Xəbər lenti

Bir neçə gün əvvəl Laçın rayonunun sərhəd bölgəsində yenidən erməni təxribatının şahidi olduq. Silahlı toqquşmanın zamanlaması verilən bəyanatlar və sülh prosesləri fonunda suallar doğurur. Paşinyan hökuməti həmişəki kimi problemin daha da dərinləşməsində maraqlıdır.

Ermənistan öz ənənəsinə sadiq qalaraq sərhəd zonasında yeni təxribatlar törədir, regionda sülh və sabitliyin bərpa olunmasına ciddi maneə yaradır. Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini 11 aprel tarixində minaatanlardan, müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutması da bu məqsədə xidmət edib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sülh danışıqlarına ciddi zərbə

Bu insident nəticəsində 3 hərbçimiz şəhid olub, 4 nəfər yaralanıb. Düzdür, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində növbəti erməni təxribatının qarşısı qətiyyətlə alınıb. Amma hadisə iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlara ciddi zərbə vurub. Baş vermiş olay və ondan sonra qarşı tərəfin davranışları sübut edib ki, bu təxribat Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib. Strateji əhəmiyyət kəsb etməyən obyektdə Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın və müavininin olması, xeyli sayda xüsusi təyinatlı qüvvənin cəlb olunması da aydın şəkildə göstərir ki, təxribat Ermənistanın hərbi rəhbərliyinin bilavasitə nəzarətində olub. İnsidentdən sonra Ermənistan Müdafiə Nazirliyinin özünə bəraət qazandırmaq məqsədilə ziddiyyətli açıqlamalar verməsi də diqqət çəkib. Bu, onların az-çox anlaşıqlı cavab hazırlamaq axtarışında olduqlarını, həmçinin gözlənilməz nəticələrin çaşqınlıq yaratdığını, planlarının tam pozulduğunu göstərib.

Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsi

Əslində, Ermənistan Avropa İttifaqı missiyasının ölkədə olduğuna güvənərək, ümid edirdi ki, bu həmlə ilə Azərbaycanı “günahkar” qismində göstərmək mümkün olacaq. Ancaq Ermənistan siyasi rəhbərliyi istəyinə bu dəfə də nail ola bilməyib. Unutmayaq ki, bu təxribat danışıqlar prosesində müəyyən pozitiv meyillərin olduğu, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağına dair informasiyanın yayıldığı ərəfədə baş verib. Bu onu göstərir ki, xarici güclərin, xüsusən erməni diasporunun daha çox kök saldığı Fransanın təsiri altında olan Ermənistan həmişəki kimi problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır. Təsadüfi deyil ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi son insidentlə əlaqədar dərhal Ermənistanı dəstəkləyən bəyanat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunduğu kimi, 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.

“Mülki missiya”nı sınağa çəkmək niyyəti

“Böyük bacısı” tərəfindən həvəsləndirilən Nikol Paşinyan hakimiyyəti başa düşməlidir ki, müxtəlif qüvvələrin dəstəyi ilə ardıcıl təxribatlar yolunu tutmaqdansa, sülh müqaviləsi üzərində işləri davam etdirsə, həm Ermənistan dövləti, həm də erməni xalqı üçün daha yaxşı olar.

Politoloq Əhməd Əlili hesab edir ki, son insident təsadüfi deyil, əvvəlcədən hazırlanmış məqsədyönlü aktdır. Onun sözlərinə görə, bu hadisənin törədilməsi ilə Ermənistan hakimiyyəti bir neçə hədəf güdüb: “Vaşinqtonda keçirilməsi planlanan görüş ərəfəsində belə bir təxribatın törədilməsi liderlərin sülh danışıqları üçün yenidən bir yerə toplanmasını ertələyir. Bunun ardınca dərhal xəbər yayıldı ki, artıq Rusiya belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Kremlin moderatorluğu ilə keçiriləcək görüşə İrəvan və Bakının verəcəyi reaksiya, cavabların nə olacağı Laçınla sərhəddə törədilən təxribatın məqsədini daha da konkretləşdirəcək. İnsidentin törədilməsi Paşinyan hakimiyyəti tərəfindən Avropa İttifaqının ərazidəki missiyasını bir növ sınağa çəkmək niyyəti də daşıya bilər. İrəvan bu siyasi gedişlə Brüssel və Vaşinqtondan özünə dəstək almaq istəyib. Amma nə Vaşinqton, nə də Brüssel Ermənistanın ümidlərini doğrultmayıb, İrəvanı dəstəkləyən bəyanatla çıxış etməyib. Avropa İttifaqının əsas istəyi budur ki, İrəvan Brüssel formatını sıradan çıxarmasın”.

Sülh müqaviləsi təslimçi sənəddir?

Politoloqun qənaətincə, Vaşinqton və Brüssel İrəvanı məcbur edir ki, sülh müqaviləsini imzalasın: “Ermənistanın baş naziri və onun administrasiyası başa düşür ki, indiki şəraitdə sülh müqaviləsi imzalandıqdan sonra Paşinyanın siyasi karyerasına ehtiyac qalmayacaq. Onu müxalifətdən kimsə əvəz edə bilər. Ermənistanın mövqeyinə görə sülh müqaviləsi təslimçi sənəddir. Paşinyanın komandası daxilində də hazırda vəziyyət sabit deyil, baş nazirlə bağlı tənqidlər yüksək səslə ifadə olunur. Bu mənada Laçınla sərhəddə törədilən təxribat imkan verəcək ki, daxili qüvvələr Paşinyan ətrafında birləşsinlər, mövcud gərginlik nisbətən azalsın”.




Ana səhifəyə qayıt        Baxış: 3 411          Tarix: 15-04-2023, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma