Xəbər lenti

 “Polisin zəifləməsinin ilk zərbəsi elə adi vətəndaşlara dəyəcək, onlar etibarlı mühafizədən məhrum olacaqlar”.

Bunu “AzPolitika.info”-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan polisinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib.

Ə.Nuriyev qeyd edib ki, bu gün polisin fəaliyyətini dəyərləndirmək üçün bir neçə aspektdən yanaşmaq lazımdır. Onun sözlərinə görə, polisin işinin əsas effektivlik göstəricisi ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, kriminogen durumun nəzarətdə saxlanılmasıdır: “Bu baxımdan Azərbaycan polisinin uğurlarını qeyd edə bilərik. 2019-cu ilin ilk altı ayında ölkədə daxili işlər və prokurorluq orqanları üzrə 12 411 cinayət qeydə alınıb, bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Qəsdən adam öldürməyə cəhd cinayətləri 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,1 faiz, xuliqanlıqlar 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 35 faiz azalıb. Cinayətlərin açılması yüksək olmaqla 83,1 faiz təşkil edib. Azərbaycan polisinin effektiv işi nəticəsində ölkəmiz əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur”.

Ə.Nurieyin sözlərinə görə, polisin fəaliyyəti ilə bağlı ikinci aspekt daha çox sosial məzmunu ilə seçilir və ictimai təhlükəsizliyin, ictimai qaydanın mühafizəsi, cinayətkarlığın profilaktikası, sosial bəlalara qarşı mübarizənin təşkilidir: “Bu istiqamətdə son illərdə polisin fəaliyyətində yüksək dinamika müşahidə olunur. Polis ən yaxşı çağrı xidmətlərindən birini yaradıb, çoxsaylı maarifləndirici tədbirlər keçirilir, cəzayönümlü yanaşmanın dəyişməsi müşahidə edilir. Polis daha çox xəbərdarlıq və izahetmə, maarifləndirmə üsullarına üstünlük verməyə başlayıb. Bu yeni dövrün tələbidir və profilaktik tədbirlər üçün yaranan yeni imkanlardan polis də faydalanmağa çalışır. Polisin təbii, texnogen qəzalar, yanğınlar, müxtəlif hadisələr zamanı fədakarcasına insanlara kömək etməsi, çətin həyat şəraitində olan insanlara yardım etməsi ona münasibətdə ictimai etimadı da gücləndirib.

Öz təcrübəmizdən deyə bilərəm ki, Daxili İşlər Nazirliyi, nazir Vilayət Eyvazov vətəndaş cəmiyyətinin qaldırdığı problemlər, irəli sürdüyü təkliflərə, sosial şəbəkələrdə adi insanların qaldırdığı problemlərə olduqca həssas yanaşır. Vətəndaş müraciətlərinə baxılması işi də yaxşı təşkil olunub. DİN Kollegiya iclasında nazir V.Eyvazovun bununla bağlı ayrıca göstəriş verməsi də təqdirəlayiqdir. Çünki polis vətəndaşın güvən yeridir və vətəndaşların etibarı polisin uğurlu fəaliyyətini şərtləndirən amillərdəndir”.

polis

Polisin əsas vəzifələrindən birinin ictimai asayişin qorunması olduğunu diqqətə çatdıran “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, 21-ci əsrdə etibarlı təhlükəsizlik mühitinin istənilən cəmiyyətin əsas tələblərindən sayıldığını vurğuladı: “Azərbaycan polisi bu sahədə öz missiyasını uğurla yerinə yetirir və xaos, qarşıdurma, dincliyin pozulması hallarına, buna zəmin yaratmaq cəhdlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində polis peşəkarlıq, qətiyyət və dövlətçiliyə sədaqət nümyiş etdirir. İctimai-siyasi sabitlik, etibarlı təhlükəsizlik mühiti Azərbaycanın ən böyük uğurları sırasındadır və bu kontekstdə polis oranlarının vacib rolu vardır”.
Ə.Nuriyev əlavə etdi ki, polisin fəaliyyətində də çətinliklər, neqativ hallar var və bunu heç kim inkar edə bilməz: “Amma məsələlərin həlli konstruktiv müzakirələr, təkliflər irəli sürülməsindən, mütərəqqi təşəbbüslərin dəstəklənməsi ilə mümkündür. Təhqir, qərəzli yanaşma, mənfi ictimai rəy yaratmaq cəhdləri, ayrı-ayrı epizodları məqsədli şəkildə ümumiləşdirib, bütövlükdə polis təsisatını gözdən salmağa çalışmaq elə dövlətçiliyə, vətəndaşların asayişinə qəsddir. Polisin zəifləməsinin ilk zərbəsi elə adi vətəndaşlara dəyəcək, onlar etibarlı mühafizədən məhrum olacaqlar. Bu baxımdan polisə qarayaxma kampaniyası hər bir məsuliyyətli vətəndaşda hiddət doğurmaya bilməz. Azərbaycan təcrübəsi və yaxın keçmişin təhlili də göstərir ki, ən yeni texnologiyaların işə salınmasına, çox böyük resurslar sərf olunmasına baxmayaraq bu cəhdlər bəhrə vermir. Verə də bilməz, çünki vətəndaşların əksəriyyəti başa düşür ki, güclü polis xidməti məhz onların mənafeyinə cavab verir”.

Ə.Nuriyev hesab edir ki, polisin fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi, elektron xidmətlərin daha geniş tətbiq edilməsi, korrupsiya riski yüksək olan sahələrdə effektiv antikorrupsiya alətlərinin tətbiqi ilə bağlı yeni təşəbbüslərə ehtiyac var: “Daxili İşlər Nazirliyi yanında İctimai Şura yaradılması, müxtəlif aktual mövzularla, qanunvericilik, digər isahlatlarla bağlı ictimai konsultasiyaların keçirilməsi, maarifləndirmə tədbirlərinin təşkili və keçirilməsində vətəndaş cəmiyyətinin potensialından daha effektiv istifadə edilməsi belə təşəbbüslər kimi nəzərdən keçirilə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 317          Tarix: 17-08-2019, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma