Qərbdən heç bir məcburiyyət yoxdur, Ermənistandan heç kim Rusiya ilə münasibətləri korlamayıb.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya açıqlamasında deyib.
“Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq, görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil”, - o bildirib.
Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb:
“Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. AB Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda (Rusiyanı nəzərdə tutur – red.) axtarmalıyıq”.
Paylaş: