İran mediasının ötən həftə ölkə prezidenti İbrahim Rəisinin BMT Baş Məclisinin 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri və onu bu səfərdə müşayiət edən Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahianın ABŞ-da keçirdiyi görüşlər ətrafında geniş təbliğat kampaniyası apardığı məqamda ortaya çıxan bir xəbər diqqət çəkib.
Məlum olub ki, Hüseyn Əmir-Abdullahian Nyu-Yorkdakı görüşlərini başa vurduqdan sonra həftə sonu ABŞ-nin paytaxtına səfər etmək istəyib, lakin onun bununla bağlı müraciəti rəsmi Vaşinqton tərəfindən rədd edilib.
Tezliklə bu xəbər öz təsdiqini tapıb. Belə ki, sentyabrın 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə belə bir müraciətin olduğunu təsdiqləyərək deyib:
“Bizim İran rəsmilərinin və digər xarici dövlət nümayəndələrinin BMT işləri üçün Nyu-Yorka getməsinə icazə vermək öhdəliyimiz var, lakin onların Vaşinqtona getməsinə icazə vermək öhdəliyimiz yoxdur”.
İran XİN rəhbərinin Vaşinqtona getməklə bağlı müraciətinə mənfi cavab verilməsinin səbəbini isə ABŞ rəsmisi belə izah edib:
“İranın ABŞ vətəndaşlarını qanunsuz olaraq həbs etdiyini və dövlət səviyyəsində terrorizmə dəstək verdiyini nəzərə alaraq, biz indiki halda bu istəyin təmin edilməsini məqsədəuyğun, yaxud zəruri hesab etməmişik”.
“Azad İran”
Paylaş: