Xəbər lenti

 
El arasında işlənən məşhur bir deyim deyim var: “Mərəndə gəlmək”. Öz fikrində israrçı birinin sonunda reallıqlarla razılaşıb mübahisə etdiyi biri ilə ortaq məxrəcə gəlməsinə adətən belə deyirik: “Filankəs Mərəndə gəldi”.
 
Mərənd, bildiyimiz kimi, Cənubi Azərbaycan şəhəridir və Təbrizin şimal-qərbində yerləşir. Şəhər həmçinin Xoy, Əhər, Maku kimi önəmli rayonlarla da həmsərhəddir. Görünür, Cənubi Azərbaycanın əsas yaşayış məntəqələrinin mərkəzində yerləşməsi bir sıra milli problemlərin müzakirəsi üçün bu şəhərin seçilməsi bu deyim yaranmasına səbəb olub. Oxuduğunuz yazıda məlum deyimin yaranma səbəbləri üzərində baş sındırmaq niyyətində olmadığımızdan bu mövzunu dilçilərimizin ixtiyarına buraxırıq. Bizim məqsədimiz isə İranın ölkəmizə səfərə gələn nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşünün nəticələrinə nəzər salmaqdır. 
 
Ovqat.com-un fikrincə, Prezident Aparatının görüşlə bağlı yaydığı məlumatı ancaq “İranın Mərəndə gəlməsi” kimi qiymətləndirmək olar.
 
Məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsindən sonra qardaş deyib gözümüzə təpdiyimiz İran ermənipərəst mövqeyi ilə Azərbaycanın müsəlman əhalisini xəyal qırıqlığına uğratmışdı. Nədən ki, Tehran rəsmən Ermənistanı dəstəkləyir və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə şir quyruğu göstərərək qarşı çıxırdı. Səbəb çox sadə idi: Ordumuzun Gorus-Qafan yolu üzərində nəzarəti bərpa etməsi İranın Fars körfəzi-Qara dəniz xəyali marşrutunu təhlükəyə atmış və xəyallarını puç etmişdi. Çünki qardaş ölkə dediyimiz bu dövlət Azərbaycanın ərazi bütövlüyü və milli maraqlarını heçə sayaraq, bizim torpaqlarımızın ermənilərdə qalmasını istəyirdi. Çünki ABŞ-ın Çini zərərsizləşdirmək planına uyğun olaraq Hindistandan alacağı məhsulları Ermənistan və Gürcüstandan keçirərək Qara dənizə daşımaq niyyətində idi. Və bunu bizi kənarda buraxaraq həyata keçirmək eşqinə düşmüşdü. Halbuki, bu marşrutun daha qısa, təhlükəsiz və heç kimin milli maraqlarını tapdalamadan reallaşdırmaq variantı var idi: Çin məhsullarının İran üzərindən keçərək Azərbaycana, ordan isə Şərqi Zəngəzur dəhlizi ilə Türkiyəyə çıxmaq yolu. Digər bir marşrut isə Hindistandan İrana, İrandan Türkiyəyə və Avropaya açılan qapı ola bilərdi. Əlində İslam bayrağı tutan İran isə nədənsə zorla qəbs olunaraq erməniləşdirilən ərazilərimizə göz dikmişdi və onun xəyali tərəf müqabillərinin arasında bir müsəlman ölkəsi də yox idi.
 
İran iki müsəlman qardaşına qarşı yürütməyə çalışdığı bu məqsədini həyata keçirmək üçün döymədiyi qapı qalmadı. Ən çox güvəndiyi Rusiyadan da rədd cavabı aldıqdan sonra isə Mərəndə gəldi. Bu gün İran Yol və Şəhərsalma nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşü barədə məlumat da dediklərimizi təsdiqləyir. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırıb.
 
Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş edib.
 
Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd olunub. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb. Bu sənəd dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirilib və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edilib. Vurğulanıb ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.
 
Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.
 
Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.


Ana səhifəyə qayıt        Baxış: 5 399          Tarix: 11-03-2022, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma