Ekspert bildirir ki, Gürcüstan siyasi döyüş meydanına çevriləcək, amma...
Gürcüstan 26 oktyabr seçkiləri ilə bağlı taleyüklü bir həftəyə daxil olub. Azərbaycan üçün bu seçkilərin əsas əhəmiyyəti isə səsvermə günündən sonra qərb qonşumuzun üzləşə biləcəyi qarışıqlıq, mümkün siyasi kataklizmlərdir. Çünki Gürcüstan ərazisindən strateji əhəmiyyətli neft-qaz kəmərləri (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum) keçir. Rusiyada yaşayan erməniəsilli politoloq Karine Gevorkyan deyib ki, Gürcüstanda sabitliyinin pozulması son dərəcə təhlükəli ssenarilərə gətirib çıxara bilər.
Onun fikrincə, 2004-cü ildə Azərbaycan akvatoriyasında neft hasilatı ilə məşğul olan beynəlxalq konsorsium qərara gəlib ki, neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqlinə təhlükə yaranarsa, Güney Qafqazdakı hissəyə Azərbaycan cavabdehlik daşıyır: “Azərbaycanın hüququ var ki, Gürcüstanda vəziyyət qarışarsa, xüsusən də boru kəməri yaxınlığında təxribatlar və partlayışlar olarsa, əraziyə 10 minlik kontingent göndərsin”. Gevorkyana görə, bu, bütün ərazinin zəbt edilməsi anlamına gəlmir: “Bu, yalnız Gürcüstanın cənubudur, lakin kritik dərəcədə çətin vəziyyətdir. Sual olunur: Moskvada, Tehranda buna necə reaksiya verəcəklər?”
Erməni politoloqun iddia etdiyi kimi, Azərbaycanın belə bir öhdəliyi varmı? Azərbaycan, Türkiyə və Gürcüstan arasında əldə olunmuş razılaşmaya görə, hər il, növbə ilə üç ölkənin ərazisində xüsusi təyinatlıların ortaq təlimləri keçirilir. Hədəflərdən biri də ərazidən keçən strateji neft-qaz kəmərlərinin təhlükəsizliyini təmin etməkdir. Yada salaq ki, Gürcüstanda parlament seçkilərinə 6 gün qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçiriblər. Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək. Hazırda qərbpərəst prezident və vətəndaş cəmiyyəti “Gürcü arzusu”nun siyasətinə etiraz edir. Müxalifət hesab edir ki, hakim partiyanın addımları Avrointeqrasiya kursunu dayandırıb. Artıq ABŞ və Avropa Birliyi bu ölkəyə yardımları kəsib. Eyni zamanda iqtidarla Rusiya arasında təmaslar var və bu da tənqidlə qarşılanır. Ekspertlərə görə, Moskva-Tiflis yaxınlaşması Abxaziya, Cənubi Osetiya probleminin Gürcüstanın xeyrinə həllinə gətirib çıxara bilər. Odur ki, ölkənin strateji aqibəti 26 oktyabr seçkiləri və sonrası bəlli olacaq. Azərbaycana isə qonşusunda sabitlik lazımdır...
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya kəşfiyyatı Qərbin Gürcüstanda inqilab hazırladığını deməsinə baxmayaraq, ABŞ üçün Bakı-Tiflis-Ceyhan kəmərinin mühüm əhəmiyyət kəsb etdiyini düşünür. Onun fikrincə, Vətən müharibəsindən əvvəl erməni ordusu Tovuz təxribatlarına əl atmaqla neft-qaz kəmərlərinə təhdid yaratmışdı, lakin bu məsələ Qərb tərəfindən də müsbət qarşılanmadı. “Ona görə Gürcüstanda siyasi böhranın başlaması nəticəsində Qərbin enerji infrastrukturuna zərər vurmaq niyyətində olduğunu düşünmürəm”, - deyə professor belə qiymətləndirir.
Rusiya ilə ABŞ arasında Gürcüstan uğrunda rəqabətin getdiyini bildirən Q.Hüseynlinin sözlərinə görə, Cənubi Qafqazda strateji savaşın həlledici mərhələsindəyik: “Ermənistan iqtisadi əməkdaşlıqda Rusiya ilə işləməyə davam etsə də, siyasi və təhlükəsizlik sahəsində Qərblə məsləhətləşir. Bunun ardınca Gürcüstan yenidən Avropanın orbitinə yaxınlaşmağa nail olarsa, regionda Rusiyanın mövqeyinə təsir edəcək. Mənə elə gəlir ki, bu seçkidə iqtidar partiyası qalib gələcək. Bu da çoxminlik mitinqlərlə nəticələnəcək. Gürcüstan siyasi döyüş meydanına çevriləcək. Əgər müxalifət küçə hərəkatı ilə qalib gəlsə, ciddi bir siyasi krizis başlanacaq. Lakin iqtidar partiyası seçkilərin nəticələrinə istinad edəcək, etirazları zor gücünə yatıracaq, sonra Rusiya-Gürcüstan münasibətlərində yeni dövr başlanacaq”.
Q.Hüseynli Azərbaycanın neft-qaz kəmərlərinə görə təhlükəsizliyə cavabdeh olduğunu xatırladaraq zənn edir ki, hadisələr bu qədər kritik bir təhdid həddinə çatmayacaq: “Qərb bölgədə stabilliyin tərəfdarıdır. Bu neft-qaz kəmərlərinə təhlükə ABŞ və Avropanın marağında deyil. Düşünmürəm ki, Rusiya da bunu istəyir. Yəni 2008-ci ildə beş günlük müharibə dövründə belə hər hansı problem olmamışdı və enerji resursları nəql edilmişdi. Sadəcə, postsovet məkanında yarış gedir - Ukrayna, Moldova, Gürcüstan, Ermənistanda. Hər birində şərait fərqlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş: