Xəbər lenti

İndi bir çoxlarını düşündürən məsələlərdən biri də odur ki, Rusiya Ukrayna ilə kifayətlənəcəkmi? Yoxsa, Ukrayna məsələsini həll etdiyi təqdirdə, digər qonşu ölkələrə də anoloji təhdidlərdə bulunacaq? 

Hər halda Rusiya rəsmiləri bu barədə sussalar da, Kremlin şəxsi təbliğatçılarının dilindən səslənən fikirlər belə düşünməyə əsas verir ki, Moskva heç də tək Ukrayna ilə kifayətlənmək niyyətində deyil. Bu günlərdə öz televerilişində Kremlin şəxsi təbliğatçısı Vladimir Solovyov bildirib ki, heç bir sanksiya Rusiyanı dayandırmayacaq və onları tətbiq edənlər düşünməsinlər ki, Rusiya Ukrayna ilə kifayətlənəcək. "Ukrayna Rusiya üçün yalnız keçiddir" - deyə Solovyov əlavə edib. Qeyd edək ki, bu şəxs son illər Ukraynaya hərbi təcavüzün ideoloji əsasının hazırlanmasında "həddən artıq "tər töküb”. İndi bu şəxs deyirsə ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək, deməli, rəsmi Kremlin niyyətində daha uzağa gedən planlar var. Hətta Rusiya Ukraynada daha ağır itkilərə məruz qalsa da, Moskvanın bu ölkə ilə kifayətlənərək, dayanacağı elə də inandırıcı görünmür. Kremlin son illər yürütdüyü siyasətə nəzər saldıqda, görürük ki, indiki mərhələdə Rusiya ən azından keçmiş sovet məkanını yenidən öz orbitinə qaytarmaq niyyətindən heç də vaz keçməyib. Heç kimə sirr deyil ki, Rusiya Prezidenti Putin dəfələrlə SSRİ-nin dağılmasını mənfi hadisə kimi dəyərləndirib. 

Bu isə onu deməyə əsas verir ki, Ukrayna prosesinin ardınca Rusiyanın MDB məkanının müstəqil olan digər dövlətlərinə qarşı anoloji hərəkətlərə yol verəcəyi də gözləniləndir. Adətən bir müstəvidə qalib gələnin istər-istəməz iştahası artır və o digər yerlərə də əl uzatmaq eşqinə düşür. Bu mənada Ukraynadan sonra Rusiyanın artıq sakitləşərək kənara duracağı ağlabatan deyil. Əksinə, burada əldə edəcəyi (əgər edərsə) üstün mövqedən "ruhlanan” Rusiya hakimiyyəti birmənalı şəkildə bu dəfə nəzərlərini digər MDB ölkələrinə yönəldəcək. Ona görə də Kremlin növbəti qurbanlarının Moldova, Orta Asiya ölkələri, Ermənsitan, Gürcüstan olacağı istisna deyil. Bu ölkələrdən bəziləri, məsələn Moldova, xüsusən də Gürcüstan son illər Qərblə ciddi əlaqələr qursa da, Ukrayna hadisələri göstərdi ki, Rusiyanın ətrafdakı qonşularına hərbi təcavüzünə real olaraq qarşı çıxmaqda Qərb ümumən acizdir. 

Son illərin beynəlxalq təcrübəsi də göstərir ki, dara düşən ölkələrə real yardım əlini uzadan ölkə ancaq Türkiyədir. Məhz Türkiyə ilə bağlanan Şuşa bəyannaməsinə görə, Azərbaycan xeyli mənada şimaldan əsə biləcək küləkdən özünü qoruya bilir.  

Qərbin ümidi ancaq Rusiyaya yönəlik sanksiyalardır ki, onun da effekti ancaq orta və uzaq müstəvidə özünü göstərə bilər. Bu müddətə qədər isə Rusiya ən azından keçmiş sovet məkanını tam mənasında öz çətiri altına ala bilər. Sonrakı mərhələdə isə Rusiyanın təzyiqlərinin Şərqi Avropaya yönələcəyi də ehtimal edilir. Hətta Qərbin bu davranışı fonunda Rusiyanın təzyiqləri altında Şərqi Avropanın keçmiş sosialist düşərgəsi ölkələri də NATO üzvü olaraq qalsalar belə, müəyyən mənada Moskvanın maraqlarına cavab verən addımlar atmaq məcburiyyətində qalacaqlar. Bundan başqa, Rusiyanın azğınlaşması bir çox Qərbi Avropa ölkələrində də rusiyameyilli qüvvələrin mövqelərinin güclənməsinə gətirib çıxara bilər. 

Bu mənada Rusiyanın təbliğatçısı Solovyovun yuxarıda dediklərində həqiqət payı var. Rusiya tək Ukrayna ilə kifayətlənməyəcək. Onun ardınca nəzərlərini digər bölgələrə də salacaq. Əgər, qarşısı ən effektiv vasitələrlə alınmasa...

Qaynarinfo.az


Ana səhifəyə qayıt        Baxış: 2 590          Tarix: 15-03-2022, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma