“Əslində, Nikol Paşinyanın təklifi heç də göründüyü kimi deyil. Çünki sərhədlərinin delimitasiyası məsələsini ilk dəfə Azərbaycan irəli sürmüşdü və Azərbaycanın mövqeyi bundan ibarətdir ki, sərhəd müəyyənləşdirilsin, onun nişanlanması həyata keçirilsin və demarkasiya bitsin. Daha sonra ərazi bütövlüyümüz kontekstində sülh müqaviləsi imzalansın”.
Bu sözləri açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, Ermənistanın Baş nazirinin “Twitter”də paylaşdığı məlumata münasibət bildirib.
Xatırladaq ki, Paşinyan yazıb: “Ermənistanın Azərbaycana etdiyi təklif nəticəsində oktyabrın 31-də Brüsseldə üçtərəfli sərhəd komissiyalarının görüşü olacaq”.
Öz növbəsində, İ. Hüseynov deyib ki, Ermənistanın atacağı ilk addım sərhədlərin müəyyənlələşdirilməsi, ərazi bütövlüyü və suverenliyimizin qəbul olunması idi.
“Bunu Azərbaycan Praqada öz diktəsi ilə reallaşdıra bildi. Digər mühüm məsələ ondan ibarət idi ki, Cenevrədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın moderatorluğu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni vəzifədaşı Ararat Mirzoyan arasında keçirilmiş görüşdə azərbaycanlı nazirin təklifidir: delimitasiya komissiyasının iclası oktyabr ayında keçirilsin. Çünki əvvəldən delimitasiya komissiyasının toplantısı noyabrda nəzərə tutulmuşdu. Daha sonra Praqa görüşündə ali səviyyədə keçirilmiş diplomatik raundda görüşün məhz oktyabrda keçirilməsi təsbit olundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan təklif irəli sürür, təklifin reallaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirir və onun icrası təmin olunur”.
“Eyni zamanda artıq görüşün keçirilməsi ilə bağlı bütün məsələlər razılaşdırıldıqdan sonra Nikol Paşinyan tvit atır. Bu, siyasi riyakarlıqdır və siyasi ikiüzlülüyün növbəti nümunəsidir. Paşinyan həm də qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması kontekstində Zəngəzur dəhliziylə bağlı məsələlərdə də üç sərhəd-keçid məntəqəsinin müəyyənləşdirilməsi İrəvan tərəfindən həyata keçirilib və bu məntəqələrlə Azərbaycanla Ermənistan arasında kommunikasiya qurula bilər”.
İ.Hüseynovun sözlərinə əsasən, söhbət əslində, keçilməz dağlıq relyeflərdə olan nəzarət buraxılış məntəqlərindən gedir və bu ərazidə nəqliyyat-kommunikasiya yaratmaq qeyri-mümkündür:
“Zəngəzur dəhlizinin keçəcəyi ərazi bəllidir və bu istiqamətdə də icra olunmalıdır. Ona görə də Nikol Paşinyan, əslində, özünü regional müstəvidə sülh və təhlükəsizliyin qorunması və carçısı kimi təqdim etməyə çalışsa da, məsələləri təhlil etdikdə bunun reallığa uyğun olmadığını görürük. Qısacası, Nikol Paşinyan sülh istiqamətində imitasiya edir”.
yenisabah.az
Paylaş: