Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə müttəfiqlik sazişi imzalamasının iki ili tamam oldu. Saziş 43 maddədən ibarətdir. Bu saziş iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmalı idi. Sazişin imzalanmasından keçən iki ildə Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsindədirmi?

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd edilib ki, sazişin imzalandığı tarixə diqqət yetirmək lazımdır:

“Saziş 22 fevralda imzalanıb, iki gün sonra Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb. Böyük ehtimalla Rusiya hakimiyyəti Azərbaycanla saziş imzalamağa hazırlaşarkən, Ukraynaya qarşı işğalçı müharibəyə başlayacağını planlaşdırmışdı. Görünür, Rusiya prezidenti Ukrayna ilə müharibəyə başlamadan əvvəl qonşu dövlətlərin biri ilə saziş imzalamaq istəyirdi. Bununla Putin göstərmək istəyirdi ki, Rusiyanın dostları da var. Vladimir Putin imzalanmadan əvvəl İlham Əliyevlə görüşdə dedi ki, onun Rusiya imperiyasını bərpa etmək istəyi yoxdur və o, bu xəbərləri təkzib edir. Putin İlham Əliyevi Ukrayna istiqamətində baş verən hadisələrlə bağlı məlumatlandırdı: “Bilirsiniz ki, Rusiya Donbasın iki xalq respublikasının suverenliyini tanımaq barədə qərar verdi. Demək istəyirəm ki, Rusiyanın imperiya sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə hazırlaşdığı barədə spekulyasiyalar görürük. Bu, qətiyyən həqiqətə uyğun deyil”. Putin bu açıqlaması ilə Rusiyaya qonşu olan ölkələri sakitləşdirmək istəyirdi. Putin bildirdi ki, Rusiyanın Azərbaycanla imzaladığı “müttəfiqlik haqqında bəyannamə” iki ölkə arasında münasibətlərdə yeni mərhələ olacaq.

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmış, Ermənistanın işğalına son qoymuşdu. Azərbaycan və Türkiyə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışdılar. Bu, İlham Əliyevin də dediyi kimi, iki ölkə arasındakı strateji müttəfiqliyin rəsmiləşdirilməsi idi. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcudluğunu böyük dövlətlər, o cümlədən Rusiya qəbul etmək məcburiyyətində qaldı. Bunu Rusiya prezidentinin müxtəlif açıqlamalarından da aydınlaşdırmaq mümkün idi.

Buna baxmayaraq, Kreml Şuşa Bəyannaməsindən narahat idi və Bakının Moskva ilə oxşar bəyanat imzalamasını istəyirdi. Rəsmi Bakı Rusiya ilə münasibətlərdə problem istəmirdi. Rəsmi Bakının Türkiyədən sonra Rusiya ilə “müttəfiqlik bəyanatını” imzalamaqda əsas məqsədi Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək idi. Azərbaycan bu ərəfədə Laçın dəhlizinə alternativ yol tikməliydi ki, Laçın şəhəri və ətrafındakı kəndlər Azərbaycanın nəzarətinə keçsin. Bundan başqa həmin ərəfədə ermənilər bir sıra yaşayış məntəqələrini boşaltmalıydılar, separatçılar tərk-silah edilməli və Qarabağın tamamında Azərbaycan qanunlarının icrası təmin olunmalı idi. Bütün bunların reallaşması üçün Rusiya Azərbaycana mane olmamalı idi. Azərbaycan üçün müttəfiqlik bəyanatının əsl mahiyyəti bundan ibarət idi”.

Təhlildə vurğulanıb ki, müttəfiqlik bəyanatı imzalansa da, Rusiya hərbi kontingentinin Qarabağda separatçılarla birgə fəaliyyəti, separatçıların hərbi texnikalarını qoruması Azərbaycanda narazılıq doğururdu:

“Buna baxmayaraq, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda reallaşdırdığı anti-terror əməliyyatına Rusiya mane olmadı. Bu baxımdan Moskvada imzalanan müttəfiqlik bəyanatının Azərbaycana faydası oldu. Ancaq sazişin bütün bəndlərinin işlək olduğunu söyləmək mümkün deyil. Misal üçün, sənədin 13, 14 və 15-ci bəndlərində bunlar yazılıb: “Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla, qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchizolunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar”.

Bu bəndə görə Azərbaycan Rusiyadan hərbi texnika almalıdır. Ancaq Azərbaycan son illər hərbi texnikanı tərəfdaş dövlətlərdən – Türkiyədən və İsraildən alır. Demək, sazişdəki həmin bəndin yerinə yetirilməsi çətindir. Digər tərəfdən Ukraynada müharibəni davam etdirən Rusiyanın özünün hərbi texnikaya ehtiyacı var. Bu vəziyyətdə Rusiyanın başqa ölkələrə silah və hərbi texnika satması mümkün deyil.

Sənədin 32-ci bəndində yazılıb: “Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər”. Bu bənddən belə çıxır ki, Rusiya Türkiyədə olduğu kimi, Azərbaycanda da atom elektrik stansiyası tikmək istəyir. Azərbaycana atom elektrik stansiyası lazımdırmı? Azərbaycan hökuməti alternativ – külək və günəş enerjisinə üstünlük verir.

Rəsmi Bakının Moskva ilə “müttəfiqlik bəyanatını” imzalamasında bir marağı da var idi. Azərbaycan Rusiya hərbçilərinin 1 ildən sonra Azərbaycan ərazisini tərk etməsini istəyir. İki il əvvəl imzalanan müttəfiqlik sazişinə görə, Kreml Bakının istəyini yerinə yetirməlidir. Saziş imzalanarkən Vladimir Putin İlham Əliyevlə görüşdə bunları demişdi: “Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz bütün silahlı qüvvələrimizi oradan çıxartıq”. Bu o deməkdir ki, Rusiya Azərbaycan rəhbərliyinin Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsi istəyini yerinə yetirməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 3 024          Tarix: 22-02-2024, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma