Xəbər lenti
13-05-2024, 20:31

Şuşada təşkil edilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans Azərbaycanın yenidən şəkillənən dünya nizamındakı rolu və əhəmiyyəti kimi qiymətləndirilə bilər.

Konfransın mövzusu da elə dünyanın təhlükəsizlik intizamının pozulması fonunda gözə çarpır. Deməli, Cənubi Qafqaz regionunda yaranan geosiyasi reallıqların beynəlxalq münasibətlər sisteminə təsiri və qarşılıqlı reaksiyaların ölçülməsi, bunun perspektivdəki yeri strateji maraqların hədəfindədir.

Fikrimizcə, tədbirdə çıxış edən və sonradan sualları cavablandıran Prezident İlham Əliyev bölgədəki reallıqların geosiyasi təsirləri mövzusunu “biz regionda baş verən proseslərə göz yuma bilmərik” fikri ilə açdı.

Regionda Ermənistan oyunçu deyil, o, sadəcə, bölgədə böyük maraqları olan güclərin əlində alətdir, deməli, Əliyev həmin mövqe ilə bir neçə istiqamətə tuşlanmış fikir səsləndirdi.

Cənubi Qafqazdakı təhlükəsizlik şkalası tez-tez titrəyir, Azərbaycan özünə qarşı genişmiqyaslı təhdid yaradılmasının öhdəsindən gəlir. Ancaq bu o demək deyil ki, təhdidlər qeybə çəkilib, xeyr, əksinə, təhlükələr regional təhlükəsizlik üçün əzablı yollar təqdim edir.

Əliyev bunun təqdimatını Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üçün göstərilən səylərin ehtimal oluna bilən nəticəsizliyi fonunda verib.

İlham Əliyevin SİTATI: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq”.

Görünür ki, Ermənistanın danışıqlarda əldə edilmiş razılıqlardan sapması ssenarisinə hazırlıq işi görülür. Bu ssenarini Əliyev belə ifadə edir ki, Ermənistan konstruktiv olmasa, yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq.

Digər diqqət edə biləcəyimiz məqam İlham Əliyevin 10 Noyabr Bəyanatı ilə bağlı səsləndirdiyi “Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil” ifadəsidir.

Bunun mümkün açması odur ki, həmin Bəyanatın müddəalarının təhrif edilməsi və baza kimi əbədi qalmasına cəhdlərin göstərilməsi qəbuledilməzdir. Düzdür, Bəyanat sonrakı nizamlama prosesləri üçün baza rolunu oynayır, ancaq bu, əbədi ola bilməz. Bəyanatın maddələri üzrə manipulyasiyalara yol verilməməsi Azərbaycanın gündəliyindədir.

Mesajların Şuşadan verilməsi Azərbaycanın Avrasiya geosiyasətindəki rolunu irəliyə aparmaq məqsədləri daşıya bilər.

Avrasiya materiki zəngindir, xüsusilə indi geosiyasi müqavimət oxları Avropa qitəsindən Asiyaya doğru yön alır. Asiyada ən güclü oyunçular ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir.

Azərbaycan nəhəng rəqabət meydanında özünə yer edir. Rəsmi Bakı xarici siyasət üzrə doktrinasını hazırlayıb bu rəqabətə tab gətirə bilmək meyillərini sənədləşdirmək çağırışı ilə qarşı-qarşıyadır.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 3 533          Tarix: 3-05-2023, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma