Xəbər lenti


 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror aktları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. 
 
Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovulub, qətlə yetirilib, yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Ermənistan ərazisində azərbaycanlılar 1988-ci ilə qədər kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində 1828-ci ildən sonra məskunlaşdırılmış ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə başladılar.



1988-ci ilin əvvəlində DQMV-nin mərkəzi Xankəndi (ovaxtkı Stepanakert) şəhərində ermənilərin mitinq və nümayişləri keçirildi. Bundan sonra vilayətin Azərbaycandan qoparılması yönündə ardıcıl addımlar atıldı: DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər), Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan erməni təşkilatları maneəsiz şəkildə Yerevanda və Xankəndidə fəaliyyətə başladı, Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” və “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərarlar qəbul etdi, nəhayət, 1991-ci ilin sentyabrında DQMV və Goranboy rayonunun bir hissəsini əhatə edən ərazidə qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildi. Ermənistan, SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi kimi qələmə verməmək üçün strategiyasını dəyişib belə bir plan cızmışdı. Buna cavab tədbiri kimi, 1991-ci ilin noyabrında Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Ermənistandan göndərilən silahlı qruplar və terrorçular öz cinayətkar fəaliyyətini genişləndirirdilər. Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi. 


 
Müharibə dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirdi. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. 1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Azərbaycan üçün olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. 


 
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına və münaqişəni dinc yolla həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə ümid bəsləyirdi. Lakin 1997-ci ildən ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədrlik etdiyi Minsk qrupunun təkliflərindən ikisi Ermənistan tərəfindən qəbul edilmədi. “Ümumi dövlət” prinsipi adı altında faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını heçə endirən üçüncü təklif isə Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Qrup həmsədrlərinin sülhə nail ola bilməmələrinə diqqət çəkən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2001-ci ilin dekabrında onlarla görüşdə “müharibə təhlükəsinin artdığını” söyləmişdi. Minsk qrupunun həmsədrləri isə “münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanların daha böyük müsibətlərə məruz qalacaqlarını” bildirməklə faktiki olaraq münaqişəni süni yolla uzatmaq istəyən Ermənistanın mənafeyini müdafiə etmiş oldular. 
 
2003-cü ildə Prezident seçiləndən sonra Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi. 2010-cu ilin oktyabrında Azərbaycan tərəfinin qəti təkidi ilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil edilmişdi. Missiya üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur, yer adlarında dəyişikliklərin, həmçinin iqtisadi fəaliyyətin həyata keçirildiyini təsdiq etmişdilər. İşğal olunmuş ərazilərdəki mövcud vəziyyətin davam etməsinin qəbul olunmazlığını və oradakı qanunsuz fəaliyyətə son qoyulmalı olduğunu bildirmişdilər. 
 
İşğalçılar Azərbaycan torpaqlarında qanunsuz arxeoloji “tədqiqatlar” aparmaqdan da çəkinməmişdilər. 1999-cu ildən Azıx mağarasında aparılan qazıntılar zamanı aşkar edilən tapıntılar dünyaya “erməni maddi mədəniyyətinin nümunələri” kimi təqdim edilmişdi. Dağlıq Qarabağda və ona bitişik işğal olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan edilirdi. 


 
2016-cı ilin aprelində atəşkəs rejimi dövründə Azərbaycan və erməni qoşunlarının təmas xəttində ən böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Əks-hücuma keçən Azərbaycan hərbçiləri ermənilərin lovğalıqla “keçilməz” elan etdikləri istehkam xətlərini bəzi yerdə 20 dəqiqəyə, bəzi yerdə 2 saata yarıb keçdi. Azərbaycan mühəndis-istehkamçılarının sərəncamında olan vasitələrin beşdə biri səddi yarmağa kifayət etmişdi. Aprel döyüşləri nəticəsində erməni tərəfinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun İranla sərhəd ərazilərinin təhlükəsizliyi təmin edildi. Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılığa əsasən, atəşkəs bərpa olundu. 
 
Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi “Madrid prinsipləri” yenidən gündəmə gəldi. Bu prinsiplərə görə, ilk mərhələdə erməni silahlı qüvvələri və onların havadarları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi Azərbaycana qaytarılmalı, növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi. Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməli idi. 


 
Lakin 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi danışıqlar prosesinə əngəllər törətməyə başladı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi. Əvvəlcə danışıqlarda Dağlıq Qarabağın ayrıca tərəf kimi iştirak etməsini təkid edən N.Paşinyan isə 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurdu. İki ay sonra Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə də münasibət bildirdi: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 2020-ci ilin mayında Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər və s. kimi təxribatçı davranışlarla Ermənistan hökuməti Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi. 
 
Ermənistan rəhbərliyinin sülhü pozan addımları erməni hərbçilərinin təmas xətti boyu Azərbaycan Ordusuna qarşı təxribatçı hərəkətləri ilə müşayiət olunurdu. 2020-ci iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. Neft strategiyası və kommunikasiya siyasətində mühüm yer tutan belə bir bölgədə 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturduldu. Bir çox zirehli texnika, radiokəşfiyyat qurğusu, pilotsuz uçuş aparatları ilə yanaşı, erməni tərəfi xeyli canlı qüvvə itirdi. Döyüşlərdə 3-сü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla Azərbaycan ordusunun 12 nəfər hərbçisi qəhrəmancasına həlak oldu. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində isə bir mülki şəxs həyatını itirdi. 


 
İyulun 23-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Rusiya ilə birgə hərbi təlimlər keçirməsi, avqustda isə Goranboy rayonu ərazisinə diversiya qrupu göndərməsi, Yaxın Şərqdən gətirilən terrorçu qrupların Azərbaycan Ordusu ilə təmas xətti boyu yerləşdirilməsi ermənilərin müharibə hazırlığından xəbər verirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir”. 
 
İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”. 


 
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi. Erməni silahlılarının bu vandallıqları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə, respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. 
 
Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilərək orada Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı da Prezident tərəfindən bərpa edildi – Suqovuşan
 
Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut (pəhləvi dilində İkiçayarası deməkdir) qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan ordusunun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. 


 
Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan tərəfi yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı, 20-də isə Zəngilan şəhərini azad etdi. Hər qarış torpaq Azərbaycanın igid əsgər və zabitlərinin canı və qanı bahasına azad edilirdi.
 
Ali Baş Komandan televiziya ilə xalqa müraciət edərkən Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulamış, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləmişdi. Tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini azad etmək aylarla vaxt alacaq. Lakin qəhrəman Azərbaycan Ordusu hərbi kitablara daxil ediləcək mürəkkəb əməliyyatlarla bu missiyanı yerinə yetirdi və bayraq asmağa bircə salamat binanın da qalmadığı şəhəri azad edə bildi. Oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini azad etdikdən sonra Arazın o tayındakı soydaşları tərəfindən alqışlarla müşayiət olunan Azərbaycan əsgərləri İranla dövlət sərhədini tam nəzarətə götürdülər
 
Erməni hərbi birləşmələrinin geri oturdulması N.Paşinyanı bu dəfə danışıqlar üçün ABŞ-a üz tutmağa məcbur etdi. Oktyabrın 24-də ABŞ Dövlət katibi müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında 10 oktyabr tarixli Moskva Bəyanatına bənzər humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Məşhur “aypara” və ya “qurd tələsi” taktikası ilə əks-hücuma keçən Azərbaycan hərbçiləri Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. Oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi. 


 
Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində Xalq-Dövlət-Ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan Orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. 
 
Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın olmadığı, Ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri bu vəziyyətə heyrətini gizlədə bilmirdi. 
 
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticələri Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlərlə susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox sərrast cavab vermişdi: “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? ... Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir ...”. 


 
Azərbaycan növbəti dəfə hücuma məruz qalsa da, çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt reaksiya vermək, işğala son qoymaq çağırışı etmək əvəzinə hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası və bir neçə başqa ölkə isə Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu dəstəkləmiş, onun ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir. Türkiyənin mənəvi və siyasi dəstəyi, yüksək vəzifəli rəsmilərinin müharibə müddətində Azərbaycana çoxsaylı səfərləri diplomatik mübarizədə xüsusilə əvəzedilməz rol oynadı. 
 
Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirak, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Belə ki, məhz bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alınmışdır. Yeri gəlmişkən, erməni havadarlarının BMT TŞ-da Azərbaycana qarşı qətnamə layihəsinin qəbul olunmamasında Böyük Britaniyanın veto hüququndan istifadə etməsini də xatırlamamaq mümkün deyil. Məhz Böyük Britaniyanın bu ədalətli mövqeyi Fransa kimi erməni havadarlarının təxribatçı planlarının qarşısının alınmasında önəmli rol oynadı.


 
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirliklərinin məsul işçiləri, hərbi nümayəndələri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalmış Tərtər, Gəncə və digər bölgələrə səfərləri təşkil olundu. Erməni işğalçılarının azərbaycanlılara məxsus abidələrə qarşı dağıdıcı və hörmətsiz davranışı dünya ictimaiyyətinə nümayiş etdirildi. 
 
Azərbaycan Ordusu oktyabrın axırında Çanaqçı kəndini işğaldan azad etdi, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirdi. Bu zaman Şuşa şəhəri ətrafında lokal döyüşlər başladı. Azərbaycan tərəfinin hesablamalarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada hərəkət etməli idi
 
Erməni komandanlığı Azərbaycan qoşunlarının Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol açdı. Azərbaycan ordusunun Laçın dəhlizinə nəzarət etməsi nəticəsində Şuşadakı işğalçı erməni hərbi birləşmələri əlavə dəstək almaqdan məhrum oldu. Yüngül silah-sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına iplərlə dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə yerdən şəhərə daxil oldu. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. 


 
Şuşanın azad edilməsi zamanı yüzlərlə erməni hərbçisi məhv edildi, xeylisi itkin düşdü. Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin nitqində Şuşa döyüşləri belə xarakterizə etdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. 
 
Prezident Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə Birlik komandiri general-leytenant Hikmət Mirzəyevi şəxsən təbrik etdi. Vətən müharibəsində hərbi əməliyyatlara rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi diqqətdə saxlayırdı. O, Suqovuşanın işğaldan azad olunması münasibətilə general-mayor Hikmət Həsənovu, düşməndən təmizlənmiş ilk şəhər mərkəzi – Cəbrayılın azad olunması münasibətilə general-mayor Mayis Bərxudarovu və general-leytenant Hikmət Mirzəyevi, Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə general-polkovnik Elçin Quliyevi, Qubadlı şəhərinin işğalçılardan azad olunmasında fərqləndiklərinə görə Yaşar Həsənovu və Zaur Quliyevi ayrıca təbrik etmiş, təbrik və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırmışdır. Ali Baş Komandan Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə də şəxsən danışaraq başsağlığı vermişdir. 


 
Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u Dövlət Bayrağı günündə Azərbaycan ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bununla, hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın və ətraf yüksəkliklərin alınması Ermənistanın bütün manevr imkanlarını puça çıxardı.
 
 Azərbaycan Ordusu müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (dronlardan) yüksək effektlə faydalanmaqla dünya hərb tarixinə öz şanlı adını yazdı. Azərbaycanın yalançı hədəf kimi istifadəsiz köhnə təyyarələrdən istifadə edərək Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonunu üzə çıxarması, ardınca o sistemləri məhv etməsi fəndi hərb tarixində yenilik kimi qəbul edilir. Türkiyə Respublikası və İsraildən alınmış “Bayraktar” və “Harop”, habelə Azərbaycan istehsalı olan “Zərbə” dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını, habelə çoxlu miqdarda canlı qüvvəsini məhv etmişdir. Ümumilikdə müharibənin gedişində ölkəmizin hərbi sənaye kompleksinin istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə edilmişdir. 
 
Alınmaz hesab edilən Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq silahdan mahir istifadə etməklə Azərbaycan Ordusunun şücaətini nümayiş etdirmişdir. Eyni zamanda, həm müasir, həm də ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan Ordusu Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir. Prezident İlham Əliyev müharibə ərzində demişdir: “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”. 


 
Şuşanın azad edilməsi müharibədə ermənilərin öz məğlubiyyətlərini etiraf etmələrinə gətirib çıxaran həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu. 
 
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat qəbul etdilər. Bəyanatla bu likdə tanış ola bilərsiniz:
 
 

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı


 
Bəyanatın imzalanmasından sonra noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları boşaldılaraq işğaldan azad edildi. Hava şəraitinin pis olması nəticəsində Vardenis (Göyçə) keçidində problemlər yarandığından Ermənistan tərəfinin Kəlbəcərin boşaldılması üçün daha 10 gün vaxt istəməsinə Azərbaycan dövləti humanist yanaşdı. Amma tarixdən məlumdur ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdilər. Bu 3 rayonun azad edilməsindən sonra Azərbaycan-Ermənistan dövlət sərhədində demarkasiya xətlərinin dəqiqləşdirilməsinə başlanıldı. 
 
Azərbaycan 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini (Vətən müharibəsini) qlobal pandemiyanın baş verdiyi şəraitdə böyük zəfərlə başa çatdırdı. Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu. Naxçıvanın 30 illik blokadasına son qoymaq üçün onun Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı


 
Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin dekabrında Vətən müharibəsinin yekunları ilə bağlı bir neçə fərman və sərəncam imzaladı. Bu sənədlər əsasında: 
 
-Hər il keçirilməsi nəzərdə tutulan 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. 
 
- Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi. 
 
- Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzaladı. 
 
- “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edildi. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi müxtəlif orden, medal və fəxri adlarla təltif edildi
 
- Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsinə, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına qərar verildi. 


 
Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş “Zəfər Paradı”nda ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər Ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. “Zəfər Paradı”nda Şuşaya sancılmış Qələbə Bayrağını Azadlıq meydanına Şuşanın azad edilməsində müstəsna xidmətləri olan, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendantı general-mayor Zaur Məmmədov gətirdi. Paradda qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər. 
 
Azərbaycan Respublikasının Prezidenti müharibə bitdikdən sonra işğaldan yenicə azad edilmiş torpaqlara bir neçə dəfə səfərlər etdi, orada yeni layihələrin (Füzuli hava limanı, Şuşaya yeni yol və s.) təməlini qoydu. 2021-ci ilin yanvarında “Qarabağ Dirçəliş Fondu” yaradıldı. 
 
2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra imzalanmış Bəyanatda nəzərdə tutulurdu: 
 
- Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. 
 
- İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirməli, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılmalı, prioritet qismində dəmir yolu və avtomobil yolları müəyyən edilməlidir. 


 
Artıq 2021-ci ilin yanvar ayının axırından etibarən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyev Moskva görüşündən sonra qeyd etmişdir: 
 
“...Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.



 


Ana səhifəyə qayıt        Baxış: 6 557          Tarix: 11-09-2021, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma