Xəbər lenti


“Bizə Azərbaycan-İsrail münasibətləri kontekstində hər hansı bir irad bildirən varsa, getsin...”

“Azərbaycanla İsrail arasındakı dostluq münasibətləri üçüncü dövlətə qarşı yönəlməyib və iki dövlət arasındakı əlaqələrin möhkəmləndirilməsi, strateji xarakter alması xalqlarımızın maraqlarına cavab verir”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a Bakı-Təl-Əviv münasibətlərini, həmçinin son günlər İsraildə Azərbaycan ordusuna dəstək aksiyasını şərh edərkən söylədi. Siyasi şərhçi Azərbaycan-İsrail əlaqələrinin yüksələn xətlə inkişafının ölkəmizlə yaxın münasibətlərdə olan dövlətlər tərəfindən qıcıqla qarşılana biləcəyi barədə eşidilən yanaşmalarla əlaqədar bildirdi ki, konkret olaraq qardaş Türkiyə bu münasibətlərə anlayışla yanaşır: “Hesab edirəm ki, Türkiyə-İsrail münasibətlərinin yenidən strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsi üçün kifayət qədər ciddi əsaslar var. Azərbaycanla İsrail arasındakı münasibətlərə din amili üzərindən yanaşılmasını doğru hesab etmirəm. Bizim istər daxili, istərsə də xarici suyasətimizdə bu faktor aparıcı mövqedə dayanmır və xalqımızın daşıdığı olduğu dəyərləri, mental xüsusiyyətlərimizi nəzərə alsaq, heç vaxt dayanmayacaq”.

E.Mirzəbəyli bildirdi ki, biz İsrail-Fələstin münaqişəsinə də dini kontekstdən yox, beynəlxalq hüquq müstəvisindən yanaşırıq: “Azərbaycan bu münaqişənin həlli ilə bağlı BMT-nin iki dövlət prinsini dəstəkləyir, İsrail də öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edən Azərbaycanın mövqeyinə hörmətlə yanaşır və bu günə qədər rəsmi Tel-Əvivin narahatlığını ifadə edən hər hansı bir bəyanatıyla qarşılaşmamışam. Bütövlükdə isə beynəlxalq hüququn subyekti olan bütün dövlətlər bu və ya digər münaqişənin həllinə beynəlxalq hüquq müstəvisindən yanaşmalıdırlar”.
Politoloq nəzərə çatdırdı ki, mistika ilə problem həll olunmur: “Təsəvvür edin, günün birindən dini dəyərləri öz siyasi məqsədlərinə alət edən bir ölkə, yaxud dövlət başçısı bəyanat verir ki, məsələn, İspaniya müsəlmanların torpağıdır. Ona görə ki, yuxuda ona vəyh gəlib, klassik din alverçilərinin, fırıldaqçılarının ənənəsinə uyğun olaraq ağsaqqal bir nəfər, yaxud qeybdən gələn səs ona deyib kim ki, Əndəlüsə, yaxud Madridə hücumda iştirak etməsə, Allah onu lənətləyəcək. Nə üçün? Çünku Allah belə buyurub... Nə vaxt? Harada? Kimə deyib? Necə deyib və s. bu kimi sualları səsləndirənlərə isə dərhal kafir, bidətçi, müşrik damğası vurub daş-qalaq edəcəklər. Amma heç kim deməyəcək ki, ay filan-filan şüdə, sənə Allahın adından danışmağa kim ixtiyar verib?! Kim sənə səlahiyyət verib özünü “müsəlmanların hamisi” elan edəsən? Ümumiyyətlə, səni kim müsəlmanların lideri seçib? Kim sənə müsəlmanların adından çıxış etmək səlahiyyəti verib? Nə vaxt bununla bağlı ümumxalq səsverməsi, yaxud seçki keçirilib?”

E.Mirzəbəyli daha sonra diqqəti maraqlı bir istiqamətə yönəltdi: “Misal üçün deyirəm, bizim xalq İsfahan lotularının nağıllarına inanmaq mərhələsini çoxdan adlayıb. Biz müsəlman şərqində hüquqi, dünyəvi bir dövlət quranda – 102 əvvəl didaktikadan imtina edib, qanunların aliliyinin hökm sürdüyü bir cəmiyyət formalaşdırmağa üstünlük vermişik. Dinimizi də, milli dəyərlərimizi də sevirik, amma kənardan müdaxilə olmadan. Məhz bu baxımdan, strateji maraqlarımızın tələb etdiyi istiqamətdə millətimizin və dövlətimizin maraqlarının təmin edilməsi Azərbaycan hökumətinin vəzifəsidir və hökumət xalqın verdiyi mandatla bu vəzifəni yerinə yetirir. Azərbaycan İslam mədəniyyətinin ayrılmaz bir parçasıdır. Amma biz bunu əməlimizdə nümayiş etdiririk. Bizim ölkəmiz heç bir zaman hansısa müsəlman dövlətinin maraqlarına zidd addımlar atmayıb”. Politoloq əlavə etdi ki, bu gün bizə Azərbaycan-İsrail münasibətləri kontekstində dolayısıyla hər hansı bir irad bildirən varsa, getsin ilk növbədə öz əməllərinə baxsın: “Azərbaycan Fələstinə yardım göstərir, müstəqil Fələstin dövlətinin formalaşması prosesinə dəstək verir və ən əsası isə bütün bunları aşıq şəkildə edir. Bəziləri kimi Azərbaycan torpaqlarının işğal altında qalması prosesinə dəstək vermir, işğalçını yemləmir, onun üçün “həyat yolu” funksiyasını yerinə yetirmir” /“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 053          Tarix: 12-08-2020, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma