Xəbər lenti


Son 200 ilin müharibələri təbii resurlar, əsasən də enerji daşıyıcıları uğrunda olub. Neft-qaz, metallar, təbii sərvətlər uğrunda vəhşi müharibələrin şahidi olmuşuq. Milli dövlətlər yaranandan sonra paralel olaraq da transmilli korporasiyalar formalaşdı, artıq resurslar uğrunda mübarizənin forması, metodları dəyişdi. Səhmlərlə nəzarət silahla nəzarəti üstələməyə başladı, paralel olaraq da 21-ci əsrdə yeni texnologiyaların, alternativ enerjiyə çıxış imkanlarının yaranması, artıq silah gücünə resurslara nəzarət öz aktuallığını itirməyə başladı.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu gün baş verən, proksi şəkildə davam edən Üçüncü Dünya savaşı yollar, logistika uğrundan gedən savaşdır:

“Bəzən bunu pafosla demokratiya ilə avtoritarizmin mücadiləsi, liberalizmlə konservatizmin toqquşması kimi təqdim etməyə çalışırlar, amma əslində hər şey nəzarət məsələsidir. Qədimdə karvan yollarına kim nəzarət edirdisə, o da güclənirdi, indi də eyni fəlsəfə ilə davranırlar.

Son zamanlar Yaxın Şərqin qan çanağına dönməsinin, minlərlə günahsız insanın qətl edilməsinin əsl səbəbi yollar və logistikaya nəzarət məsələsidir. Hətta bu zaman belə birjalar, bazarlar, transmilli korporasiyaların gücü nəzərə alınmaqla addımlar atılır - ən son nümunə ABŞ ilə İran arasında olan (guya) gərginlikdir. İran proksilərdən ən yaxşı istifadə etməyi öyrənmiş ölkədir, böyük bir şəbəkə qurub, İranın güclənməsinə səbəb olan isə elə məhz ABŞ-dır. İran elitası publik ritorikada “Rədd olsun Əmrikə” desə də, ABŞ-ın son 20-25 ildə atdığı addımlardan ən çox divident qazanan ölkə oldu. İraqa müdaxilə etdilər – indi həmin ölkənin siyasətini (kürdlər yaşayan bölgələrdən başqa) İran dizayn edir, müəyyənləşdirir, hətta idarə edir. Yaxın Şərqin ən dünyəvi ölkələrindən biri olan Suriyaya müdaxilə etdilər – həmin ölkədə İran gücləndi, oyunqurucu oldu, uzun illərdir arzusunda olduğu quru yollarla olan “şiə qurşağı” yarada bildi; Yəməni pis günə qoydular – Husilər gücləndi, Yəməni faktiki İrandan gələn göstərişlərlə onlar idarə edir; Livanda dünyəvi dövlətin, konstitusion razılaşmanın təməllərini zədələdilər – iranyanlı qüvvələr gücləndi. Hətta məzhəb fərqləri olmasına baxmayaraq, fələstinlilərə qarşı dünyanın, ABŞ-ın ədalətsiz mövqeyinə görə Fələstində də İran gücləndi - əvvəllər Fələstin məsələsində İranın gücü yoxa yaxın idi.

Son hadisə: İranın proksiləri ABŞ hərbi bazasını vurdu, 3 əsgər həlak oldu, 40-a yaxın yaralandı, 2024-də seçki ilini də nəzərə alsaq, Bayden, Ağ Ev cavab verməyə bilməzdi, hətta haraları vuracağını az qala publik elan etdilər ki, İrana böyük ziyan da dəyməsin”.

Ekspert bildirib ki, Suriya və İraqdakı İrana bağlı qüvvələrin fevralın 2-dən 3-nə keçən gecə vurulmasının da səbəbi var:

“Çünki 5-ci gündən 6-cı günə keçən vaxt idi, birjalar bağlı idi, zərbələr səhm və qiymət bazarına təsir etməməli idi, ona görə də həftəsonunu seçdilər”.

N.Cəfərlinin fikrincə, Yaxın Şərqdə son gərginliyin bu qədər alovlanması Hindistanda keçirilən son G20 sammiti ilə bağlıdır:

“Sammitdə Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhliz elan edilib. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı daxil olmaqla, cəmi 8 ölkənin bu layihənin bir hissəsi olacağı bildirilib. Bu layihədən, eyni zamanda, İsrail və İordaniyanın da faydalanacağı vurğulanıb. Mumbaydan başlayacaq yeni dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi fəaliyyət göstərməlidir. Ümumi uzunluğu 6 min kilometr olacaq dəhlizin 3 min 500 kilometri dəniz marşrutu olacaq. Bildirilir ki, dəhliz işə düşdükdən sonra Hindistandan Avropaya yüklərin daşınmasına 40% az vaxt sərf oluna bilər.

Hə, burda xoruzun quyruğu görünməyə başlayır – Çinin təklif etdiyi, Rusiya və İranın ciddi dəstəklədiyi layihəyə ABŞ Çinin əzəli rəqibi Hindistan vasitəsi ilə mane olmağa qərar verən kimi Yaxın Şərq məhz yeni logistik yolların keçdiyi bütün marşrut üzrə qan çanağına döndü. Terror təşkilatı və Rusiya ilə ciddi əlaqələri olan HƏMAS İsrailə hücum etdi, İsrail məntiqsiz olaraq çox aşırı reaksiya verib ağına-bozuna baxmadan bombalar yağdırdı, minlərlə uşaq, qadın, qoca həlak oldu, İranın bütün proksilərinin münaqişəyə müdaxil olmasına şərait yarandı, ABŞ-Hindistan-İsrail-Avropa marşrutu hardan keçəcəkdisə, oralar “cəhənnəmə” döndü, hətta gəmilər, tankerlər həmin yolla hərəkət etməkdən imtina etdi, yeni yolun təhlükəsizliyi ciddi müzakirə məsələsi oldu, potensial investorların bu yeni logistik marşruta inamı azaldı – bu işdən kim uddu?! Bəli, Çin, Rusiya və İran. Uduzan isə günahsız insanlar oldu, ölüm-itim, dağıntı artdı, düşmənçilik alovlandı.

Əgər dünyada logistika uğrunda belə ciddi mücadilə başlayıbsa, hətta gərginləşərək davam edəcəksə, biz, Azərbaycan bundan ziyansız, hətta dividendlə çıxmağı bacarmalı, yeni logistik mərkəzə, ticarətin yeni “karvansarayına” çevrilmək üçün çalışmalıyıq. Bunun üçün isə açıq iqtisadi model və sülh lazımdır. Açıq iqtisadi model üçün yeni sistemə, sülh üçün isə danışıqların intensivləşdirilməsinə ehtiyac var”.




Ana səhifəyə qayıt        Baxış: 3 714          Tarix: 4-02-2024, 22:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma