Xəbər lenti

 

Dövlət məmuru gərək vəzifə borcunu elə icra etsin ki, xalq idarəetmədən razı qalsın. Amma bizdə bəzi məmurlar öz şəxsi ciblərini və tamahlarını düşünürlər.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin bəzi rüşvətxor məmurlarla bağlı sərt çıxışına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, bəzi məmurların buna görə ciddi cəzalanmasına ehtiyac var:

“Bu yaxınlarda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəzifə başında həbs olunduğunu izlədik. Hesab edirəm ki, bu fakt Prezidentin bu sahədə dönüş yaratma istəyinin bariz nümunəsidir. Məncə, bu hadisədən nəticə çıxarmayan və Prezidentin sərt tənqid hədəfi olan məmurlardan bir neçə nəfərin həbs edilməsinə ehtiyac var. Bu işi, bayaq xatırlatdığımız nümunədə olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti daha yaxşı icra etmək gücündədir. Bəzi məmurlarımız cəzalandırılsa, bu, öz təsirini göstərəcək və digər korrupsioner məmurlar bundan nəticə çıxaracaq”.

F.Mehdiyev qanunsuz torpaq satışı həyata keçirən bəzi icra başçıları barədə də ciddi tədbirlər görülməsinin lazım olduğunu bildirib:

“Bəzi icra başçıları məhəllələr arasında uşaq bağçaları, meydançalar və parklar üçün nəzərdə tutulan əraziləri satırlar. Demək olar ki, Bakının hər rayonunda bu hala rast gəlmək olar. Burada həm rüşvət verən, həm də rüşvəti alan adam məsuliyyət daşıyır . Onların hər ikisi cəzalandırılmalıdır. Bu kontekstdə rüşvəti verən qismində olan sahibkarın qanunsuz yolla əldə etdiyi torpaqda tikdiyi obyekt sökülərsə və o yerdə park salınarsa, bu, elə ona verilən ən ağır cəzadır. Bir neçə belə nümunə olarsa, sahibkarlar da qanunsuz əraziləri rüşvətlə almaq istəməyəcəklər”.

Hüquqşünas rüşvət verən və rüşvət alan şəxslərin cəzalandırılması ilə bağlı qanunvericiliyin kifayət qədər sərt olduğunu deyib:

“Hesab edirəm ki, rüşvət alan və verən şəxslərin cəzalandırılması üçün qanunvericiliyimiz kifayət qədər sərtdir. Sadəcə olaraq, onu real olaraq, həyata keçirmək lazımdır. Yeni parlamentin də bu məsələdə Prezidentin gözləntilərini doğrultması və kifayət qədər sərt mövqe tutması arzulanandır. Rüşvətin qarşısını almaq üçün Dövlət Satınalmaları Agentliyindəki sənədlər yoxlana bilər. Oradan bir çox faktlar əldə etmək mümkündür”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda rüşvət alan məmurlarla bağlı sərt çıxış edib. O, sahibkarları rüşvət verməkdən çəkinməyə çağırıb və belə hallarla rastlaşanların Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat vermələrini istəyib.




Ana səhifəyə qayıt        Baxış: 500          Tarix: 4-02-2020, 16:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma