Xəbər lenti
13-05-2024, 20:31

Əbu-Dabidə Suriya prezidenti Bəşər Əsədi qəbul edən BƏƏ prezidenti Əl Nəhyan bildirib ki, Suriyanın ərəb dünyasına qayıtmasının vaxtı çatıb

Əsəd rejimi yeni diplomatiya təşəbbüslərini davam etdirir. Ötən həftə Rusiyaya gedən Suriya prezidenti Bəşər Əsəd həftə sonu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Bu, Əsədin Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Körfəz bölgəsinə ikinci səfəri idi.

Musavat.com xəbər verir ki, bölgə ölkələri tərəfindən yenidən qəbul olunmaq üçün mübarizə aparan Əsəd keçən ay başqa bir ərəb ölkəsi olan Omanda təmaslar keçirib.

BƏƏ İLƏ YAXINLAŞMAQ CƏHDİ

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bildirib ki, Suriya çox uzun müddətdir, qardaşlarından ayrılıb və artıq ərəb çevrəsinə qayıtmağın vaxtıdır. O bu ifadəni işlətməklə Dəməşqin ərəb bölgəsinə yenidən inteqrasiyasının vacibliyinə işarə edib.

Suriya Prezident Aparatı dünənki görüşlə bağlı bəyanat yayıb və Bəşər Əsədin BƏƏ-nin ölkəsi ilə ərəb dövlətləri arasında əlaqələri gücləndirmək səylərini yüksək qiymətləndirdiyini bildirib.

Əsədin neftlə zəngin körfəz ölkəsinə səfərini dəyərləndirən Fransanın AFP xəbər agentliyi bu inkişafın keçən həftə Çinin vasitəçiliyi ilə Suriyada rəqib tərəflərə dəstək verən İran və Səudiyyə Ərəbistanının yaxınlaşmasından sonra baş verdiyini qeyd edib.

10 İLDƏN SONRA İLK DƏFƏ

Suriya prezidenti Əsədi xarici səfərində 10 ildən sonra ilk dəfə həyat yoldaşı Esma Əsəd müşayiət edib. Süd vəzi xərçəngi diaqnozu qoyulan və müalicə alan Esma Əsəd BƏƏ prezidentinin həyat yoldaşı Şehika Fatimə bint Mübarək tərəfindən qarşılanıb. Suriyalı bir ailənin qızı olan, Londonda böyüyən və kompüter elmləri üzrə təhsil alan Esma Əsədin Bəşər Əsədlə evliliyindən üç övladı var. O, az hallarda ictimaiyyət qarşısına çıxır.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi başlayandan sonra BƏƏ ilə Dəməşq arasında əlaqələr kəsilmişdi. Suriya Ərəb Birliyindən çıxarılmışdı. 2018-ci ildə BƏƏ Dəməşqdəki səfirliyini yenidən açdı və o vaxtdan etibarən Dəməşq rejiminin ərəb dünyasına qaytarılmasında mühüm rol oynadı.




Ana səhifəyə qayıt        Baxış: 3 053          Tarix: 21-03-2023, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma