Xəbər lenti

Sonuncu Münhen Təhlükəsizlik Konfransında İran məsələsinin müzakirə olunub-olunmaması bizə məlum olmadı. Bircə onu bildik ki, konfransa sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu da dəvət alıbdır.

Əlbəttə ki, bunun həm müsbət tərəfi də vardı, həm də mənfi. Müsbət tərəfi bu idi ki, uzun illərdən sonra İran müxalifəti ilk dəfə idi ki, belə bir mötəbər tədbirə dəvət alırdı.

Bu o, demək idi ki, Qərb İran hakimiyyətinin üstündən xətt çəkir və İran müxalifətilə işləməyə başlayır, İran müxalifətini tanıyır. Amma məsələnin bir qədər mənfi anlamı da var.

Əvvəlcə onu qeyd edək ki, Münhen konfransından bir az əvvəl ABŞ-da da İran müxalifətinin toplantısı keçirilmişdi. Əlbəttə, söhbət mühacirətdəki İran müxalifətindən gedir. Amma əsas bu deyil, odur ki, toplantının mərkəzi siyasi fiquru keçmiş İran şahının oğlu idi.

Bu, İran şahının oğlunun ilk siyasi debütü deyildi. İranda etirazlar başlayan andan o, bir neçə dəfə çıxış etmiş və hər dəfə də bəyan etmişdi ki, onun heç bir siyasi ambisiyası yoxdur, sadəcə, istəyir ki, İran xalqı azad və ədalətli seçkilərdə öz müqəddəratını təyin etsin.

Amma Münhen konfranası göstərdi ki, İran şahının varisi heç də tamamilə ambisiyasız siyasi fiqur deyil. Həm də diqqət çəkən detal bu oldu ki, “Lukaşenko Avropanın sonuncu diktatorudur!” deyən Avropa Asiya ölkələrinə gələndə özünün tədbirlərinə bu regionun despotlarını dəvət edir. Bir sıra siyasi müşahidəçilər bunu onunla izah edir ki, hazırki şəraitdə İran şahının oğlu “birləşdirici siyasi fiqur” kimi çıxış edir və bu, İranda dəyişiklik etməyə çalışan Qərb ölkələrinə çox lazımdır.

Bu, indiki halda da mühüm məsələdir, çünki İranda getdikcə milli etirazlar vüsət almaqdadır və bu etirazların fonunda birləşdirici siyasi vektor görünmür. Elə məsələnin birinci qəliz tərəfi də budur: keçmiş şah sülaləsi siyasi kart-blanş alsa və İran cəmiyyəti onların arxasınca getsə, milli etirazlar yatırılacaq.

Fəqət, tarixdə inqilabların ardınca restavrasiyalar çox olub. İran islam inqilabından 44 il keçib və düşünmək olardı ki, qırx ildən sonra hansısa restavrasiyadan danışmaq əbəsdir. Amma şahın oğlunun siyasi səhnəyə qayıtması və Qərb ölkələrinin bu qayıdışa ciddi yanaşması onu göstərir ki, məsələ heç də bitməyib, bir çox ölkələr böyük məmnuniyyətlə şah ailəsinin siyasi səhnəyə qayıdışını istəyərdi...

Amma söz, əlbəttə ki, İran cəmiyyətinindir. Onların şahın oğluna münasibəti necə olacaq? Əsas fikir budur ki, bu, etirazlar müstəvisində çatdan başqa heç nə yaratmayacaq.

Sözsüz ki, şah oğlunun ardınca getmək istəyənlər də tapılacaq, çünki keçmişdə monarxiya olmuş ölkələrdə monarxistlər həmişə tapılır. O ki qaldı bu prosesin Cənubi Azərbaycanda hansı nəticə verməsinə, cənublu soydaşlarımız İran şahları tərəfindən dəfələrlə repressiyalara məruz qalıblar: şahlar həmişə inqilabları, milli-azadlıq hərəkatlarını yatırtmağa çalışıblar və indiki halda da güman etmək ki, yenidən siyasi səhnəyə qayıtmaq istəyən Pəhləvilər milli-azadlıq hərəkatlarına, o cümlədən də cənublu soydaşlarımızın milli–azadlıq mücadiləsinə dəstək verəcək, bu, əlbəttə, siyasi sadəlövhlük olardı.

Burada bir məsələ də var ki, hazırda etirazlar intensivliyilə elə də sezilmir. Amma bu etirazlar bir nəticə verməsə də, düşünmək lazım deyil ki, artıq hər şey itirilib. Elə deyil, bütün avtoritar rejimlərin bir sonu olur. Bu, İran rejiminə də aiddir. Əsas odur ki, cəmiyyət yorulmasın və bir də böyük dövlətlər öz vədlərini unutmasınlar – təkcə sanksiyalar hər şeyi etmək iqtidarında deyil, həm də İran cəmiyyətini ayağa qaldırmaq lazımdır...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 025          Tarix: 25-02-2023, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma