Xəbər lenti
Dünən, 19:25

Bəhruz Məhərrəmov: “BƏƏ-nin mövcud siyasi kursu əmindir ki...”

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ikigünlük işgüzar səfəri yanvarın 16-da başa çatıb. Ölkə başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub. Azərbaycan Prezidenti səfər üçün dəvətə görə minnətdarlığını bildirib, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğulayıblar. Söhbət zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.

Səfər zamanı ölkə başçısı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxış edib.

“Ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş imzaladılar. Bu saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanıb. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”.

Bu sözləri tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlərdən gedir. Lakin planlarımız daha genişdir.

“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.

Bu fikirlər də dövlət başçımıza məxsusdur. Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlət başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.

Ali Baş Komandanın bu fikirləri də xüsusi diqqət çəkib: “Yanvarın 15-də "Masdar" ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq".

Sitat: “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq".

“Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində, "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.

Qeyd edək ki, dost ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ərəb-müsəlman dünyasının mühüm dövlətlərindən biridir və Azərbaycanla əlaqələri dinamik inkişafdadır. Son illərdə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın həcmi 2 dəfə artıb. Ötən ilin sonunda Fransanın təşəbbüsü ilə BMT TŞ-də Laçın yolundakı aksiya ilə bağlı Azərbaycan əleyhinə qətnamə qəbulu cəhdlərinin iflas olmasında BƏƏ mühüm rol oynayan 4 ölkədən biri olub.

Deputat Bəhruz Məhərrəmov "Yeni Müsavat"a açıqlamasında öncəliklə bu səfərin əhəmiyyətinə xüsusi olaraq geniş yer ayırdı: “Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yalnız iki ölkə arasında ikitərəfli münasibətlər kontekstində şərh olunmamalıdır. Prosesin əsl mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu proseslərdə rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Azərbaycanla bağlı məsələlər təbii ki, aydındır, Prezident İlham Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail olmaqla siyasi suverenliyini möhkəmlədən, güclü ordu quruculuğu həyata keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən müharibəsindəki qələbəsindən sonra bölgənin şəksiz diqtə edən hərbi-siyasi gücüdür. Cənab İlham Əliyevin təbiri ilə desək, Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir.

Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi, ABŞ-da, bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərməkdədir.

Bütün bunlar isə o mənaya gəlir ki, cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq. Təsirlərin istiqamətini isə proqnozlaşdırmaq çətin deyil.

İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də cənab İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bizim üçün məhz daha maraqlı olduğu üçün Azərbaycana münasibətdə bu məsələnin üzərində dayansaq, bu o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun bəyan olunmasından çəkinmir. Üstəlik, Prezident Şeyx Məhəmməd bin Zayed öz növbəsində bütün bunları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr hesab edərək dövlət başçımızı təbrik edir".

Deputat fikirlərinə bu cür davam etdi: “Əvvəldə də qeyd etdiyimiz kimi, BƏƏ-nin siyasi təsir dairəsinin radiusuna, ABŞ və Avropada ciddi lobbiçilik imkanlarına baxsaq, bu, hazırkı həssas məqamda Ermənistan və havadarları üçün ciddi zərbədir. Yəni qlobal donor olan BƏƏ, Azərbaycanın istər Ermənistanla sərhəddə, istərsə də öz sərhədləri daxilində həyata keçirdiyi və keçirəcəyi istənilən hərbi-siyasi, yaxud cəza tədbiri bəşəri sülh üçün töhfə hesab edir və edəcək. BƏƏ əslində bu mövqeyini yalnız sözdə ifadə etmir. Bildiyiniz kimi, bir müddət öncə, BMT Təhlükəsizlik Şurasının Cənubi Qafqaz regionuna aid müzakirələrində Birləşmiş Əmirlik Azərbaycana birmənalı dəstək verməklə bu mövqeyində nə qədər qəti olduğunu ifadə etmişdi. Cənab İlham Əliyev də BƏƏ-li həmkarı ilə görüşdə bu dəstəyi yüksək qiymətləndirərək, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.

Beləliklə, bu səfər yüksək səviyyədə olan tərəfdaşlığımızı daha da dərinləşdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, bundan sonrakı hədəflər də artıq bəllidir - siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq. Artıq bu istiqamətdə müvafiq imzalamaların da şahidi olduq, bildiyiniz kimi, SOCAR-la BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin, Günəş Fotovoltaik və Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişləri imzalandı. O cümlədən hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın böyük perspektivləri var. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, “Rusiya faktiki olaraq dünya silah bazarından çıxdığı, Amerika isə faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəltdiyi üçün dünya silah bazarında boşluq yaranıb və biz bu bazarı doldurmalıyıq”. Sərhədlərindən kənarda aktiv hərbi proseslərin içində, aparıcı rol alan, bu qisimdə Afrika və Orta Şərqdə hərbi bazaları olan BƏƏ üçün Azərbaycanın müstəqil müdafiə sənayesinin təqdim edəcəyi imkanların da bu mənada cəlbediciliyi şübhə doğurmur. İlk növbədə ona görə ki, Azərbaycan etibarlı tərəfdaş, cənab İlham Əliyev isə öhdəliklərinə əməl edən güvənilir şəxsiyyətdir. Əslində elə BƏƏ-Azərbaycan münasibətlərinin kökündə dayanan amillərdən ən başlıcası da məhz İlham Əliyev şəxsiyyəti ilə, onun barəsində formalaşan, möhkəmlənən “sözü və imzası bir olan nüfuz sahibi” qənaəti ilə sıx bağlıdır. Birləşmiş Əmirlik üçün Qafqazda mütəmadi hökumət böhranları ilə üzləşən qeyri-sabit subyektlər yox, möhkəm dövlətçilik, güclü və kənar təsirləri istisna edən müstəqil siyasi sistemə malik Azərbaycanla tərəfdaşlıq istisnasız olaraq yeganə seçimdir. Yəni bu gün BƏƏ-nin mövcud siyasi kursu əmindir ki, Azərbaycanın milli maraqlarını istisna etməyən istənilən regional məsələdə məhz Prezident İlham Əliyevə güvənmək olar və onun baxışları ilə hesablaşmaq etibarlıdır".




Ana səhifəyə qayıt        Baxış: 3 041          Tarix: 17-01-2023, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma