Xəbər lenti

Türkiyə əlindən gələni edir ki, Rusiya ilə Ukrayna arasında barışıq əldə edilsin. Bu, Ankaraya ona görə vacibdir ki, münaqişənin davam etməsi onun Moskva ilə strateji tərəfdaşlıq münasibətlərini yenidən nəzərdən keçirməyə vadar edə bilər. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Qara dəniz hövzəsində də təhlükəli tendensiyaları inkişaf etdirir ki, burada da Türkiyənin qırmızı cizgiləri mövcuddur. Ankara bu məsələdə Moskva ilə konfrontasiyaya getmək meyillərindən uzaqdır – təbii ki, Rusiyanın qırmızı xəttə yaxınlaşması həddinə qədər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə Rusiya və Ukraynanın baş diplomatları (Sergey Lavrov və Dmitri Kuleba) Antalyada bir araya gəldilər, amma görüşdən ortaq məxrəc hasil olmadı.

Görünür ki, Lavrov-Kuleba görüşü gərgin atmosferdə keçib və Lavrov portfelindən əvvəlki kapitulyasiya mətnindən də ağır olan şərtləri Ukraynaya çatdırıb.

Ona görə də, nəticə hasil olmadı, çünki nə Rusiya, nə də Ukrayna mövqeyindən geri çəkilir. Görüşdən sonra Lavrov və Kulebanın öz dövlətlərinin ənənəvi tezislərini dilə gətirməsi belə deməyə əsas verir.

Lavrov-Kuleba görüşünü formal adlandıra bilərik, nazirlərin bir araya gəlməsi sadəcə Rusiya tərəfinin Türkiyənin görüş təklifinə “yox” deyə bilməməsi ilə əlaqəlidir.

Yeganə müsbət məqam görüşün formatı idi, yəni Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə idi ki, tərəflər XİN başçıları səviyyəsində görüşmək potensialını ortaya qoydular.

Qlobal qoxulu müharibələrin sülh yolu ilə həlli üçün keçirilən belə görüşlərdən effektiv nəticə gözləmək də sadəlövhlük olardı.

Buna görə də, Lavrov-Kuleba dialoqunun nəticəsiz qalması Ukraynadakı müharibənin alovlarını böyüdəcək.

Rusiyanın bundan sonra da Ukraynanın suveren ərazilərinə raket və artilleriya zərbələri endirəcəyi gözlənilir, Ukraynanın müqavimət gücü isə NATO-nun ona silah tədarükündən asılıdır.

Ancaq təkcə silah tədarükü ilə də iş bitmir, döyüşlərdə həlledici yekunu canlı qüvvə qoyur, bu baxımdan Ukraynaya canlı qüvvə də lazımdır.

Lavrov isə Ukraynaya silah göndərən ölkələrə də xəbərdarlıq edir, bir növ onları legitim hədəf kimi göstərmək cəhdlərinə girişir.

NATO birbaşa öz hərbi personallarını göndərməsə də, könüllülərdən ibarət qruplar Ukraynaya yollanır, ancaq Rusiya da muzdlular vasitəsilə öz itkilərini kompensasiya edir.

Ukraynadakı mənzərəyə bundan sonra təəssüflər olsun ki, yeni dramatik çalarlar qatılacaq.

Oxu.az



Ana səhifəyə qayıt        Baxış: 4 525          Tarix: 10-03-2022, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma