Xəbər lenti

Politoloq: “Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq”

Rəsmi Bakı növbəti dəfə xoş məram göstərərək, Qarabağdakı erməni icmasını dialoqa çağırıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

Bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Xatırladaq ki, ilk görüş martın 1-də Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə keçirilmişdi. Bakı növbəti görüşün Bakıda keçirilməsini təklif etdi. Lakin Xankəndindən adekvat münasibət sərgilənmədi.

İkinci analoji təklifə hələ ki reaksiya yoxdur. Ancaq şübhəsizdir ki, dialoqda maraqlı olmayan, iki xalqın barışığına ən böyük əngəl məhz Rusiya və onun Qarabağda himayə elədiyi kriminal rejimdir. Kremlin Qarabağa atdığı Ruben Vardanyan tipli “desant”lardır.

Təsadüfi deyil ki, Bakının erməni icması ilə dialoq təşəbbüsü ilə bağlı rəsmi Moskva bir dəfə də olsun təqdiredici bəyanat yaymayıb. Ki, belə bir dialoqu dəstəkləyirik. Eləcə də Kremlin müdafiə elədiyi radikal separatçı ünsürlər, separatçıbaşı Araik Arutyunyan və digərləri.

Yeri gəlmişkən, Bakının təkidlərindən sonra “vəzifəsi”dən qovulan, lakin hələ də Qarabağda sülənən Vardanyan dialoq təklifinin səsləndiyi gün Azərbaycanın ünvanına növbəti hədyanlar səsləndirib. Məsələn, deyib ki, Bakı ilə inteqrasiya tərəfdarı olan istənilən erməni Qarabağdan qovulmalıdır - özü qarabağlı olmaya-olmaya! Yəni dialoqa tərəfdar olanları faktiki terrorla hədələyib.  

Vardanyana görə, Azərbaycan separatçılar arasında parçalanma yaradıb, müxtəlif qrupları bir-birinə qarşı qoymağı bacarıb. O, hətta sırtıqcasına Bakıya qarşı müharibədən danışıb: “Sülh müqaviləsi güclü olduğumuz zaman imzalanmalıdır. Bu təzyiq məhz "hökumətə" yönləndirilməlidir. Əgər biz 100% güclə savaşsaq, göstərəcəyik ki, qul deyilik. Bundan sonra yanımızda müttəfiqlərimiz olacaq".

Erməni milyarder-dələduz həmçinin Rusiya sülhməramlılarının Qarabağda uzun müddətə saxlanılması üçün ciddi işlər görülməli olduğunu bildirib.

Təbi ki, Rusiyaya arxalanan belə pozucu ünsürlər, özünü mifik “dövlət”in “rəsmiləri” sayan siyasi avantüristlər Qarabağda meydan suladıqca, dialoq məsələsi çətin olacaq. Bəs nə etməli? Əngəlləri necə qaldırmalı, vardanyanları necə neytrallaşdırmalı? Azərbaycana inteqrasiya etmək istəyənləri Bakıya necə gətirməli?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, təkliflərə baxmayaraq ermənilər Bakıya gəlmək istəmirlər və bunun bir neçə səbəbi var: “Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamını daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtına qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər. Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidir. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca, kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, enində-sonunda Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar. Vardanyan da bunu bildiyindən reinteqrasiya tərəfdarı olanları hədələyir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri Tural İsmayılov isə bildirdi ki, Ruben Vardanyan Xankəndinə xüsusi bir missiya ilə göndərilmişdi. Bu yaxınlarda qondarma rejimdə tutduğu vəzifədən kənarlaşdırılsa da üzərinə qoyulmuş pozuculuq, təxribatçılıq missiyasını hələ də davam etdirir: "Bakı Qarabağdakı erməni vətəndaşlarımıza növbəti görüş təklifini irəli sürəndən dərhal sonra ilk təxribatçı mövqeni ortaya qoyan Vardanyan oldu. Vəziyyət o həddə çatıb ki, Vardanyan artıq reinteqrasiya tərəfdarı olan erməniləri açıq-aşkar hədələyir. Bu, həm də onun göstəricisidir ki, Qarabağda erməni əhali arasında Azərbaycanla reinteqrasiya tərəfdarı olanlar get-gedə artır, Vardanyan da bundan narahatdır. Lakin artıq Ruben Vardanyan ermənilər arasında nüfuzdan düşüb. Bununa baxmayaraq, Rusiyanın özünün dilə gətirmədiyini o, hələ də dilə gətirməklə məşğuldur. Ermənilərə mesaj verir ki, Rusiya sizin Azərbaycanla reinteqrasiya olmanızı istəmir. Rusiya Vardanyanı danışdırır. Azərbaycan isə öz qarşısına qoyduğu hədəfə addım-addım yaxınlaşmaq xəttini davam etdirir. Azərbaycan hər şeyi öz vaxtında həyata keçirmək taktikasına üstünlük verir. Ona görə də Vardanyanın və digər təxribatçı vardanyankimilərin də hansısa formada zərərsizləşdirilməsi an gəlib çatacaq. Onlar zərərsizləşdiriləndə erməni əhali girovluqdan xilas olacaq. Azərbaycan erməni vətəndaşlarının da hüquqlarını qorumaqda qərarlıdır. Bakıya gəlib görüşlər keçirmək istəyən ermənilərə lazımi şərait yaradacaq. Azərbaycan erməni icmasının üzvləri ilə ünsiyyətini davam etdirəcək. Təxribatçı terrorçulara isə gec-tez antiterror əməliyyatı ilə lazımi cavablar veriləcək”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Qarabağdakı erməniləri reinteqrasiya prosesinə qoşmaq çətindir. Ermənilər keçirilən görüşləri də özlərinin tərəf olaraq tanınması kimi sırımağa çalışırlar. Azərbaycan dövləti ermənilərə təklif versə də onlar bu dəfə də qəbul edənə oxşamırlar. Hesab edirəm ki, onların nazı ilə oynamağın mənası get-gedə qalmır. Separatçı quldur rejim ancaq və ancaq zorla, güc yolu ilə başa salınmalıdır. Onlara insan kimi təklif irəli sürəndə daha da arxayınlaşırlar və özlərini güc-tərəf hesab edirlər. Ona görə də biz güc yolu ilə məsələni həll etməliyik. Təcrübə də göstərir ki, erməniləri sözlə başa salmaq mümkün deyil. Elə etməliyik ki, özləri reinteqrasiyaya hazır olduqlarını bəyan edib yalvarsınlar. Görüş təkliflərimizə verdikləri reaksiyalar da yeganə yolun güc yolu olduğunu bir daha ortaya çıxarır".

//Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 29-03-2023, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma