Xəbər lenti

“Prezident İlham Əliyev 20 illik prezidentliyi dövründə büdcənin ən iri xərclərini ordunun inkişafına, müasir tələblərə uyğunlaşdırılmasına yönəldib”.

Bu sözləri “Report”a açıqlamasında ehtiyatda olan Heydər Əliyev adına Hərbi İnstitutun Baş müəllimi, polkovnik-leytenant Vüqar Əliyev Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı Azərbaycanda ordu quruculuğu ilə bağlı nitqini şərh edərkən deyib.

“Məhz belə uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu ölkə ərazisinin işğalda olan hissəsini azad edib. Bununla da dünya hərb tarixinə yeni səhifə yazılıb. Döyüş meydanının siması dəyişib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev inaqurasiya mərasimində söylədiyi nitqində bildirdi ki, dövlət büdcəsinin ən böyük xərcləri ordu və hərbi sənayenin inkişafına yönələcək”, - deyə V. Əliyev bildirib.

O qeyd edib ki, Ali Baş Komandan öz nitqində Vətən müharibəsində insan itkilərinin az olmasını döyüş əməliyyatlarında istifadə edilmiş müasir silah, texnika və yeni texnologiyalarla əsaslandırıb:

“Süni intellekt mərmilərdə, silahlarda və qərarların qəbul edilməsində tətbiq olunur. Bunlar çox bahalıdır və xərc tələb edir. Belə texnologiyaları idarə və tətbiq etmək üçün bilikli, bacarıqlı müasir insanlar lazımdır, buna xərclərdən əlavə zaman da lazımdır”.

V.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusu və hərbi sənaye potensialının artırılması, müasir insan resurslarının daim yüksəldilməsi, onun gələcək təhdidlərə hazırlanmasının yeni dövrdə prioritet istiqamətlərdən olacağını müəyyənləşdirib.




Ana səhifəyə qayıt        Baxış: 3 542          Tarix: 18-02-2024, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma