Xəbər lenti

Laçın sərhəd-keçid məntəqəsindən bir qrup erməni “tələbə”nin Ermənistana keçidi baş tutub. Erməni əhalisinin sərhəd-keçid məntəqəsindən sərbəst keçidinin təmin edilməsi və hazırda tədris ilinin başlanması fonunda bu o qədər də diqqətçəkən deyil. Hərçənd, yayılan fotoya əsasən gedənlərin orta yaşlı olmaları şübhələrə yol açır və aydın görünür ki, onlar “tələbə” yox, daha çox hərbçiyə və kriminal keçmişə malik olan şəxslərə bənzəyir.


Bu, erməni silahlı qüvvələrinin Qarabağda qalan ünsürlərinin “tələbə” adı ilə bölgədən çıxarıldığı versiyasını ön plana çıxarır. Qarabağda erməni ordusunun qalmadığını iddia edən rəsmi İrəvan onların çıxışını açıq şəkildə edərsə, erməni ictimai rəyində narazılıq yaranacağı məlumdur. Hesab etmək olar ki, Ermənistan rəhbərliyi hərbçilərin çıxışını bu yolla həyata keçirir. Lakin Qarabağda baş verən proseslər fonunda bu versiya o qədər də inandırıcı deyil:


Birincisi, separatçılar təslim olmaqdan imtina edir və hərbi mövqelərini gücləndirməklə silahlı təxribatlara hazırlaşır: bu amil erməni hərbçilərin bölgədən çıxarılması ehtimalını zəiflədir;

İkincisi, separatçı rejimin yeni “rəhbərliyi” Ermənistan hakimiyyəti ilə qarşıdurma vəziyyətindədir və rəsmi İrəvan istəsə belə, onlar erməni ordusunun hərbçilərini buraxmaqdan imtina edəcəklər;


Bu amillər “tələbə” adı ilə Ermənistana keçənlərin erməni ordusunun bölgədən çıxan hərbçiləri olmadığını deməyə əsas verir.


Və sual yaranır: bu şəxslər kimlərdir və niyə “tələbə” adından istifadə edirlər?


Bu sualın cavabını Ermənistandakı proseslər və baş vernənlər və Xankəndində separatçıların arasında baş verənlərdə axtarmaq lazımdır.


Nikol Paşinyanın hakimiyyətdən devrilməsi planının dövriyyədə olduğuna dair məlumatlar var. Xüsusilə Ermənistan hakimiyyəti ilə Rusiya arasında açıq müstəviyə keçən qarşıdurma fonunda bu gözləntilər hər keçən gün artır. Hətta Paşinyana yaxın informasiya resursları (Baqramyan kanalı) Rusiyanın Ermənistandakı “Vanqer” qruplaşmasını aktivləşdirdiyi və hakimiyyətə qarşı addımlarda istifadə edəcəyi iddialarını tirajladı. Moskvada Ermənistan-ABŞ birgə hərbi təlimlərinin “qırmızı xətt”in keçilməsi olaraq qəbul edilməsi də İrəvanın daxili çaxnaşmalara gəbə olduğunu deməyə əsas verir.

Ermənistanda mümkün hakimiyyət çevrilişinin klassik “Qarabağ kartı” üzərindən həyata keçirilməsi versiyası ön plandadır. Separatçıların “rəhbərliyinin” dəyişməsi, Paşinyanla işləyən Araik Arutyunyanın oyundan kənarlaşdırılması və Bako Saakyanın adamı kimi tanınan Samvel Şahramanyanın “başa” gətirilməsi bu planın tərkib hissəsidir. Bu, Ermənistanda keçmiş “Qarabağ klanı”nın – Koçaryan-Sarkisyan cütlüyünün aktivləşməsi fonunda baş verir, müxalifətin son mitinqləri də hakimiyyətə qarşı “Qarabağ kartı”nın istifadə edildiyini təsdiləyir.


Proseslərin mümkün inkişafının belə görünür: İrəvanda siyasi çaxnaşmalar başlayır, hökumət binaları tutulur, etirazçılar arasında “naməlum” gülləyə qurban gedənlər olur və hadisələri Paşinyanın devrilməsinə qədər körükləyirlər; bu ssenaridə Qarabağdakı separatçılar müxalifətin həm siyasi dəstək, həm qüvvə təminatı baxımından əsas dayağı olaraq çıxış edəcək;


Baş verənlər və hadisələrin mümkün inkişafı Qarabağdan “tələbə” adı ilə Ermənistana keçənlər separatçıların “rəhbərliyi” tərəfindən xüsusi missiya ilə göndərildiyi versiyasını gücləndirir. İstisna deyil ki, bu qrup bir neçə tapşırığı icra edəcək: iğtişaşların yaradılması, etiraz aksiyalarında iştirakçıların qurban gedəcəyi “naməlum atəşin” açılması və hökumət binalarının tutulmasında aktiv iştirak;


Məlumatlara görə, İrəvana çevriliş planının icrası üçün göndərilən erməni “tələbələrin” növbəti hissəsi yaxın dövrdə gedəcək.


Proseslər Paşinyan hakimiyyətinə 1998-ci il Ter-Petrosyana qarşı həyata keçirilən ssenarinin tətbiq ediləcəyini, lakin bunun iki fərqli taktika üzrə icrasının mümkünlüyünü göstərir:


- “Qarabağ kartı” gündəmə gətiriləcək, lakin bu tələb 1998-ci ildəkindən fərqli olaraq küçədən irəli sürüləcək;

- Hökumət binaları 1999-cu il parlamentin gülləboran edilməsi planı üzrə ələ keçiriləcək;

- 2008-ci ildə etirazçıların güllələnməsi ssenarini tətbiq olunacaq: həmin vaxt hakimiyyətdə Sarkisyan-Koçaryan klanı Qarabağdan əlavə qüvvə gətirərək, etirazçıları güllələmiş, nəticədə 10 nəfər ölmüşdü; eyni ssenari yenə tətbiq edə, etirazçıları güllələyərək, bunu Paşinyanın etdiyi kimi göstərə bilərlər;


2008-ci ildə İrəvanda etirazçıları güllələnməsi üçün Qarabağdan İrəvana aparılan qrupun rəhbəri “general” Samvel Karapetyan hazırda Xankəndindədir. Ötən ilin may ayında Xankəndində “silahlı iğtişaş” ssenarini tətbiq etmək cəhdinə görə həbs olunub. Əslində separatçı rejimin “rəhbərliyinin” dəyişməsi və İrəvanda çevriliş planının işə salınması hədəfi həmin vaxt gündəmdə idi, lakin bu proses təxirə salındı. Görünür, Koçaryan-Sarkisyan qruplaşması Qarabağdakı separatçıların “rəhbərliyi”ni indi dəyişməyə nail olduqları üçün İrəvanda çevriliş planını aktivləşdirir və istisna deyil ki, Samvel Şahramanyan S.Karapetyanı azad edərək, proseslərdə iştirakına şərait yaradacaq.


Bütün bunların fonunda Ermənistana gedən “tələbə”lərin əslində İrəvanda yaxın günlərdə gözlənilən iğtişaşların təşkili üçün göndərildiyi şübhələri daha da artır.//Publika.az




Ana səhifəyə qayıt        Baxış: 3 683          Tarix: 12-09-2023, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma