Xəbər lenti
Dünən, 19:25

Fransa prezidenti Emmanuel Makron Macarıstanın baş naziri Viktor Orbanı Parisə dəvət edib. Bu həftənin sonunda Fransa paytaxtında onlar Ukrayna ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlarda kompromis tapmağa çalışacaqlar.

“Politico” nəşrinin yazdığına görə, Fransa prezidenti hesab edir ki, Orbanı İttifaqa daxil olmaq üçün Kiyevi dəstəkləməyə inandıra bilər. Məmurlar bildrirlər ki, Macarıstanın baş naziri Brüsseldən daha çox pul almaq üçün "gedişini sərtləşdirir": “Bu, sırf taktiki məqamdır... Ona görə də razılığa gələ biləcəyimizə dair müəyyən nikbinlik var”.

Avropalı diplomatlardan biri isə Budapeştdən gələn hədələri siyasi performans adlandırıb: "Yenə bir gün, Budapeştdən daha bir məktub. Nə yenilik var?"

Başqa bir Aİ diplomatı Orbanın getdikcə barışmaz hala gəldiyini bildirib. Aİ-nin Brüsseldəki nümayəndəsi qeyd edib ki, Macarıstanın baş naziri Avropa İttifaqından pul alsa belə, Ukrayna ilə bağlı qərarını dəyişməyəcəyini açıq şəkildə bildirir.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların qəti əleyhinədir. Dekabrın 14 və 15-də Brüsseldə keçiriləcək sammit zamanı Aİ liderlərinin Ukrayna ilə üzvlük danışıqlarına başlamaq planını təsdiqləyəcəyi gözlənilir.

Orban isə Avropa Şurasının prezidenti Şarl Mişeldən Aİ-nin Ukrayna ilə bağlı siyasətinə yenidən baxılmasını tələb edərək, əks halda, Kiyevə 50 milyard avro məbləğində yardımın verilməsinə mane olacağı ilə hədələyib.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 218          Tarix: 5-12-2023, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma