Xəbər lenti

 

Kriminal ədəbiyyat çağdaş Azərbaycan oxucusunun, əsasən də gənc nəslin ən çox müraciət etdiyi janrdır desək yəqin ki, yanılmarıq. Onu da vurğulayaq ki, hazırda kitab mağazalarında ən çox tələbat kriminal və detektiv janrda yazılan kitablaradır.
Ədəbiyyatşünaslar, tədqiqatçılar detektiv ədəbiyyat haqqında kifayət qədər araşdırma aparsalar da, kriminal janrın tədqiqi bir qədər kölgədə qalıb. Azərbaycanda kriminal ədəbiyyatın müəllifləri sayca az olsa da, onların yaratdığı əsərlərin təsir gücü və daşıdığı tərbiyəvi əhəmiyyəti çoxdur. Cinayət varsa, sözsüz ki, onu törədənlərin cəzası da var. Cinayət törədib həbsxanaya düşən insanların həyatı faciəlidir. Bu faciəli həyat bədii ədəbiyyatın dili ilə təsvir edilir və gənclər ondan dərs götürməlidirlər.
Azərbaycanda kriminal ədəbiyyatın tarixi, nümayəndələri, çağdaş kriminal ədəbiyyat yaradıcılarının kimliyi təbii ki, həmişə diqqət çəkir. Kriminal ədəbiyyatdan danışarkən biz bu sahədə son illər yaranan əsərləri və onların adlarını qeyd etməliyik. Mərhum yazıçımız Yusif Əhmədovun yaratdığı kriminal hekayələr və ustad yazıçının “Qara Kəmər” əməliyyatı ilə bağlı qələmə aldığı 2 cildlik “Ələkeçməzlər” romanı, Bəhram Çələbinin kriminal əsərləri, eləcə də bu sahədə öz sözünü deyən yazıçı Rövşən Yerfinin bu mövzuya həsr etdiyi əsərlər oxucuların maraqla qarşıladığı əsərlərdir.
Kriminal ədəbiyyatı bəzən detektiv ədəbiyyat janrı ilə qarışdırırlar. Əslində, onlar fərqli janrlardır.
Kriminal yazar Rövşən Yerfi bizimlə söhbətində kriminal ədəbiyyat haqqında fikirlərini bölüşdü: “Doğru qeyd edirsiniz ki, indi cinayətlərlə bağlı bütün əsərləri detektiv janrı adı altında qarışdırırlar. Mən isə bunları hüquq nöqteyi-nəzərindən iki əsas növə bölürəm: həbsə qədərki cinayətlərdən bəhs edənlər və həbs həyatından, həbsdə baş verənlərdən bəhs edənlər. Həbsə qədərki cinayətlərdən, yəni azadlıqda baş verənlərdən danışılan əsərləri həqiqətən detektiv əsərlər hesab etmək düzgündür. Bu janrın Azərbaycan ədəbiyyatında əsasını ötən əsrin 50-ci illərində Cəmşid Əmirov qoyub. Müstəqillik dövründə ədəbiyyatımızda detektiv yazan onlarla müəllif meydana gəlib və bu janrın bir neçə növü yaranıb. Amma həbsdə baş verənləri təsvir edən əsərləri isə mən detektiv deyil, “məhbəs nəsr” hesab edirəm. Əlbəttə, söhbət poeziyadan yox, nəsr əsərlərindən gedir. Son iki əsrdə özümüzə mayak hesab etdiyimiz rus ədəbiyyatında belə əsərlər müvafiq olaraq “tyuremnaya literatura” (məhbəs ədəbiyyatı), “tyuremnaya proza” (məhbəs nəsri) adlanır. Azərbaycan ədəbiyyatında məhbəs poeziyası XII əsrdə yaşamış Fələki Şirvani ilə, məhbəs nəsri isə 1992-ci ildə çap olunmuş Çingiz Ələkbərzadənin “Zindan” romanı ilə başlayıb. Bu romandan əlavə Ç.Ələkbərzadə daha iki kitab (“Qumarbaz” və “Türmə mənim ahımdır”) yazıb. Onun ardınca Qənimət Əlisaoğlunun “Lənət qapısı”, “Bayıldan başlayan yol”, “Qırmızı türmə” adlı üç sənədli romanı - kriminal trilogiyası oxucular arasında Azərbaycan bestselleri kimi nüfuz qazanmışdı. 1996-cı ildə Oqtay Əhmədovun “Cəhənnəm yolu”, “Volqodon əsirləri”, 2000-ci ildə isə İsmayıl Qarayevin arxivindən “Sxodka” və “Budaqlar” əsərləri oxuculara təqdim olunub. Məhbəs nəsrinə dair son nümunə Faiq Balabəylinin “Bayıldan bayıra” kitabıdır. Mən də bu sahədə əsərlər yazan müəlliflərdənəm. 2004-cü ildən başlayaraq indiyədək bir roman, üç povest, iki pyes yazmağa müvəffəq olmuşam. Qismət olarsa, ardını davam etdirmək niyyətindəyəm. Kriminal sahədən yazan yazıçı cinayət və cəzadan, hüquqdan məlumatlı olmalıdır. Bir də kriminal dünyasının adamları – istər cinayətkar, məhkum, istərsə də əməkdaşlar qarşısında alnıaçıq, adı təmiz olmalıdır. Bu keyfiyyət və xüsusiyyətləri olmayan yazıçının yazdığının da dəyəri olmaz”.
Yazıçı-publisist, qalmaqallı “Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum” adlı kitabın müəllifi Təbriz Vəfalı bildirir ki, keçmiş SSRİ dövründə təkcə Azərbaycanda deyil, digər sovet respublikalarında da kriminal hadisələrə yanaşma tərzi indikindən tamamilə fərqli olub. O qeyd edir ki, hətta həmin dönəmlərdə kriminal xəbərlərin mətbuat orqanlarında yayılmasını qadağan edən senzura sistemi mövcud idi: “SSRİ dövründə Azərbaycan SSR Mərkəzi Komitəsində “Baş ədəbiyyat şöbəsi” (“Qlavlit”) fəaliyyət göstərirdi və bu şöbə “kriminal avtoritet”lərdən, cəmiyyətdə və ictimaiyyətdə psixoloji gərginlik yarada biləcək hadisələrdən bəhs edən kitabların yazılmasını qadağan edirdi. Kitablardakı hər sətir, hər söz diqqətlə oxunur və senzuradan keçirilirdi. Bəzi yazarlarımız iddia edirlər ki, Sovet dönəmində də kriminal ədəbiyyat çap olunub. Əslində, onlar sovet psixologiyasının, keçmiş milis və dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətlərindən, həmin orqanların əməkdaşlarının xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlmələrindən, ən qatı cinayətkarların da həbs olunmasından, hətta ağır cinayət işlərinin üstlərinin açılmasından bəhs edirdilər. Məsələn, “Qara Volqa”da qatı cinayətkarların fəaliyyətlərindən, cinayət əməllərindən və milis əməkdaşlarının onlara qarşı həyata keçirdikləri operativ və uğurla nəticələnən əməliyyatlarından bəhs edilib. Şübhəsiz ki, bu cür ədəbiyyatları oxuyanlar və “Qara Volqa” kimi filmləri izləyənlər heç vaxt belə cinayətləri törətmək, həbsxana həyatı yaşamaq və ən ağır cəzalara layiq görülmək istəməyiblər. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycanın müstəqillik qazandığı ilkin dövrdə SSRİ-dən qalmış senzura sistemi ləğv olundu. Reytinq qazanmaq uğrunda mübarizənin ciddiləşməsi üzündən bəzi yazarlarımız milli mentalitetdən kənar şeyləri, həm də açıq-saçıq şəkildə yazmağa və dərc etdirməyə başladılar. Kriminal ədəbiyyat da məhz həmin zaman meydana çıxdı və zaman-zaman populyarlıq qazandı. Həm senzura sisteminin olmaması, həm də açıq bazar iqtisadiyyatı dövrü olduğu üçün, kriminal ədəbiyyat digər ədəbiyyatları üstələməyə başladı. Bu üstələmənin digər bir səbəbi isə insanların qaranlıq həyata, həbsxana həyatına maraq göstərməsi ilə əlaqədar oldu”.
Həmsöhbətimiz deyir ki, bəziləri həbsxanada yazılmış əsərləri kriminal ədəbiyyat adlandırırlar. Ancaq bu yanlış fikirdir. Çünki həbsxanadakı bəzi məhbuslar romanlar, povestlər, xatirələr, hekayələr və şeir kitabları da yazıblar. O bildirir ki, hətta ictimaiyyətdə və cəmiyyətdə siyasətçi, tanınmış şəxslər də olub ki, onlar məhbusluq həyatı yaşadıqları zaman siyasi mövzularda kitabları ərsəyə gətiriblər: “Məsələn, Vladimir İliç Leninin “Rusiyada kapitalizmin inkişafı”, Migel del Servantesin “Don Kixot” romanı, Amerika yazıçısı Harri Qreyin “Quldurlar” romanı və digər kitablar həbsxanada yazılıb və onların həbsxana həyatı ilə heç bir əlaqəsi yoxdur. Kriminal ədəbiyyatlar isə daha çox həbsxana həyatında baş verənlərdən, “avtoritet”lərin həyatından, türmədə və azadlığa çıxdıqdan sonrakı dövrlərdə fəaliyyətlərindən, cinayət hadisələrindən bəhs edilir. Düzdür, bəzi kriminal ədəbiyyatlar həbsxana həyatı yaşamış məhbuslar tərəfindən yazılsa da, digər müəlliflər məhbusluq həyatı yaşamayıblar. Məsələn, Qənimət Əlisaoğlu uzun müddət həbsxanada olub. Öz başına gələnləri, şahidi olduğu və eşitdiyi hadisələri yazaraq onları “Lənət qapısı”, “Qırmızı türmə” və “Bayıldan başlayan yol” adlı kitablarında dərc etdirib. Amma bəzi yazıçılarımız və yazarlarımız da var ki, onlar azadlıqdan məhrum edilməyiblər və həbsxanada olmayıblar. Onlar, sadəcə, “kriminal avtoritet”lərin həyatlarını araşdırıblar. Bunun üçün sözügedən “avtoritet”lərin həbsxana yoldaşları, ailə üzvləri, dostları, qohumları və tanışları ilə ətraflı söhbətlər aparıblar, qeydlər götürüblər. Məsələn, tanınmış yazıçımız Bəhram Çələbi kriminal ədəbiyyatın şah əsərləri sayılan “Lotu Bəxtiyar”, “Diktator Ağakərim”, “Dağlı Cavanşir”, “Sabirabadlı Hikmət” və digər kitabları məhz öz araşdırmaları nəticəsində götürdüyü qeydlər əsasında yazıb”.
T.Vəfalı vurğulayır ki, azərbaycanlı yazıçıların yazdıqları kriminal kitabların əksəriyyətini oxuyub və həmin kitablar onun dünyagörüşünün formalaşması, intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Ancaq, bununla belə, həmsöhbətimiz kriminal ədəbiyyatın yazılmasının və dərcinin əleyhinədir: “Çünki mən heç vaxt özümü hansısa “kriminal avtoritet”ə bənzətmək, onun hərəkətini təqlid etmək fikrində olmamışam. Amma kriminal ədəbiyyatı oxuyan əksər gənclər və yeniyetmələr mənim kimi düşünmürlər. Onlarda belə bir rəy yaranıb ki, həbsxanadan çıxanlar, keçmiş məhbuslar təhlükəli insanlardır və onlardan hər kəs qorxur. Ona görə də gənclərimiz və yeniyetmələrimiz düşünürlər ki, asan yolla, əziyyət çəkmədən, reketçilik edərək çoxlu var-dövlət toplayacaqlar, villalara və ən bahalı avtomobillərə sahib olacaqlar. Kriminal ədəbiyyatı oxuyan əksər gənclərimiz və yeniyetmələrimiz hesab edirlər ki, həbsxanada olmuş insanlar böyük hörmətə, izzətə sahib olurlar. Buna görə də onları xüsusən bəzi qadınlar və qızlar xoşlayır və sevirlər. Hətta bəzi gənclərimiz və yeniyetmələrimiz düşünürlər ki, əsl kişi olmaq üçün mutləq cinayət törətmək və həbsxanada cəza çəkmək lazımdır. Belə faktları çox sadalamaq olar. Ümumilikdə götürdükdə kriminal ədəbiyyatın gənc nəslin psixologiyasına mənfi təsir göstərdiyini, əksər gənclərimizin və yeniyetmələrimizin halal zəhmətlə, alın təri ilə, əziyyətlə çörəkpulu qazanmaq əvəzinə, “qaz vurub qazan doldrumaq” yolunu seçməyə cəhd göstərdiklərini, onların təhsildən yayınmalarına birbaşa şərait yaratdığını və azyaşlılarımızın xəyalpərəst kimi yetişməsində böyük rol oynadığını deyə bilərəm. Ona görə də kriminal ədəbiyyatın yazılmasının və dərcinin əleyhinəyəm. Ancaq yazıçı həmkarlarımızın gəlir sahəsi olduğu üçün, bu cür kitabların yazılmasının, dərcinin və satışının qadağan olunacağına inanmıram. Ona görə də yaxşı olar ki, kriminal ədəbiyyatın gənclərə və yeniyetmələrə satılmasına qadağa qoyulsun. Eyni zamanda, valideynlər öz övladlarının gələcəyini təhlükəyə atmamaq üçün, onların kriminal ədəbiyyat oxumaqdan uzaq durmasını təmin etsinlər”.

İradə SARIYEVA




Ana səhifəyə qayıt        Baxış: 1 362          Tarix: 15-12-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma