörümüz boğazında təhlükəsizlik yaratmaq üçün koalisiya formalaşdırmaq istəyir. Sizcə, İran ətrafında nələr baş verir və Tehranın davranışları nəyə hesablanıb?
– Əvvəla İranın cavab reaksiyaları əslində özünü qorumaq instinktdən irəli gələn reaksiyalardır. ABŞ uzun müddət İranı təcrid etmək siyasəti aparıb. Faktiki olaraq son 40 ildir ki, ABŞ-İran münasibətləri fövqəladə vəziyyətdə olub. ABŞ Prezident Donald Tramp hakimiyyətə gəldikdə sonra İrana qarşı yönələn siyasi həmlələr, təzyiqlər və sanksiyalar daha güclənib. Bütün bunlar istər-istəməz İranı cavab reaksiyaları görrməyə, özünü qorumağa məcbur edir. Hesab edirəm ki, körfəzdə vəziyyət mürəkkəbdir, bəzən silahlardan atəş açılır, tərəflər bir-birinin pilotsuz uçuş aparatlarını vurur və s. Bütün bunlara rəğmən hesab edirəm ki, İranın mövqeyinin sarsıdılması, zəiflədilməsi mümkün olacaq. Amma son nəticədə İranın vurulması prosesini gözləmirəm.

Düzdür, ABŞ Prezidenti Trampın mövqe və addımlarını proqnoz etmək çox çətindir, amma hər halda qərb dünyasında hərbi hücuma meyl xeyli zəifləyib. Fikrimcə, Liviya və Suriyadan sonra qərb ölkələri hərbi taktikaya bir qədər ehtiyatla yanaşırlar. Amma hər halda hərbi təhlükə real görünür. Proqnozlaşdırılmayan siyasətçilərin proqnoz edilməyən qərarları ola bilər. Bu mənada İrana qarşı hərbi variantın gündəmə gələcəyini tam istisna etmirəm, amma bu ehtimalı az sayıram. Indi güc göstərmə mərhələsidir və bunun özü də təhlükəli məqamdır. Ona görə təhlükəlidir ki, indiki siyasətçiləri proqnoz etmək olmur. Yəni bu siyasətçilərdə ölçülü-biçili qərarlar olmaya bilər. Hər halda təhlükəli vəziyyət var. Mən ümid edirəm ki, bu məsələdə sağlam və soyuq baş, qüvvə üstün gələcək.

– Ukraynada hakimiyyətə gələn yeni qüvvələr parlament seçkilərini də qazanıblar. Necə düşünürsünüz, yeni komanda Rusiya ilə bağlı hansı addımlar ata bilər?
– Ukraynada hakimiyyət dəyişikliyi ruslar bəyənməsə də, ukrayna xalqının seçimidir. Parlament seçkilərinin nəticəsi onu göstərdi ki, Zelenskinin hakinmiyyətə gəlişi təsadüfi deyil. Ukrayna xalqı axtarışdadır, həyatını və rifahını düzəltmək istəyir. Bu mənada daha effektiv hakimiyyət qurmaq istəyir. Zelenski siyasətçi deyildi və çox da parlamamışdı. Amma orada hakimiyyətə gələn və dəfələrlə hakimiyyətdə təmsil olunan siyasətçilər var idi.

Xalq onları deyil, tam başqa bir qüvvəni iqtidara gətirdi. İndi xalqa arxalanan hakimiyyət daha güclü olacaq. Ola bilsin ki, Krım və Donetski ilə bağlı problemlər uzun müddət davam edəcək. Lakin hər halda xalqın hakimiyyəti olduğu üçün Rusiya ilə münasibətlər gərginləşsə də, Kremli xalqın seçimi ilə razılaşmalı olacaq. Təbii ki, Ukrayna və Rusiya arasında hərbi toqquşma ehtimalını görmürəm. Çünki Ukraynanın bunun üçün potensialı yoxdur və yeni qüvvələrdə bunu bilirlər. Amma Ukrayna dövlət kimi öz iradəsini ortaya qoyursa və xalqda bu iradəni müdafiə edirsə, buna hörmətlə yanaşmağa hər kəs məcbur olacaq. İndiki halda Ukrayna hakimiyyəti daha çox ölkənin iqtisadi və sosial vəziyyəti ilə məşğul olacaq.

– Bir müddət əvvəl Gürcüstanda da gözlənilməz olaylar baş verdi. Sizcə, bu da ABŞ-Rusiya qarşıdurmasının təzahürləri idi?
– Fikrimcə, bunun təsiri var idi. Amma həmdə daxili proseslər də öz rolunu oynadı. Əslində Gürcüstanda baş verən proseslər o qədər də qlobal olmayan, amma milli xarakterli hadisədən başladı. Konkret olaraq Rusiya Dövlət Dumasının deputatının gəlib Gürcüstan parlamentinin sədrinin yerində əyləşməsi əslində prosesin başlamasına bir bahənə oldu. Normalda həmin deputata öncədən demək olardı ki, spikerin kürsüsündə oturmayın. Mümkündür ki, bu proseslərə Rusiyanın da, qərb ölkələrinin də təsiri olub.

Ola bilsin ki, deputat özü təxribat məqsədilə spikerin kürsüsündə əyləşib və əvvəlcədən proqnozlaşdırılıb ki, belə addım ciddi hadisələrə yol aça bilər. Yəni müxtəlif versiyalar üzərində dayanmaq olar. Əslində Gürcüstanda çalışır ki, Rusiyanın orbitindən kənara çıxsın. Baş verən proseslər də təxminən bu istiqamətdə gedir. Düzdür, Gürcüstanda baş verən prosesləri sonradan Azərbaycana yönəltmək meylləri də oldu. Mən Keşikçidağ məbəd kompleksi ilə bağlı hadisəni nəzərdə tuturam. Mümkündür ki, ölkə daxilində baş verən prosesləri iki ölkə arasındakı münasibətlərə uyğunlaşdırılması ilə əsas diqqəti ölkə içindəki olaylardan uzaqlaşdırdı. Hər halda hesab edirəm ki, Gürcüstan və Ermənistanda gedən proseslər ABŞ və Rusiya arasında siyasi müharibənin nəticəsidir.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 25-07-2019, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma