Azərbaycan parlamentinin rəhbəri bildirib ki, iki ölkə arasında müqavilə-hüquq bazası kifayət qədər zəngindir və bu günə qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanıb ki, bu da ikitərəfli münasibətlər üçün mühüm hüquqi baza təşkil edir. Sahibə Qafarovanın sözlərinə görə, hazıra ölkələrimiz arasında iqtisadiyyat, enerji sahəsində əlaqələr yaxşı səviyyədədir, ticarət dövriyyəsi getdikcə artmaqdadır. Bununla yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial var. O, inamını ifadə edib ki, Ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın səmərəli fəaliyyəti əməkdaşlıq sahələrini şaxələndirməyə imkan verəcək.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri enerji əməkdaşlığıdır. Sahibə Qafarovanın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları mövcuddur. Milli Məclisin sədri Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib.
Ölkələrimiz arasındakı münasibətlərdə parlamentlərin özünəməxsus yeri olduğunu deyən Milli Məclisin sədri bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində parlament sədrləri, dostluq qrupları səviyyəsində baş tutmuş qarşılıqlı səfərlərin, hər iki parlamentdə fəaliyyət göstərən bu dostluq qruplarının əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ərazilərimizin Ermənistanın işğalından azad edilməsini tələb edən qətnamələrin 30 ilə yaxın icra olunmaması, 2020-ci ildə Azərbaycanın öz gücünə həmin qətnamələrin icrasını təmin etməsi və torpaqlarını azad etməsi barədə məlumat verib.
Sahibə Qafarova deyib ki, Azərbaycan 30 ilə yaxın bir dövr ərzində ədalətin bərpa olunmasını, beynəlxalq sənədlərin icra edilməsini gözlədi. Lakin beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar səbəbindən işğala nəinki son qoyulmadı, hətta bir sıra hallarda işğalçını müdafiə edən, işğalçılıq siyasətinin davam etməsini təşviq edən addımların şahidi olduq. Nəhayət, Azərbaycan özü ədaləti bərpa etdi. Amma çox paradoksaldır ki, bu gün bəzi dairələr özünün beynəlxalq hüquqla tanınmış, təsdiq olunmuş ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirirlər.
Milli Məclisin sədri görüşdə, həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi barədə məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn beş əsas prinsipi əsasında Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın ötən üç il ərzində destruktiv mövqe göstərdiyini, müxtəlif hərbi-siyasi təxribatlar törətdiyini diqqətə çatdırıb.
O, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməniəsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə də danışıb.
Baz nazir İon-Marçel Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Paylaş: