Xəbər lenti
27-11-2024, 19:25

Diplomatiyada səfir ölkələr arasında münasibətlərin normallaşmasına, sülhə xidmət edən şəxs hesab olunur və bu baxımdan peşələrinin humanistliyi ilə fərqlənirlər. İranın Ermənistandakı səfiri Mehdi Sübhani isə öz peşəsinə xəyanət edərək üçüncü dövlətin qanuni ərazisi barədə reallıqdan kənar bəyanatlar verir.

“Report”un məlumatına görə, M.Sübhani erməni jurnalistin “Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir?” sualına cavabı açıq-aşkar digər bir dövlətin ərazi bütövlüyü və suverenliyinə müdaxilə kimi qiymətləndirilir.

Sübhaninin dediklərinə nəzər salaq:

“Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz. Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq”.

Qeyd edək ki, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı tamamilə birmənalı bəyanat verərək Qarabağın uzun illər sonra əzəli ərazisinə - Azərbaycana qovuşmasına çox sevindiklərini söyləyib:

“Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi Qarabağın bərpasında sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”.

Belə çıxır ki, ya İranın Ermənistandakı səfiri Rəisinin mövgeyindən fərqli olan bir xətt aparır, ya da İran Azərbaycana qarşı ikili standartlardan çıxış edir. Çünki səfir öz çirkin niyyətini Ermənistanın arxasında gizlətməklə həyata keçirməyə cəhd göstərir. O az qala Ermənistanın yerinə danışır.

Ümumiyyətlə, İranın Ermənistandakı səfirinin Azərbaycan torpağı olan Qarabağdan danışması ciddi siyasi səhvdir. Digər tərəfdən, səfir unutmasın ki, İranda 30 milyonluq azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ pozulur.

Ona görə də İran Xarici İşlər Nazirliyi öz “mübarək” diplomatının açıqlamasına aydınlıq gətirməli, bunun iki ölkə arasında yenicə normallaşan münasibətlərə xələl gətirməsinin qarşısını almalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 826          Tarix: 11-11-2023, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma