Xəbər lenti
Dünən, 21:34
Dünən, 19:39
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 12:15
Dünən, 11:17
Dünən, 10:55
10-10-2024, 23:36
10-10-2024, 22:26
10-10-2024, 21:22
10-10-2024, 20:28
10-10-2024, 19:33
"Qasım Süleymaninin əsgəri". İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranın siyasət kuluarlarında məhz belə tanınır.İran İslam Respublikasının "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Sepahe Pasdarane Enqelabe Eslami", SEPAH) tərkibindəki "Qüds" korpusunun ("Sepahe Qods") mərhum komandiri, general Qasım Süleymani ölkəsində milli qəhrəmandır.
Amma İrandan kənarda, xüsusilə də Qərbdə onu ən radikal, fəndgir, hiyləgər və superpeşəkar terrorçu kimi tanıyırdılar.
Qasım Süleymani adi fiqur deyildi. O, İranın Yaxın Şərq və Fars Körfəzi ölkələrindəki proksi savaşlarının ssenari müəllifi, ərəb monarxiyaları ilə Qərbin hədəfində olan adamdı. Çünki İranın hər formada dəstəklədiyi, habelə təmin və idarə etdiyi qruplaşmalar göstərişlərlə əmrləri məhz Süleymanidən alırdılar.
Suriyadakı "Qətaib Hizbullah", "Fatimiyyun" və "Əməl", Livandakı "Hizbullah" və "Əməl", İraqdakı "Hizbullah" və "Əl Həşd əş Şəəbi", Yəməndəki husilər, Oman və Bəhreyndəki "inqilabçılar" və s. - onların istisnasız olaraq hamısı general Süleymaniyə hesabat verirdilər.
Hüseyn Əmir Abdullahian da İranda bir çox siyasətçilər kimi, Süleymaninin pərəstişkarları arasında idi.
"Mühafizəkarlar" düşərgəsininin mənsublarının çoxluq təşkil etdiyi İran parlamentində xarici işlər naziri postuna Abdullahianın namizədliyi səsə qoyulanda, 270 deputat onu dəstəklədi, cəmi 10 millət vəkili isə Abdullahianın namizədliyinin əleyhinə səs verdi.
Namizədliyi dəstəkləyən deputatlardan biri çıxışında demişdi: "Xarici İşlər Nazirliyinin kursunda və siyasətində dəyişikliklər olmalıdır. Tələb edirik ki, bu nazirlik mərhum Süleymaninin siyasi mirası çərçivəsində çalışsın. Yeni nazir, cənab Abdullahian da məhz bu istiqamətdə işləməlidir. Biz ona güvənir, etimad edirik".
Gerçəkdən də, əvvəllər İran parlamentinin spikerinin beynəlxalq məsələlər üzrə müavini, daha sonra XİN başçısının ərəb və Afrika ölkələri üzrə müavini olmuş Abdullahian "Mən Süleymaninin əsgəriyəm" deməyi çox sevir.
Bir dəfə isə o, söyləmişdi: "Ərəb ölkələrinə danışıqlara getməzdən və ya Tehranda ərəb ölkələrindən gəlmiş şəxsləri qəbul etməzdən əvvəl həmişə Süleymani ilə danışır, ondan gərəkli məsləhətlər alırdım".
Hüseyn Əmir Abdulahianın "Sülemaninin əsgəriyəm" söyləməsi sadəcə, bəyanat deyildi. O, İran parlamentində işləyəndə də, XİN başçısının müavini olanda da "İslam inqilabını yaymaq" adı ilə bölgə dövlətlərinin və xalqlarının daxili işlərinə qarışmağı gərəkli, adi və rutin iş sayırdı.
Abdullahianın qəti fikrinə görə, İran Qərbə və ərəbğ monarxiyalarına qarşı "Müqavimət Cəbhəsi" yaradıb, həmin "Cəbhə"yə başçılıq edir.
Üstəlik, Abdullahian "bizimlə olmayan bizə qarşıdır" təfəkkürü ilə davrandığından, bölgədə İranın "təlimatları və məsləhətləri" əsasında hərəkət etməyənləri "sionistlərə və imperialistlərə qulluq edənlər" sayır.
Bundan başqa, Abdullahian hesab edir ki, xələfi Cavad Zərifdən fərqli olaraq, İranın qonşuları və Yaxın Şərqdəki bölogə ölkələri ilə münasibətlərində kompilmentarizm siyasəti yürütməsi yolveriməzdir.
İranın XİN başçısının fikrincə, rəsmi Tehran bölgədəki mövqelərini möhkəmləndirməli, təsir rıçaqlarını gücləndirməli, regionda, o cümlədən Cənubi Qafqazda daha aktiv olmalıdır.
Xarici işlər naziri qismində ilk rəsmi səfərə yollandığı Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşündə o, Tehranın əvvəlki siyasətinə sadiq qalacağı ilə yanaşı, daha da fəallaşacağını deyib.
Xatırladım ki, 2011-ci ildə Suriyada qanlı vətəndaş müharibəsi başlayandan bəri İran mollakratiyası Dəməşqdəki rejimə hər formada, xüsusilə də hərbi və siyasi dəstək verir.
Hüseyn Əmir Abdullahian kimliyini daha yaxşı anlamaq üçün onun həyat yoluna nəzər salmalıyıq.
Abdullahian paytaxt Tehrandan 342 km şimalda, Simnan vilayətindəki Dəmgan şəhərində, kasıb ailədə doğulub. Atası vəfat etmiş Hüseyn Əmirin 6 yaşı olanda ailəsi Tehrana köçür və şəhərin ən kasıb məhəllələrindən birində, Mehabat aeroportunun cənubundakı 17 Şəhrivar küçəsindəki yastı-yapalaq "gecəqondu"lardan birndə yaşamağa başlayır.
Hüseyn Əmir Abdullahian həmişə özünü "cənublu" adlandırır. Tehranda adətən şəhərin yoxsul cənub məhəllələrində yaşayanlara "cənublu"lar deyildiyindən, XİN başçısı bu minvalla daim "adi, sıradan bir, xalqın içindən çıxmış insan" olduğunu xüsusi qabartmağa çalışır.
"Şəhərin ən yoxsul məhəllələrindən birində böyüdüm. Orada nə xəstəxana, nə də klinika yoxdu. Sonra böyüdüm, dostlarla qərara gəldik ki, əlbir olaq, camaatla birlikdə camaat üçün klinika yaradaq. Dedik və etdik", - Abdullahian söyləyir.
1980-1988-ci illərdəki İran-İraq savaşında iştirak etmiş Abdullahianın sözlərinə görə, məhz bu müharibədə gördükləri və yaşadıqları onda xarici siyasətə maraq oyatdı. Eyni zamanda o, İraqla da maraqlandığını və XİN-də işləyəndə məhz bu səbəbdən 1990-1991-ci illərdə İraqa yollanaraq Bağdadda fəaliyyət göstərdiyini vurğulayır.
Tehran Universitetinin beynəlxalq münasibətlər fakultəsində təhsil almış Hüseyn Əmir Abdullahian elə həmin təhsil müəssisəsində magistratura və doktoranturanı da bitirib.
1997-ci ildə isə o, İranın İraqdakı səfirliyində katib müavini kimi işləməyə başlayıb.
Və elə o ildə də Qasım Süleymani ilə tanış olub.
Təəccüblü deyil, çünki məhz Süleymaninin komandan olduğu "Qüds" Korpusu İranın Yaxın Şərqdə, Fələstindən tutmuş, İraqa və Yəmənə qədər "maraq"larını təmin etməyə çalışır, silahlı dəstələri, radikal və ekstremist qruplaşmalarla hərəkatları dəstəkləyirdi.
2011-ci ildə İranın həmin dönəmdəki prezidenti Mahmud Əhmədinejal diplomat Abdullahianın general Süleymani ilə sıx təmaslarından xəbər tutur. Sonucda Hüseyn Əmir Abdullaşian XİN başçısının Afrika və ərəb ölkələri ilə əlaqələr üzrə müavini təyin olunur.
Səbəb? Bəsit - "Qüds" Korpusunun əməliyyatlarının tam əksəriyyəti məhz ərəb ölkələrində və Şimali Afrikadakı dövlətlərdə həyata keçirilirdi. Yəni Abdullahiana general Süleymaninin əməliyyatlarının "diplomatik müşayiəti" tapşırılmışdı.
Məhəmməd Cavad Zərif iki il sonra, 2013-cü ildə xarici işlər naziri təyin ediləndə Abdullahian sabiq prezident Əhmədinejadın "kadrı" sayılan yeganə nazir müavini idi.
O, daha üç il, 2016-cı ilədək həmin postda çalışdı.
Amma 2016-cı ildə Zərif onu vəzifəsindən kənarlaşdırdı.
Zərifin müavini Murtaza Sərmədi səhər saatlarında Abdullahiana demişdi: "Səni işdən kənarlaşdırırıq. Bununda da Qərb ölkələrinə anlatmaq istəyirik ki, Yaxın Şərqlə bağlı siyasətimiz dəyişir".
Sərmədinin sözləri təsadüfi kəlmələr, emosional açıqlama deyildi.
General Süleymaninin rəhbərlik etdiyi struktur Yaxın Şərqdə Tehran mollakratiyasının maraqlarını təmin edərək mənafelərini reallaşdırmaq üçün bütün vasitələrə əl atırdı. Həmin vasitələr arasında radikal və ekstremist qruplaşmaların maliyyələşdirlməsi, silah və sursatla, bəzi hallarda hərbi texnika ilə təmin edilməsi, sui-qəsdlərdən tutmuş aşkar teraktlara qədər ən müxtəlif aksiyaların ssenarilərinin hazırlanması, ən nəhayət bölgə dövlətlərinin ABŞ-a qarşı "müqavimət qurşağı"na çevrilməsi və s. vardı.
ABŞ başda olmaqla, Qərb dövlətləri general Süleymanini və ümumiyyətlə, onunla yaxın təmaslarda olan, onun mövqelərini dəstəkləyən şəxsləri potensial terrorçu sayırdılar. Süleymaninin "əsgəri"nin XİN başçısının müavini postunda çalışması təbii ki, Qərblə münasibətləri normallaşdırmağa çalışan rəsmi Tehran üçün ciddi problemlər yaradırdı.
Abdullahianınn vəzifədən "könüllü şəkildə" kənarlaşdırılması təbii ki, İran siyasətindəki "mühafizəkarlar" düşərgəsinin kəskin, sərt etirazlarına səbəb oldu. Həmin düşərgənin nəzarətindəki mass-mediada isə fərqli versiyalar irəli sürüldü.
Bir versiyaya görə, Abdullahian İranın Fars Körfəzindəki ərəb monarxiyaları ilə münasibətlərini nisbətən də olsa, normallaşdırılması istiqamətində addımlar atmağa hazırlaşdığı üçün qovulmuşdu.
Digər versiyaya görə, XİN başçısı Cavad Zərif həmin dönəmdə ABŞ-ın dövlət katibi olan Con Kerri ilə münasibətləri yaxşılaşdırmaq istəyirdi.
Üçüncü versiyaya görə, Abdullahian İran prezidenti Həsən Ruhaninin göstərişi ilə işdən kənarlaşdırılmışdı, çünki dövlət başçısı ABŞ ilə bahəm, Səudiyyə Ərəbistanı ilə təmasları intensivləşdirmək fikrində idi.
İran parlamentindəki "mühafizəkar" deputatlar baş verənlərə aydınlıq gətirmək üçün XİN başçısı Cavad Zərifi ali qanunverici orqana izahat üçün çağıranda nazir demişdi:
"Bəziləri deyirlər və yazırlar ki, guya biz əcnəbilərin münasibətindən təlaşa düşərək vəzifəli şəxslərimizi işdən kənarlaşdırırıq. Bu iddiaların heç bir əsası yoxdur. XİN-də əməkdaşların bir qurumdan başqasına keçirilməsi adi, rutin prosedurlardır".
Halbuki, əsl səbəb Cavad Zəriflə general Qasım Süleymani arasında münasibətlərin kəskinləşməsi və nazirin öz müavini postunda "Süleymaninin əsgəri"nin qalmasını məqsədəuyğun saymaması idi.
Həmin əsnada Zərifin telefon danışıqlarından birinin audioyazısının illər sonra açıqlanması da buna dəlalət edir. Həmin danışıqda Zərif Süleyman barədə deyir: "Bu aqressiv, radikal insanın fəaliyyəti sürəkli olaraq diplomatik cəhdlərimizə mane olur, göstərdiyimiz səyləri puç edir. İş o yerə çatıb ki, xarici işlər naziri olsam da, iranın regiondakı xarici siyasətinin gerçəkləşdirilməsində imkanlarım həddən ziyadə məhdudlaşdırılıb. Məhz Süleymaninin sayəsində İranın Yaxın Şərqdə təsir imkanlarının reallaşmasında hərbi əməliyyatlar diplomatik fəaliyyəti üstələyir. Bunun sonucları isə İran üçün çox ciddi problemlər ola bilər, olacaq da".
Məhəmməd Cavad Zərifin müavini Hüseyn Əmir Abdullahianı vəzifəsindən kənarlaşdırılmasının bir səbəbi vardı: nazir "Qüds" Korpusunun XİN-dəki təsir imkanlarını maksimum zəiflətmək, Yaxın Şərq ölkələri ilə bağlı xarici siyasətdə itirilmiş imkanlarını qismən də olsa, bərpa etmək istəyirdi.
Abdullahian isə indi də tam əksini düşünür. Əsl fars şovinisti təki açıqlamaları ilə tanınan, İrandakı milli, etnik və dini azlıqlarla münasibətdə daim "sərt siyasət"in yürüdlməsinin tərəfdarı olan Hüseyn Əmir Abdullahian müsahibələrindən birində demişdi: "Məhz Qasım Süleymaninin əməliyyatları və "Qüds" Korpusunun fəaliyyəti İranın Yaxın Şərqdəki mövqelərini möhkəmləndirdi, bölgəyə təhlükəsizlik gətirdi. İranın bölgədəki diplomatiyası son illərdə daim müxtəlif əməliyyatlarımızın nəticələrindən bəhrələnirdi. Son on ildə İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tutduğu mövqenin də belə olmasının başlıca vəsiləsi məhz Süleymaninin və "Qüds" Korpusunun fəaliyyəti idi. Yaxın Şərqlə, bütün dünyada təsir imkanlarımız güclənmişdi".
İndi, xarici işlər naziri postunda Hüseyn Əmir Abdullahiane heç şübhəsiz ki, "Qüds" Korpusunun ölkənin xarici siyasətinə təsirini bərpa edəcək, artıracaq.
Təsadüfi deyil ki, parlamentdəki çıxışında Abdullahian demişdi: "Xarici siyasətdə Süleymaninin yolunu davam etdirəcəyik. Yaxın Şərqdə Müqavimət Cəbhəsi daha da güclənəcək, genişlənəcək və bölgənin bütün ölkələrinə sirayət edəcək. Bu cəbhədəki bütün müttəfiqlərimizi dəstəkləyirik və bundan sonra da belə olacaq".
Belə aqressiv ritorika İranın yeni prezidenti İbrahim Rəisinin də mövqelərinə tamamən uyğundur.
Təsadüfi deyil ki, İ.Rəisinin təntənəli anlçmə mərasimində ön sıüralarda "Hizbullah", HƏMAS, "Əl Həşd əşq Şəəbi", "Əməl", "Qətaib Hizbullah" və s. ekstremist qrupaşmaların nümayəndələri oturmuşdular. Avropa İttifaqının xarici siyasət komissiyasının nümayəndəsi isə arxa sırada idi.
Həmin mərasimdə Hüseyn Əmir Abdullahian əcnəbi qonaqların yerbəyer edilməsi ilə məşğul idi.
Abdullahian Rusiya və Çinlə əlaqələrin daha da intensivləşdirilməsinin, Ermənistanla maksimal səviyyədə sıx təmasların qurulmasının, Türkiyə və Pakistana "yerlərinin göstərilməsi"nin tərəfdarıdır.
"Diplomatiya yalnız gücün dilini başa düşür" söyləmiş Hüseyn Əmir Abdullahianın Azərbaycana olan münasibətinə gəldikdə isə, onun fikrincə, "Bakı kimin qonşusu olduğunu əsla unutmamalı, Qərblə əlaqələrində ehtiyatlı olmalı, sionistlərlə təmaslarına yenidən baxmalıdır".
Abdullahian İranın prezidenti İbrahim Rəisi ilə yanaşı, ölkənin dini lideri ayətulla Xameneinin böyük etimad kreditinə malikdir.
Niyə də yox?
Onların hamısı İranı "bölgənin ən qüdrətli ölkəsi" sayır, "İslam İnqilabı ideyaları"nın ixracına çalışır, bölgədəki ölkələrin daxili işlərinə qarışmaq cəhdlərini "diplomatiya" sayırlar.
Elçin Alıoğlu
Milli.Az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar