Xəbər lenti

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Oman körfəzində İran tərəfindən kommersiya gəmisinin saxlanılması ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, 27 aprel yerli vaxtla saat 13:15-də Marşal Adaları bayrağı ilə Oman körfəzində, beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) donanması tərəfindən saxlanılıb.

Qeyd edilib ki, neft tankeri ələ keçirilərkən həyəcan çağırışı yayıb.

Vurğulanıb ki, ABŞ-ın 5-ci donanması vəziyyəti monitorinq edir.

“İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regional təhlükəsizlik və sabitliyi pozur. İran hökuməti neft tankerini dərhal buraxmalıdır”, - bəyanatda qeyd edilib.

Əlavə olunub ki, İranın gəmilər üçün yaratdığı narahatlıqlar və regional sulardan istifadə hüququna müdaxilə etməsi dənizçiliyin təhlükəsizliyinə və qlobal iqtisadiyyata təhdiddir.

“Ötən iki il ərzində İran Yaxın Şərqdə ən az 5 kommersiya gəmisini qanunsuz şəkildə ələ keçirib”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, İranın İRNA xəbər agentliyi SEPAH-ın Oman körfəzində kommersiya gəmisinin saxlanılmasına dair məlumatları təsdiqlədiyini yayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 640          Tarix: 27-04-2023, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma