Xəbər lenti

Özünə qarşı təhlükəsizlik təhdidləri yaradan qaynaqları aradan götürməkdə israrlı olan Türkiyənin Suriyanın və İraqın şimal bölgələrində antiterror əməliyyatları hərbi cəhətlərdə rəvan getsə də, Ankaranın xarici siyasətinin önünə bir sıra çətinliklər çıxır.

İraqda hərbi əməliyyatlar getdiyi bir zamanda Türkiyə paralel olaraq Suriyanın şimalında da analoji addımlar atır, bununla Ankara PKK mövqelərini dağıdıb onları tələb olunan zonaya qədər geri çəkmək mövzusunda kompleks yanaşmasını diqqətə çatdırır.

Suriyada həyata keçirilən hava hücumları (“Pəncə-Qılınc”) strateji şüurları daha çox qarışdırır, çünki bu ölkədə Rusiya, ABŞ kimi qlobal, İran kimi regional oyunçu maksimum fayda almaq üçün yarışırlar.

Bu yarışda Rusiya ilə İranın maraqları bir-birinə uyğundur və onlar ABŞ-ni kənara sıxıb oyundan çıxarmaq üçün mövqelərini birləşdirirlər, hərçənd ki, Vaşinqtonun Suriyadakı strateji maraqları müvəqqəti də olsa təmin olunub.

Bu gün ABŞ təbii sərvətlərlə zəngin olan Suriyanın şimal-şərq regionlarına nəzarət edir və qoruyucu mexanizm kimi PKK-nın silahlı müqavimətindən bəhrələnir.

Türkiyə indi Suriya ilə 900 kilometrlik sərhəd zolağında təhlükəsizlik yastığını tam formalaşdırmaq üçün bu sərhəd xətti boyunca PKK güclərini 30 kilometr dərinliyə qədər geri oturtmalıdır.

Türkiyənin diqqət mərkəzində Tel-Rıfat, Münbiç və Ayn əl-Ərəb kimi narahat şəhərlər var, çünki bu regionlarda ABŞ-nin dəstəklədiyi PKK-nın qanadları olan Suriya Demokratik Qüvvələri PYD və YPG meydan sulayırlar.

Rusiya Suriyada ABŞ-nin nəzarət zolağında olan ərazilərə, xüsusən də Münbiç və Tel-Rıfata Türkiyənin girməsindən dərin narahatlıq keçirmir, hərçənd ki, Moskvanın özünün başqa dərdləri öz yerini Ankaranın maraqları ilə əvəzləməyib.

Türkiyə ilə Rusiya bundan sonra ən çox İdlib mövzusunda dil tapmaqdan uzaqdır, hərçənd ki, bura Ankara-Moskva xəttində “Gərginliyi Azaltma Regionu” kimi bir status qazanıb.

Lakin Suriya ordusu İdlibdə öz təzyiqlərini artırır və Türkiyənin qayğılarını çoxaldır, Moskva isə həmin məsələdə Ankaranın yox, Dəməşqin yanındadır.

Türkiyənin bir neçə istiqamətdən zərbə almaq ehtimalları çoxaldıqca, o, təhlükəsizliyə dair yükünü azaltmaq üçün Bəşər Əsədlə də razılaşmaq çağırışı ilə qarşılaşır.

Çünki silahlı kürdlər Bəşər Əsəd üçün də təhdiddirlər və Ankara məsuliyyət bölgüsündə Dəməşqi də oyuna qatmağa çalışır.

Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə masa arxasına oturması aktuallaşır, lakin tərəflərin hansı formada və ölçüdə razılıq əldə edəcəkləri hələ aydın deyil.

PKK isə qarışıq situasiyada mövcudiyyətinin əriyib yoxa çıxacağından ehtiyatlanır, çünki Türkiyə ABŞ ilə PKK mövzusunda ciddi fikir ayrılıqları yaşasa da, gələcək üçün Ağ Evlə Ankara silahlı dəstələrin bir yerə qədər zərərsizləşdirilməsi prosesində razılıq əldə edə bilərlər.

Çünki ABŞ ilə Türkiyə qüvvələri Suriyada açıq qarşıdurmaya getməkdən çəkinirlər, ən azından bunun iki səbəbi var:

1. Hər iki ölkə NATO üzvüdür və onların bir-birinə qarşı açıq hərbi güc tətbiq etməsi Alyans adına biabırçılıq olar;

2. PKK ABŞ-nin xarici siyasətində məxsusi mövqedə dayansa da, Vaşinqtonla Ankaranın təhlükəsizlik çağırışları daha aktualdır və Ağ Ev regionda Türkiyənin varlığını ən azından Rusiya və İran təsirini zəiflədən üsul kimi nəzərdən keçirir.

Dalana dirənən PKK-dır və buna görə də o, Türkiyəyə olan tarixi düşmən münasibətindən dolayı təkcə ABŞ ilə deyil, Rusiya və İranla da əməkdaşlığa can atacaq.

PROQNOZLAR:

Türkiyə “Pəncə-Qılınc” əməliyyatı ilə Suriyada böyük strateji hədəflərinin tamına nail olmasa da, taktiki üstünlüklər qazana biləcək.

Türkiyə öz çətiri altında olan müxalifət güclərini ortaya çıxararaq onların mübarizəsinə format verəcək.

Bu əməliyyatlar taktiki hədəflərinə çatdıqdan sonra ABŞ ilə Türkiyə masaya əyləşərək yeni mərhələ üçün keçid dövrü təyin edəcəklər.

Növbəti mərhələ üçün ən yeni oyun qaydaları Rusiya-Ukrayna müharibəsinin nəticələrinə əsasən müəyyən olunacaq.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 091          Tarix: 28-11-2022, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma