Son dönəmlər Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya-Ukrayna savaşı ilə bağlı çıxışları kifayət qədər səngiyib. Görəsən, bu susqunluğun pərdəarxası nələrdir?
Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, ötən ilin 24 fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə 2022-ci ildə demək olar ki, bütün dünya bu savaşdan danışdı:
"Bu müharibə ilə bağlı mülahizələr irəli sürüldü. Dünya iqtisadiyyatında böhran hələ də davam edir. Müharibə 1 ilə yaxındır ki, davam edir. Ötən ilin əvvəlində olduğu kimi, hazırda da Rusiya Ukrayna ərazilərində irəliləmək niyyətindədir. Strateji əhəmiyyət kəsb edən yolları, əraziləri, infrastrukturu öz nəzarətinə almağa çalışır. Lakin biz cərəyan edən proseslərdə Çeçenistan rəhbəri Ramzan Kadırovun fəallığını görmürük. İlk vaxtlarda çox böyük həvəslə öz nəzarətində olan ordunun şəxsi heyətini cəbhəyə göndərirdi. Kadırov hətta Ukrayna ərazisində də görüntülənmişdi, lakin hazırda kadr arxasında qalmağı üstün hesab edir. Buna təsir edən əsas amil "kadırovçular"ın çoxunun Ukrayna cəbhəsində məhv edilməsidir. Məhz bu səbəbdən biz Ramzan Kadırovun çıxışlarına rast gəlmirik. Sanki Rusiyanın qələbəsinə ümidini itirib. Ola bilsin ki, Kadırov Rusiyanın gələcəyi ilə bağlı məsələlərdə düşüncələrə qərq olub. Eləcə də Ukraynanın qələbəsi fonunda Rusiyanın parçalanması və federasiya tərkibində ziddiyyətlərin olması, müxtəlif respublikalara daha geniş səlahiyyət verilməsi, hətta müstəqillik iddiaları zaman-zaman Qərb mətbuatında dərc olunur. Öz sadiqliyini, dostluğunu və hörmətini Putinə bildirən Kadırov dəfələrlə bu yöndə çıxış edib. Hətta öz canından belə keçməyə hazır olduğunu bildirib. Ramzan Kadırov bütün fəaliyyəti dövrü ərzində Rusiyaya öz sadiqliyi ilə seçilib. Bundan istifadə edərək Çeçenistana külli miqdarda investisiya cəlb edib. Eyni zamanda federasiya tərkibində olan subyekt kimi ərəb dünyası ilə yaxınlaşaraq Səudiyyə Ərəbistanının, BƏƏ-nin investisiyasını Qroznı şəhərinə gətirib və biz orada sanki "Yeni Dubay"ı görə bilərik. Kadırov hazırda gələcəyə yönəlik planlar qurur və düşünmürəm ki, Putinlə münasibətlərində soyuqluq əmələ gəlib. Lakin hamı kimi Kadırov da hazırda gözləmə mövqeyindədir. Müharibənin gedişi onu təbii ki, ciddi maraqlandırır. Sanki arxa planda qalmaqla ona qarşı olan suallardan yayınmağa çalışır".
Musavat.com
Paylaş: