Xəbər lenti
Dünən, 19:25

Ermənistan rəsmilərinin bu gün verdiyi bəyanatlarda sülh sazişi ilə bağlı İrəvanın mövqeyi əksini tapıb. Əlbəttə, sülh sazişində qarşılıqlı maraqlar nəzərə alınmalıdır, ancaq xarici işlər naziri Ararat Mirzoyanın və son vaxtlar Baş nazir Paşinyanın “danışan dilinə” çevrilən deputat Sərkis Xandanyanın ritorikası qəbuledilməzdir və meydandakı razılaşmaların masada davam etdirilməsinə qarşı çıxmaq təəssüratı daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Sərkis Xandanyanın bugünkü açıqlamalarına münasibət bildirərkən deyib.

A.Camal qeyd edib ki, Ermənistan Naxçıvana maneəsiz keçid öhdəliyinin icrasından yayınmağa çalışır:

“Mirzoyan bildirir ki, sülh sazişi ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və delimitasiya məsələsini əhatə etməlidir. Azərbaycan bunun əksini demir. Rəsmi Bakı əvvəldən bəyan edir ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınmalı və iki ölkənin heç vaxt müəyyən edilməmiş sərhədləri delimitasiya olunmalıdır. Hətta Azərbaycan sərhədin delimitasiyasının uzunmüddətli proses olduğunu nəzərə alaraq, sülh sazişinin daha tez imzalanması üçün bunu ayrı müzakirə etməyi təklif edib. İlk baxışda Bakı və İrəvanın ortaq mövqedən çıxış etdiyi görünsə də, Ermənistan yenə siyasi oyun oynayır. Birincisi, delimitasiya məsələsinin uzun proses olduğunu etiraf etsə də, bununla bağlı sülh sazişində “istiqamət olmasını”, başqa sözlə, delimitasiya məsələsini də sülh sazinə daxil etməyə çalışır. Burada isə hiyləgər məqsəd var: bir tərəfdən sərhəddən qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsini istəməklə strateji yüksəkliklərin boşaldılması və bununla da meydanda düşdüyü məğlub durumdan çıxmağı hədəfləyir, digər tərəfdən isə Azərbaycanın tələb etdiyi 8 kəndin anklav olan 4-nə gedəcək yolun gələcək müzakirəsində “ərazi bütövlüyünü” əsas gətirərək, o kəndlərə dəhliz verməkdən imtina etməklə, işğalı davam etdirməyə çalışır.

İkincisi, kommunikasiyanın açılmasında “yurisdikasiya” məsələsini əsas gətirərək, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etmək də istəmir”.

A.Camal hesab edir ki, Ermənistanın yanaşması sülhün əldə edilməsinə ciddi maneələr yaradır:

“Azərbaycan iki ölkə arasında münasibətlərin qurulması, regional kommunikasiyanın açılması və sülhün əldə edilməsi məqsədilə dəhliz məsələsində israr etmir. Əvəzində daha məqbul olan yeni təklif irəli sürür. Bu, “Azərbaycandan Azərbaycana çıxış” prinsipidir, yəni Naxçıvan Azərbaycan torpağıdır, biz muxtar respublikaya səfər edəndə, yaxud ora yük aparanda başqa ölkəyə getmirik, respublikanın bir hissəsindən digər hissəsinə səfər edirik. Buna görə Azərbaycandan Naxçıvana gedən sərnişinlər və aparılan yüklər gömrük rüsumundan, sərhəd yoxlanışından azad edilməlidir. Kalininqrad dəmir yolu modeli dünyada belə bir təcrübənin olduğunu göstərir. Amma Zəngəzur marşrutu üzrə Ermənistana, yaxud Avropaya daşınan yüklərə İrəvanın dediyi “yurisdikasiya” prinsipi tətbiq edilə bilər. Bu ən məqbul seçimdir. Ermənistanın bunu da qəbul etməməsi təsdiq edir ki, rəsmi İrəvan sülhdə maraqlı deyil”.

A.Camal vurğulayıb ki, İrəvan Azərbaycanın hərbi uğurlarından imtina edərək, sülh danışıqlarına “sıfır nöqtəsindən” başlamasına və öz şərtlərini qəbul etdirməyə meyillidir:

“Bütün dünyada sülh qalib tərəfin şərtləri ilə müəyyən edilib və edilir. Azərbaycan isə qalib tərəf olmasına baxmayaraq, tam ədalətli, qarşı tərəfin də maraqlarını nəzərə alan, eyni zamanda, öz milli mənafeyini əsas götürən prinsiplər təqdim edir və bir an tez iqtisadi layihələrə başlamağa çalışır. Ancaq sülh sazişi və Zəngəzur dəhlizi ilə Rusiyanın da iqtisadi imkanlarının genişlənəcəyini nəzərə alan Qərb İrəvanın daha fərqli şərtlər irəli sürməsinə imkan tanıyır. Eyni zamanda, İran da dəhlizin öz ərazisindən keçməsini təmin etmək üçün Ermənistanın “sərhəd toxunulmazlığı” üzərində manipulyasiyasını davam etdirir və İrəvana təzyiq göstərir. Rəsmi İrəvan isə regiona daxil olmağa çalışan güclərin maraqları daxilində manevr edərək, əlavə güzəştlər və tələblər irəli sürür və nə qədər qəribə də olsa, bu istəklərini fərqli ritorikaya daşımağa başlayıblar. Bu isə İrəvana yaxşı heç nə vəd etmir. Kreml faktorunu da nəzərə alsaq, Qərbin Ermənistandakı Rusiya sərhədçilərini bölgədən çıxarmaq oyununa can-başla xidmət edən və buna görə də sülh sazişini “hansısa ümidlə” gecikdirən Ermənistan ciddi siyasi, iqtisadi və ən nəhayət, hərbi sarsıntıya məruz qalacaq”.




Ana səhifəyə qayıt        Baxış: 3 118          Tarix: 10-01-2024, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma