Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə Ermənistan olacaq. Görünür, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nəsə əldə etmək istəyir ki, erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah edə bilsin.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq “Paşinyana nə təklif oluna bilər” sualına belə cavab verib:
“Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tiflisdə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqlarının ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini demişdi. Aydındır ki, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır. O özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa, Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bu səpkili açıqlama səsləndirə bilər: “İrəvan Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər”.
Paylaş: