Xəbər lenti

KHABARONLINE, İran
31.01.2022


Müəllif: Mohsen Pakayin (İranın Azərbaycandakı keçmiş səfiri)
İran-Azərbaycan münasibətlərində gedən son proseslər göstərir ki, tərəflər iki ölkə arasında əlaqələri möhkəmləndirmək iradəsinə malikdir. Bu, İran hökumətinin qonşu dövlətlərlə qarşılıqlı əlaqələri gücləndirmək siyasətinə sadiqliyini də təsdiqləyir.

İranın yol və şəhərsalma naziri Qasım Rüstəminin Bakıya ötən həftə etdiyi səfər, eləcə də Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun İrana səfəri Bakı-Tehran münasibətləri baxımında iki müsbət hadisədir. Bu, münasibətlərin parlaq gələcəyindən xəbər verir.

Nəqliyyat sahəsi İranın qonşuları ilə əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi həm gəlir, həm də regional təhlükəsizliyin təmini baxımından əhəmiyyətlidir. Çox sayda qonşusu olan İran Mərkəzi Asiya və Qafqaz ölkələrini Fars körfəzi sularına və Avropa qitəsinə birləşdirən böyük ölkədir. Azərbaycan isə öz növbəsində, İranın Qara dəniz və Rusiyadan keçməklə Avropaya çıxış körpüsü, şimala uzanan dəmir yolu marşrutudur. Odur ki, iki ölkə arasında əlaqələrin genişlənməsi strateji əhəmiyyət daşıyır. Belə bir vəziyyətdə Azərbaycanın Rəşt-Astara dəmir yolu vasitəsi ilə “Şimal-Cənub” dəhlizinə qoşulması ciddi iqtisadi qazanc deməkdir.

Rüstəm Qaseminin Azərbaycan Respublikasına səfəri sözügedən marşrutun, xüsusən də onun 35 kilometrlik Rəşt-Ənzəli hissəsinin tikintisinin sürətlənməsinə səbəb olarsa, təkcə dəmir yolu tranziti deyil, həm də İran, Azərbaycan, Rusiya və Xəzər dənizi boyunca yerləşən digər ölkələr arasında dəniz nəqliyyatı da genişlənəcək.

Bununla yanaşı, İranla Azərbaycan arasında Astaraçay sərhəd çayı üzərində avtomobil körpüsünün tikintisinə dair danışıqların aparılması, Rəşt-Astara dəmir yolunun inşası, Azərbaycan Respublikası tərəfindən Astarada tikilən yük terminalının inşasının tamamlanması, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması, avtomobil nəqliyyatı və tranziti sahəsində əməkdaşlığın inkişafı, yük daşımalarının artması, Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılması, uçuşların və dəniz əməkdaşlığının genişləndirilməsi kimi hədəflərə nail olunarsa, bu, hər iki ölkənin iqtisadiyyatının inkişafına ciddi təsir göstərəcək.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehran səfərinə gəlincə, onun ölkə prezidenti, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və müdafiə naziri ilə apardığı konstruktiv danışıqlar hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənəcəyini vəd edir.

İki ölkə münasibətlərinin eniş-yoxuşlu olmasına baxmayaraq, İranla Azərvaycan hər zaman hərbi əlaqələri qoruyub saxlayıb. Müdafiə nazirləri arasında mütəmadi olaraq Tehran və Bakıda görüşlər keçirilir ki, bu da iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu göstərir. Belə danışıqların nəticələri adətən açıqlanmasa da, güman etmək olar ki, bu səfər çərçivəsində birgə hərbi təlimlərin davam etdirilməsi, müdafiə sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub, İran Azərbaycanın müdafiəsinin gücləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Azərbaycan müdafiə nazirinin İrana iki ölkə arasında müdafiə sahəsində davamlı məsləhətləşmələrin getdiyi vaxtda etdiyi səfər, bu zaman əldə olunmuş razılaşmalar, şübhəsiz ki, regionda davamlı sülhün təmini baxımından son dərəcə əhəmiyyətli olacaq.

İran-Azərbaycan sərhədi sülh, dostluq, xalqlar arasında qarşılıqlı münasibət sərhədidir. Tərəflər arasında hərbi sahədə əməkdaşlığın möhkəmlənməsi, məlumat mübadiləsi, xüsusilə terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə birgə əməliyyatların keçirilməsi istər sərhəddə, istərsə də bütünlükdə bölgədə təhlükəsizliyin güclənməsinə töhfə verəcək.

İranın yol və şəhərsalma nazirinin Bakıya, Azərbaycan müdafiə nazirinin isə Tehrana səfəri bir daha göstərir ki, İranla Azərbaycan qarşılıqlı əlaqələri möhkəmləndirmək, ikitərəfli münasibətləri genişləndirmək üçün yaxşı imkanlara malikdirlər. Buna nail olunarsa, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: KHABARONLINE


Ana səhifəyə qayıt        Baxış: 4 066          Tarix: 31-01-2022, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma