Xəbər lenti
27-11-2024, 19:25

İrəvan təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır, Paşinyan qapalı görüşdə incəlikləri açıqlayıb; Rusiya Gümrü və Erebunidəki bazalarını çıxaracaq, yoxsa..? 

İrəvanın təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarışı və Paşinyan hökumətinin anti-Rusiya davranışları diqqətlə izlənməkdədir. Son olaraq Paşinyan KTMT-nin Minsk toplantısında iştirak etməkdən imtina edib. 

“Kreml Paşinyanın KTMT-nin Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyinə təəssüflənir”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. “Belə görüşlər qeydləri müqayisə etmək və fikir mübadiləsi aparmaq üçün yaxşı səbəbdir. Moskva başa düşür ki, hər bir hökumət və ya dövlət başçısının öz iş qrafiki və şəraiti ola bilər. KTMT aktual olaraq qalır və blok çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatına olan tələbatı göstərir”, - o bildirib.

 Ermənistanın “Past” nəşri yazır ki, Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə qapalı görüşündə qeyd edib ki, ölkənin xarici siyasət vektorunda dəyişikliklər var. Baş nazir onu da bildirib ki, dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran ölkə siyasətində bu dönüşün əleyhinədir. O, qapalı görüşdə əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, sakit və “yumşaq” şəkildə baş verəcək. Paşinyan bundan sonra KTMT və MDB-nin fəaliyyətində iştirak etməyəcəyini də açıqlayıb. Həmçinin hökumət artıq bu strukturların əvəzləyicilərini axtarır və əmin olduğunu bildirib ki, tezliklə də tapılacaq.

“Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Zaqafqaziyadan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, amma buna nail olmayacaq”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq görünən strateji rəqabətə belə cavab verib. “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu, işləməyəcək. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər”, - deyə diplomatik idarənin rəhbəri bildirib. 

Lavrovun “biz tarixən buradayıq” sözlərinin Ermənistana aid və mesaj olduğu isə şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, Gümrüdəki 102-ci hərbi bazanın beş minə yaxın şəxsi heyəti var. 1995-ci ildə yaradılıb və 49 il müddətinə dövlətlərarası müqaviləyə əsasən, MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir. Bu müqaviləyə əsasən, Rusiyadan heç bir rüsum alınmır. Bazanın əsasını Zaqafqaziya Hərbi Dairəsinin 127-ci motoatıcı diviziyası təşkil edirdi. 

2006-2007-ci illərdə Rusiya Qüvvələr Qrupunun Zaqafqaziyadakı qərargahı, o cümlədən şəxsi heyətin və silahların bir hissəsi Gürcüstan ərazisindən bura köçürülüb. Bazanın iki qarnizonu var: Gümrüdə və İrəvanda. Aviasiya komponenti Erebuni aerodromunda yerləşir. Baza "S-300" zenit-raket kompleksi və "MiQ-29" döyüş təyyarələri ilə təchiz olunub. Baza təchiz etmək üçün yük qismən hava yolu ilə çatdırılır, qismən də Gürcüstan ərazisindən keçir. Politoloq Aleksey Naumov hesab edir ki, Rusiyanı təhlükəsizliyin təminatçısı kimi Qərblə əvəzləmək cəhdi təkcə Rusiyanın deyil, həm də Azərbaycan və Türkiyənin də etirazına səbəb olacaq. “Ermənistanın seçimi yoxdur, çünki Rusiya hərbi bazasını tərk etmək onun təhlükəsizlik səviyyəsini xeyli aşağı salacaq. Ermənistanın Cənubi Qafqazda Qərbin forpostuna çevrilə bilməyəcəyi göz qabağındadır”, - deyə bildirib.

Politoloqun fikrincə, Gümrüdən qoşunların çıxarılması istər Moskva, istərsə də İrəvan üçün sərfəli deyil: “Rusiyanın Gümrüdəki bazası Cənubi Qafqazda öz təsirini saxlamaq, eləcə də Ermənistanın dövlətçiliyini qoruyub saxlamaq üçün lazımdır. Siyasi kursundakı bütün dalğalanmalara baxmayaraq, bizə İrəvan hələ də müttəfiq kimi lazımdır. Rusiya özü Gümrüdəki hərbi bazasından imtina etməyəcək. O, Paşinyanın Qərbə üz tutduğunu görür, amma özü hərbi sahədə münasibətlərin kəsilməsinə təşəbbüs etməyəcək. Paşinyan isə Rusiyadan başqa müttəfiqlər tapmağa çalışır. Nəticədə mürəkkəb və gərgin vəziyyət müşahidə olunur. Bunu Lavrovun bəyanatında, Ermənistanın bitməyən anti-Rusiya isterikalarında, Kremlin isə hələ də səbrlə gözləməsində görmək olar. Amma hövsələdən çıxmaqda olan Putinin ən son həddə reaksiyası nə olacaq - Gümrüdəki qoşunlarını ermənilərə qarşı istifadə etmək, yoxsa bazanı sakitcə çıxarmaq? 

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu suala cavabı Lavrovun bəyanatında axtarmaq lazımdır. Onun fikrincə, Rusiyanın baş diplomatının açıqlaması Ermənistana bir siqnal idi: “Görünür, Rusiya dirənmək niyyətindədir. Amma əvvəlki müqavimət potensialı qalmayıb. Bu ölkə zəifləyir, Ukrayna müharibəsindən qabaqkı qüdrəti qalmayıb, ona görə də Mərkəzi Asiya və Cənubi Qafqazı tədricən tərk edəcək. Bunun qarşılığında hansısa addımlara gedə, iğtişaşlar törətməyə cəhd edə bilər, lakin Rusiya regionda daha əvvəlki qədər dominant, hakim ola bilməyəcək”. 

Analitik Elxan Şahinoğluna görə, Paşinyan və Avropa İttifaqı Rusiya əleyhinə birgə oyun qurublar. Onun fikrincə, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını guya ona görə artırır ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi var: “Əslində İrəvanla Brüsselin müşahidəçi missiyasının sayını artırması planının Azərbaycan təhlükəsi ilə zərrə qədər də bağlılığı yoxdur. Avropa İttifaqı missiyasının Ermənistanda artan sayı sırf Rusiya ilə bağlıdır. İrəvan və Brüssel "Azərbaycan təhlükəsi" bəhanəsi ilə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışırlar. Bunun bizə aidiyyəti yoxdur. Bu, Ermənistanla Rusiya arasındakı problemdir. Ancaq orası da var ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalarsa, bu, Azərbaycan üçün də faydalıdır". 

Siyasi şərhçi Ramiyə Məmmədova Gümrüdəki bazanın İrəvana doğru irəliləməsini hazırda mümkün görmür: “ABŞ öz kəşfiyyatını Ermənistana yerləşdirib, Fransa da regionda hərbi mövcudluğunu yaratmağa çalışır, belə situasiyada başqa bir dövlətə məxsus ordunun bazadan çıxıb Ermənistanda hərbi çevriliş etməsinə çox sərt reaksiya veriləcək. Ermənistan ordusu da rusların hərəkətlərinə, hər halda, tamaşaçı qalmaz. Mən bu ssenarini hələlik istisna edirəm. Bəlkə Ermənistanda iğtişaşlar, xaos yaşansa, o zamanda sabitliyi bərqərar etmək adı ilə rus qoşunları müdaxilə edə bilər”. 

Emil SALAMOĞLU

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 513          Tarix: 15-11-2023, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma