Xəbər lenti

İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı mətbuatında öz əksini tapan xəbərə görə, əlaqələrin normallaşdırılması üçün martın 6-da Çinin paytaxtı Pekində Çin səlahiyyətliləri vasitəsilə danışıqlara başlayan iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında görüş olub.

Razılaşma barədə İran, Səudiyyə Ərəbistanı və Çin birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin qarşılıqlı olaraq yenidən açılması ilə bağlı razılığa gəlib.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər terrorizm ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərginləşən diplomatik əlaqələr edamlardan sonra tamamilə kəsilib.




Ana səhifəyə qayıt        Baxış: 2 779          Tarix: 11-03-2023, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma