(Esse)
PROLOQ ƏVƏZİ
1991-ci il. Vətənimizin şərəfli, lakin ağır illərindən biri. Qırmızı imperiyaya- onun silahlı qüvvələrinə güvənən bədnam erməni silahlı birləşmələri Azərbaycan üzərinə müxtəlif istiqamətlərdən, o cümlədən Naxçıvanın Sədərək qəsəbəsi istiqamətindən də hücuma keçdilər. Xalqımız bir nəfər kimi ayağa qalxdı. Qanlı döyüşlər başladı. Sədərəkdə Miltəpə uğrunda gedən döyüşlər tarixə qızıl hərflərlə yazıldı. Təpədən dırnağa kimi silahlanmış azğın düşmən böyük itkilər verərək geri oturduldu; Sədərək, həmçinin Naxşıvan alınmaz qalaya çevrildi. Onlarla şəhid verdik,onlarla igidlərimiz ağır yaralandı. O ağır yaralananlar içərisində Əbdül Məmmədov da vardı.
Əbdül Məmmədov nə az,nə də çox düz iyirmi beş il çarpayı dustağı oldu. Yarası ona nə qədər əzab versə də o sinmadı, bundan qürurlandı,”Vətən sağ olsun” dedi.
İşə bax, düz iyirmi beş ildən sonra, daha dəqiq desək, 2016-cı ilin aprel ayının 4-də ermənilər yenidən təxribat törətdilər. Bu təxribatın qarşısının alınmasıda yüzlərlə igid əsgərlərimiz kimi Əbdül Məmmədovun oğlu Rasim Məmmədov da iştirak etdi. Gərgin döyüşlərdə Rasim Məmmədov düşmən gülləsinə tuş gəldi,şəhid oldu. Şəhidlərimizin sırasına bir şəhid əlavə olundu... Rasim Məmmədov.
Oğlunun ölümündən 24 gün sonra isə Əbdül Məmmədov dünyasını dəyişdi.
O dünyada ruhları birləşdi. Bu dünyada ayrı düşən ruhları. Yəqin ki, ata öz oğlunu bağrına basanda bu sözləri dedi:”Vətən sağ olsun!” Oğlu da atasını intizarda saxlamadı,”Vətən sağ olsun “deyib başını onun sinəsinə qoydu...
Bu yazını vətənin azadlığı uğrunda çarpışan, şəhid olan ata-oğula-Əbdül Məmmədov və Rasim Məmmədovun əziz xatirələrinə ithaf edirəm.
Şəhidliyin tarixi yüz illərlə,min illərlə ölçülmür; ta dünya bina olandan şəhidlik mövcud olub. Ta dünya bina olandan insan haqq-ədalət axtarıb ,onun yolunda canından keçib;şəhid olub...
Bu dünyada arzusuna çatmasa da ,o dünyada əbədi olaraq haqqa,ədalətə qovuşub...
Allah –taala şəhidləri yaratdıqlarının ən qiymətlisi kimi seçib və sevib .
Sevilib və seçilənlərdir şəhidlər...
Haqqa tapınanlardır, ədalət,azadlıq uğrunda ölümü sevgi ilə bağrına basanlardır şəhidlər. Kim ki, hansı toplum ki, kölə olmaq istəməyib bu yolu seçib... Şəhidlik yolunu!
Musa peyğəmbər öz qövmünü- İsrail övladlarını misirlilərin zülmündən xilas etmək üçün hansı yolu seçdi? Hansı? Şəhidlik yolunu- İsrail övladlarının ürəyindən köləliyi çıxarmaq yolunu...Bunun üçün qırx il onları səhralarda dolandırdı; İsrail övladlarının ürəklərindəki köləlik qorxusu zərrə-zərrə əridi, yerini haqdan gələn azadlıq duyğusu doldurdu...Haqqın,ədalətin,azadlığın nə olduğunu bildilər onlar ... Qıqx illik əzab-əziyyət,mənəvi dəyişilmə öz bar-bəhrəsini verdi-toplum köləliyin “büllur” badəsini sərt daşlara çırpdı. Tikə-tikə oldu o badə. Köləlik zəhəri ilə dolu olan o “büllur” badə bir də o topluma yaxın düşə bilməz! Çünki onlar azadlığın dadını əsl mənada daddılar,bəhrəsini gördülər, köləliyin necə bir rəzillik olduğunu anladılar...
... Ulu babalarımız da haqq,ədalətə tapınıblar həmişə. Köləliklə barışa bilməyiblər.Öz haqsevərliyi ,azadlıq aşiqliyi ilə seçiliblər... Bunlar bir uydurma deyil:tarixə həkk olan bir həqiqətdir. Bu həqiqəti heç kim,heç bir toplum,heç bir millət,heç bir xalq dana bilməz...Buna cəhd edənlər iflasa uğrayacaqlar...
Kim dana bilər ucu-bucağı bilinməyən dövlətlər quran hunları?Kim dana bilər Osmanlı türklərinin qurduğu böyük xanədanı? Kim dana bilər Teymurləngin, Xətainin yaratdıqları səltənətləri? Onlar şəhidlər verə-verə o böyük dövlətləri qurdular,dünyaya örnək olan türk mədəniyyətini yaratdılar...
Şəhidlər azaldıqca o böyük dövlətlər də sarsıldılar.
Şəhidlər azaldıqca Azərbaycan Səfəvi Dövləti də əvvəlki güc-qüdrətini itirməyə başladı. Güc-qüdrətini itirdikcə torpaqları da yadlar tərəfindən qamarlanıb yağmalandı...
O dövlətin varisi olan olan Azərbaycan da iki yerə bölündü-Şimali Azərbaycana və Cənubi Azərbaycana...
Şimali Azərbaycan bu qarışıq zamanda özünü itirmədi; iyirmi əsrin ikinci on olliyində şəhidlər verdi. İgidlərimiz vətən uğrunda,haqq-ədalət uğrunda,azadlıq uğrunda canlarından keçdilər; iki yerə bölünmüş vətən torpağı imperiya zəncirindən qopdu.
Bu qopma uzun çəkmədi, üçrəngli bayrağımız ürəklərə endirildi, vətənin qollarına yenə də zəncir vuruldu.Köləlik zənciri.
Yetmiş il xalqım o zənciri qollarında gəzdirdi.
Amma ürəyindəki azadlıq eşqi sönmədi. Və yenidən şəhid verdi,ayaqlarındakı qandalı,qollarındakı zənciri qırıb atdı... Xalqım öz istəyinə çatdı. Yetmiş il ürəyində qoruyub saxladığı istəyinə.Azadlığa təşnə olan istəyinə.
İndi ölkəmin adı qüdrətli ölkələr sırasında çəkilir.
Amma onun torpaqlarına göz dikənlər də var.Bunlar erməni vandallarıdır;iyirmi faiz torpağımızı işğal edən,bir milyondan artıq insanı yurd-yuvasından didərgin salan, Xocalı faciəsini - soyqırımını törədən erməni faşistləridir.
EPİLOQ ƏVƏZİ
Qəbriniz nurla dolsun, Əbdül bəy,Rasim bəy! Vətən uğrunda ,haqq-ədalət uğrunda ,azadlıq uğrunda siz şəhid oldunuz. Düşmənə meydan oxudunuz...
Biz çox səbir elədik.Çox.Düşündük ki, düşmən öz səhvini başa düşər, daşı ətəyindən tökər,haqq yoluna qayıdar.Amma bunun əksini gördük; o getdikcə azğınlaşır,iştahı artır, yeni təxribatlar törədir... Çanaq azğın düşmənin öz başında çatlayacaq.Çünki mübarizəmiz haqq mübarizəsidir.
Haqqınsa qolları bükülməz!
Əmin olun,sizin, eləcə də bütün şəhidlərimizin qanı yerdə qamayacaq. Yox,qalmayacaq. Qalmayacaq!!!
Bunu bizə gələcək nəsillər bağışlamaz.Heç vaxt bağışlamaz.Son qarışına kimi torpaqlarımız geri alınacaq. Bu müqəddəs mübarizədə şəhid olmağa hazırıq. Bunu təkcə mən demirəm,bütün xalqım deyir.
O gün uzaqda deyil. Buna əmin olun. Qarabağda azadlıq günəşi doğacaq. Üçrəngli bayrağımız təkcə Xankəndində deyil, Zəngəzurda, Mehridə, Göyçədə, Gümrüdə...dalğalanacaq.Qədim torpaqlarımız da erməni işğalından azad olacaq.
Eşq olsun gələcək şəhidlərimizə!
Amin!
12.03.2017.
Bayram İSGƏNDƏRLİ
Paylaş: