“Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə bağlıdır və ən azı beş sahədə Rusiya dominant tərəfdaş hesab olunur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan Rusiya ilə münasibətlərin kəsilməsinin iqtisadi nəticələrini dəyərləndirərkən deyib.
“Bu gün birbaşa xarici investisiyaların təxminən 70%-i Rusiya kapitalıdır. İki strateji infrastruktur vahidi - qaz və elektrik, Rusiya kapitalı sayəsində işləyir. Yəni birbaşa xarici investisiyaların həcminə görə Rusiya birinci yerdədir.
Rusiya həm də xarici ticarət göstəricilərinə görə 1-ci tərəfdaşdır.
Eyni şey turizm sektoruna da aiddir: Rusiya vətəndaşları, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistanı kifayət qədər cəlbedici turizm məkanı hesab etməyə başladılar. Bu vəziyyət Ermənistanda turizm axınına səbəb olub.
Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiya olduğu üçün Ermənistanın kənd təsərrüfatı da Rusiya iqtisadiyyatı ilə bağlıdır.
Amma ən əsası, Ermənistanın enerji təhlükəsizliyi həm də Rusiya Federasiyasından asılıdır. Atom elektrik stansiyasının istismarı Rusiyanın “RosAtom” şirkəti ilə dövlətlərarası müqavilə əsasında həyata keçirilir. Mən ənənəvi uran tədarükü mənbələrimizi tez bir zamanda əvəz edə biləcəyimizdən əmin deyiləm”,-deyə Ananyan qeyd edib.
Ananyanın fikrincə, əgər ölkə hakimiyyəti Rusiya ilə bağlı olmayan başqa geosiyasi qütbə keçmək qərarına gəlibsə, o zaman ilkin mərhələdə Rusiya iqtisadiyyatından asılı olan sahələri şaxələndirmək yollarını axtarmalı idi. Bunun üçün, məsələn, kənd təsərrüfatı məhsullarının Avropa standartlarına uyğunluğunu təmin etmək, istehsal həcmini artırmaq lazım idi ki, əlverişli anda bu məhsulları Avropa bazarlarına yönləndirmək mümkün olsun. “Bu, edilməyib və edilibsə, bu, kifayət qədər deyil və biz hələ ki, nəzərəçarpacaq nəticələri görməmişik”,-deyə o söyləyib.
Ananyana görə, bu sahələrin əvvəlcədən şaxələndirilmədən xarici siyasətdə kəskin dönüş və vektorun dəyişdirilməsi real problemlərə və iqtisadiyyat üçün təhlükələrə gətirib çıxaracaq.
“Biz alternativlər yaratmadan Rusiya ilə əməkdaşlıqdan imtina edirik. Ola bilsin ki, biz bu alternativlərin mövcud olacağına dair müəyyən vədlər və təminatlar almışıq. Amma bu vədləri və tamamlamaları da ayıq şəkildə qiymətləndirmək lazımdır: onların reallıqda nə dərəcədə reallaşacağı hələ bəlli deyil”, - deyə o bildirib.
Paylaş: