Ermənistan “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi şərti ilə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TİTC) iştirakçısı ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.
“Orta Dəhliz - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyə və Avropa ölkələrinə gedən beynəlxalq nəqliyyat dəhlizidir. Yaxın vaxtlara qədər İrəvan nə coğrafi, nə də siyasi baxımdan Orta Dəhliz layihəsinə uyğun gəlirdi. Lakin son bir ildə Ermənistan tərəfinə həm Ankaradan, həm də Tiflisdən marşruta qoşulmaq üçün bir neçə təklif gəlib”, - məqalədə bildirilib.
Qeyd edilib ki, “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Ermənistan Azərbaycanla 5 (Qazax, Kəlbəcər, Zəngəzur (2 məntəqə) və Arazdəyəndə) və Türkiyə ilə 2 keçid məntəqəsi quraşdırmağa hazırdır.
İrəvan həmçinin respublika ərazisində ümumi uzunluğu 130 km olan dörd dəmir yolu hissəsini bərpa etməyi planlaşdırır. Bunun üçün Ermənistana 500 milyon dollar lazımdır.
Gürcüstan Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzinin direktoru Paata Saqareişvili deyib ki, son hadisələr fonunda İrəvanın Orta Dəhlizə qoşulmaq şansı artıb. Lakin bu məqsədlə ölkədə dəmir yolu relslərinin bərpası lazımdır. Ekspert izah edib ki, Orta Dəhlizin məqsədi marşrutların maksimum sinxronlaşdırılması və onun vasitəsilə malların daşınmasının sadələşdirilməsidir.
Ekspert hesab edir ki, İrəvan Gürcüstanla əməkdaşlıq edərək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolundan istifadə edə bilər. Ancaq buna Azərbaycanın razılığı lazımdır.
Ermənistan İran ərazisindən daşınan yüklərin də ölkədən keçməsini istəyərsə, İrana yeni dəmir yolu çəkilməlidir ki, bunun üçün ən azı 1 milyard dollara ehtiyac var.
Qeyd edək ki, Çin və Avropanı birləşdirən Orta Dəhliz tarixi İpək Yolunu (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə - AB) canlandırmaq məqsədi daşıyır. Dəhliz həmçinin Rusiyadan keçən Şimal marşrutuna və İrandan keçən Cənub Dəhlizinə sərfəli alternativ hesab olunur.
Paylaş: